Milli Şura parlament seçkilərini müzakirə etdi FOTO VİDEO

Əli Kərimli: "Nəticəsi əvvəlcədən bəlli olacaq seçki adlı tamaşada rol almağa hazırlaşmırıq"

İyulun 24-də Milli Şura növbəti sessiyasını keçirib. Sessiyada ictimai-siyasi vəziyyət və qarşıdan gələn parlamnet seçkiləri müzakirə olunub. 

 
Milli Şuranın sədri Cəmil Həsənli çıxışında qarşıdan gələn parlamnet seçkilərinə toxunub və hazırda seçkilərin keçirilməsi üçün minimum şəratin olmadığını bildirib:
 
 
"Bu gün siyasi məhbusların real sayı qeyri-hökumət, insan hüquqları təşkilatları tərəfindən müəyyən olunmuş saydan daha artıqdır. Əlavə olaraq, siyasi məhbusların intellektual səviyyəsi, sosial vəziyyəti də bilavasitə seçkilərlə bağlı məsələdir. Bugünkü siyasi məhbusların demək olar ki, hamısı potensiyal namizədlərdir. Bunu ona görə xüsusi vurğulayıram ki, bu məhbuslar əvvəlki siyasi məhbuslardan böyük keyfiyyət fəqrinə malikdir. İkinci tərəfdən, bu adamlar müxtəlif ictimai-siyasi təşkilatları təmsil edirlər. Bu təşkilatların bir hissəsi seçkiyə gedəcəklərinin anonsunu verir, bir hissəsi bu istiqamətdə müzakirələr aparır. Mən ilk növbədə, Milli Şuradan başlamaq istəyirəm. Bilirsiniz ki, Milli Şura üzvülərinin xeyli hissəsi hazırda həbsxanadadır. Bunlar ictimai-siyasi həyatda aktiv olan adamlardır.  Ona görə də biz Milli Şura olaraq seçkidə iştirak qərarının qəbul olunmasında ilk növbədə, bu həssas məqamı dəyərləndirməliyik. 
 
Qəribə vəziyyət yaranıb. Hesab edək ki, AXCP bu gün siyasi mübarizənin mərkəzində dayanan partiyadır. Tam məsuliyyətlə demək istəyirəm ki, hakimiyyətə qarşı mübarizənin əsas siyasi mərkəzi Azərbaycan Xalq Cəbhəsi Partiyasından keçir. Hazırda partiyanın xeyli üzvü saxta ittihamlarla həbs olunub. Eyni zamanda, REAL hərəkatının lideri, NİDA-çı gənclər həbsdədir. Müsavat Partiyasından da həbsdə olanlar var. İslam Partiyasının sədri və xeyli inanclı insanlar da müxtəlif qondarma ittihamlarla həbs olunub. Bu sıralamanı mən ona görə vurğulayıram ki, bu şəraitdə seçkidə iştirak edib-etməməyin həssas məqamlarını müxalifət olaraq ciddi müzakirə edək.
 
 
Ölkədə sosial-siyasi vəziyyət əvvəlkindən xeyli pisdir. Baxmayaraq ki, ayın 13-də prezidentin keçirdiyi müşavirədə sosial-iqtisadi vəziyyətlə bağlı müəyyən rəqəmlər səsləndirildi. Yenə də Azərbaycanın iqtisadiyyatının, sosial həyatının, hətta kənd təsərrüfatının inkişafı ilə bağlı müəyyən rəqəmlər səsləndirildi. Mən sizi əmin edirəm ki, bunlar yalnız rəqəmlərdən ibarətdir. Real həyatda bu inkişaf yoxdur. Yəni, Azərbaycanın iqtisadi həyatının yüzdə səksəni neft üzərində dayanıb. Qeyri-neft sektorunda hökumətimiz bir istiqamət üzrə önə çıxmışdı. Penoplast istehsalı üzrə. Bilirsiz ki, ümumilikdə üç mindən yuxarı bina bu üzlüklərlə üzlənmişdi. Bunu xüsusi bir göstərici, qeyri-neft sektorunun inkişafı kimi təqdim etməyə başlamışdılar. Onun isə tüstüsü haradan çxdı və hara dirəndi hamımıza məlumdur.
 
Ölkənin kənd təsərrüfatında deyərdim ki, fəlakətli bir durum mövcuddur. Bu ölkə mövcud olandan bəri bu millətin gəlir mənbəyi torpaq olub. Yalnız bu gün torpaq Azərbaycan insanı üçün gəlir mənbəyi olmaq funksiyasını itirib. Bu, müxtəlif səbəblərdən belədir. Münbit torpaqların, su hövzələrinin vəzifəli şəxslər tərəfindən ələ keçirilməsi, yanacağın baha olması, kənd təsərrüfatı bazarının olmaması, daxili bazarın inkişaf etməməsi əsas səbəblərdir. 
 
Bütün göstəricilərə görə Azərbaycan cəmiyyəti, iqtisadiyyatı, ölkənin sosial həyatı geriləmə girdabına düşmüşdür. Bu geriləmə fonunda Azərbaycanın maliyyə ehtiyatlarının mənasız tədbirlərə xərclənməsi, onsuz da ağır olan vəziyyətin bir qədər də ağırlaşmasına gətirib çıxarıb. Avropa Oyunları ilə bağlı xərclənən vəsaitlə bağlı müəyyən mübahisələr oldu. Əvvəlcə 8 milyard rəqəmini dövrüyəyə buraxdılar, sonra xalqın qəzəbindən qoruxub, bundan imtina etdilər. Sonradan bu rəqəmin müxalifət tərəfindən uydurulmuş bir rəqəm olduğunu sübut etmək istədilər. Halbiki, belə deyildi.
 
