Rusiyalı generalın Qarabağda nə işi var?


Son zamanlar cəbhədə artan gərginliyin fonunda maraqlı proseslər yaşanmaqdadır. Müdafiə Nazirliyi cəbhədə baş verənlərlə bağlı yayılan məlumatlara reaksiya verərək bəyan edir ki, saytlar qeyri-dəqiq informasiyalara yer veriblər. Istər Müdafiə Nazirliyi, istərsə də Mətbuat Şurası bu cür informasiya yayan saytlara xəbərdarlıq edib. Baş verənlərlə bağlı qəzet və sayt olaraq keçən il olduğu kimi bu il də yalnız rəsmi məlumatları yaymağa üstünlük veririk. Amma hər bir halda baş verənlərin fonunda istər Müdafiə Nazirliyinin narahatlığını, istərsə də bəzi məqamları görməmək mümkün deyil.

Serqun Ermənistana məsləhət verməyə gəlib?

Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Idarəsinin rəisi, general-polkovnik Iqor Serqun ötən gecə Ermənistan paytaxtına gəlib. Serqun Ermənistanın hərbi və siyasi rəhbərləri ilə görüş keçirəcək. Rusiyanın baş kəşfiyyatçısı regional və beynəxalq problemləri, o sıradan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ermənistanlı həmkarları ilə müzakirələr aparacaq.
Daha çox “QRU” adı ilə tanınan Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat Idarəsiÿkosmik və radoelektron da olmaqla bütün növ kəşfiyyat fəaliyyəti ilə məşğul olan əsas orqandır. Qurum birbaşa Rusiya Müdafiə nazirinə tabedir və dünyanın ən effektli kəşfiyyat orqanlarından biri sayılır (Modern.az).
Rusiyalı generalın cəbhədə gərginlik sürdüyü bir zamanda Ermənistana səfəri, heç şübhəsiz, təsadüfi deyil. Ikinci maraq doğuran məqam Qərbin son zamanlar Azərbaycanın ərazi büiövlüyünü diqqətdə saxlamasıdır. Avropa Palamentinin, Almaniya Bundestaqının, ATƏT-in Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyanatlarının fonunda baş verənlərə diqqət yetirin. Hiss olunur ki, Qərb Qarabağ münaqişəsini tez bir zamanda həll edərək regionu Rusiyanın nəzarətindən çıxarmağa çalışır. Sentyabrın 15-də BMT-də Qarabağla bağlı müzakirələrin keçirilməsi də bu baxımdan mühüm addım kimi dəyərləndirilməlidir. Digər tərəfdən, ATƏT-in amerikalı həmsədri Uorlikin işğal altında olan torpaqların Azərbaycana qaytarılmalı olduğu barədə söylədikləri də bir yenilikdir. Məhz bu addımların fonunda Rusiyanın Ermənistana həm siyasi, həm də hərbi dəstəyi artır.

Üzeyir Cəfərov: “Keçən il yol verilən yanlışlar bu il də təkrarlanır”

Hərbi ekspert Üzeyir Cəfərov mətbuatda yayılan dezinformasiyalara öz “facebook” səhifəsində münasibət bildirib. Cəbhədə baş verənlərlə bağlı mətbuatda yanlış məlumat yayanlara sərt iradlarını bildirən Ü.Cəfərov vurğulayıb ki, bəzi saytların keçən il yolverdiyi səhvlər bu il də təkrarlanır: “Şəxsən mənə çox maraqlıdır ki, iyulun 26-da ”Gülüstan" sarayında Milli Mətbuat günü ilə əlaqədar döşünə “Əməkdar jurnalist”, “Tərəqqi” medalı taxılan “media kapitanları”, nə bilim daha kimlər, nə tez unutdular ki, bu tipli vacib məlumatları axı onlar Müdafiə Nazirliyinə istinadən verməyə razılaşmışdılar? Ötən il Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dil-dil ötən, əslində dezinformasiyaları yayan sayt rəhbərlərinin “barıtı” elə bura qədərmiş? Hələ aktiv döyüş əməliyyatları başlamayıb, bu qədər naşılıq və xaotiklik yenə baş alıb gedir. Ay “tanklar cəbhədə ora aparıldı, toplar belə getdi” tipli məlumatlar yenə aləmi başına götürüb. Harda qaldı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin operativliyi? Yenə ötən ildəki naşılıq və kobud səvlər təkrarlanacaq?
Suallar çox, cavablar isə, təəssüflər olsun ki, hələ  yoxdur. Bu vəziyyətdə mənə ən çox təsir edən isə məxfiliyi qorumağa borclu olan müvafiq qurumların, xüsusən də mətbuatımızın yenə özünü çaşqın vəziyyətdə aparmasıdır.
Ölkə başçısı MN-nə, Mətbuat Şurasına, MTRŞ-ə və digər qurumlara müvafiq tapşırıqlar vermişdi. Bəs nə oldu? Gecə saatlarında baxıram Ermənistan saytları bizim “əməkdar jurnalistlərin” “məhsullarını” – dezinformasiyaları geninə-boluna “Azərbaycan mətbuatının yazdığına görə” kimi istinadla yayırdılar. Yəqin ki, səsi yaxın saatlarda çıxacaq.
Incimək lazım deyil, cənab media kapitanları. Siz müharibə şəraitində işləməyi nə özünüz bacarırsınız, nə də bu işi öyrənməyə heç cür həvəsli görünməyən bəzi əməkdaşlarınız. Sizin ötən il MN-nin rəsmiləri ilə – nazir müavini – Şəxsi Heyət Baş Idarəsinin rəisi general-leytenant Kərim Vəliyevlə keçirdiyiniz görüşlər də heç bir real nəticəsi olmadı".

“Cəbhədə nə baş verir?”

Politoloq Hikmət Hacızadə hesab edir ki, cəbhədə, regionda baş verənlərə həqiqətən də diqqət ayırmağa dəyər. Politoloqun fikrincə, baş verənlər Rusiyanın böyük oynunun nəticəsi də ola bilər: “Bəlkə də bu, tərəflərin bir-birini gərginlikdə saxlamaq cəhdidir. Amma eyni zamanda baş verənlər Rusiyanın Qarabağ planının tərkib hissəsi da ola bilər. Biz baş verənlərə açıq gözlə baxmalı və Rusiyanın yenidən nəzarətinə düşməməliyik. Yoxsa bu bizim müstəqilliyimizə böyük xələl gətirəcək”.
Qərbin münaqişənin həlli ilə bağlı son zamanlar aktivləşməsinə gəlincə, H.Hacızadə hesab edir ki, Rusiya Azərbaycanın münaqişə həll olunduqdan sonra tamamilə Qərbin tərəfinə keçəcəyindən narahatdır: “Qərbin isə atdığı addımlar onu deməyə əsas verir ki, münaqişənin həllinə çalışılır. Qərb Rusiyanın problemi həll etməsini istəmir. Çünki bu, regionun tamamilə Rusiyanın nəzarətinə keçməsi demək olardı. Ona görə problemin həlli ilə bağlı aktiv addımlar atılır”.

Xəyal