Avropa Oyunlarına hazırlıq üzrə baş əməliyyat müvəkkili, Britaniya Olimpiya Komitəsinin sədri mart ayında xüsusi açıqlama ilə çıxış edərək Azərbaycanın bu oyunlara 6 milyard funt sterling həcmində maliyyə xərclədiyini bildirmişdi. Şübhəsiz ki, bu adam Azərbaycan hakimiyyəti ilə müqavilə əsasında burada işləyirdi və oyunlarla bağlı bütün işlərə rəhbərlik edir, o cümlədən maliyyə simetalarının tərtib edilməsi, maliyyə xərclərinin müəyyən olunması, işlənməsi kimi məsələlər də onun əlindən gəlib keçirdi. Ona görə də hakimiyyətlə razılaşmadan bu rəqəmləri səsləndirə bilməzdi. Bu bir nöz Avropa Oyunlarının əzəmətini avropalılara çatdırmaq üçün açıqlanmış bir rəqəm idi. Ölkədə maliyyə böhranı yaşandıqdan sonra hakimiyyət bu rəqəmdən imtina etdi və tədricən açıqlanan rəqəmləri müxalifətin üstünə transfer etməyə başladılar. 
 
Hələ statusu müəyyən olmayan bir idman tədbirinə 20 ildən artıqdır ərazisi işğalda olan bir dövlərin bu qədər vəsait xərcləməsinin heç bir anlamı yoxdur. Təbliğat aparırdılar ki,  guya bu oyunlar Qarabağın azad olunmasına yardımçı olacaq, ölkənin dünyada tanınmasına imkanlar yaradacaq. Lakin bu ümidlər heç biri doğrulmadı. Bu qədər xərcin müqabilində Azərbaycan hakimiyyəti Orta Asiya ölkəlri liderləri ilə Avropa Oyunlarını keçirməli oldu. Yəni, Avropanı təmsil edən siyasi dairələr faktiki olaraq, bu oyunları boykot etdi. Bu isə Azərbaycan hakimiyyətini tamamilə pərt vəziyyətə saldı. Əslində iyulun 23-də hökumətin iclasında dövlət başçısının bu cür əsəbi formada çıxış etməsi və Avropa strukturlarının, Avropa dövlətlərinin üzərinə bu formada getməsi də Avropa Oyunlarının siyasi mənada iflasa uğraması ilə bağlı idi.

 
 
 
Milli Şura Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli çıxışında bildirib ki, hazırda ölkədə ciddi sabitlik görüntüsü olsa da, azı bir neçə istiqamətdə böhran yaşanır:
 
Xarici siyasət iflas edib

İlk növbədə xarici siyasət sahəsinə diqqət etsək görərik ki, Azərbaycanın xarici siyasəti tam olaraq iflasa uğrayıb. Uzun müddət Azərbaycan xalqına balanslı siyasət kimi təqdim olunan nə Qərbə inteqrasiya etmək, nə də Rusiyanın himayəsinə düşməmək,  Azərbaycanı ayrıca bir avtoritar ada kimi saxlamaq siyasəti  özünü doğrultmayıb və son aylarda açıq-aşgar görünür ki, bu siyasət də iflasa uğrayıb.  Azərbaycan hakimiyyəti sürətlə təkcə anti- Qərb ritorikası deyil həm də anti qərb addımlar atır. Eyni zamanda Azərbaycan torpaqlarını işğal etmiş bugün də torpaqlarımızın işğalda saxlanılması üçün Ermənistanı silahlandıran Rusiyanın himayəsinə doğru addım-addım irəliləyir. Elə bügünlərdə Azərbaycanın hələlik dialoq partnyoru olaraq olsa da Şanxay əməkdaşlıq təşkilatilə iştirakı məlumatının verilməsi bu dediklərimizin sübutudur.  Əslində Azərbaycan Avropa Birliyinə də birbaşa üzv olası deyil. Söhbət AB ilə Assosiasiya sazişini imzalayıb onunla həmrəy olduğunu nümayiş etdirməkdən gedirdi. Amma Azərbaycan hökuməti bünü etmədi.  Lakin eyni statuslu hərəkəti Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətdə göstərdi. Deməli hakimiyyət özünün strateji seçimi müəyyən mənada anost etdi və Azərbaycanı Rusiyaya lazım olan dünya çevrələrində daha çox anti-Qərb birliyi kimi təqdim olunan bir birliyə aparıb əlavə etmək xətti götürdü.  Azərbaycan hökuməti son vaxtlar baxmayaraq ki, paradoksaldır ki, bir tərəfdən Qərb strukturları ardıcıl şəkildə Azərbaycanın ərazi bütövlüyünə dəstək bəyanatları  verirlər,  bugünlərdə Avropa Birliyi prezidentinin Bakıda keçirdiyi Mətbuat Konfransında çox açıq və birmənalı mövqe sərgiləndi.  Bundan öncə isə Avropa Birliyinin, Avropa Şurasının, ATƏT-nin, NATO-nun sənədlərində, Almaniya Bundestaqının sənədində, Dövlət Departamentinin hesabatında Azərbaycan torpaqlarının işğal olunması ilə bağlı bizim çoxdan arzuladığımız prinsipial mövqelər ardıcıl şəkildə ifadə olundu və paralel olaraq Qərb Azərbaycan xalqına yaxınlaşdıqca, ölkənin hüquqlarını etiraf etdikcə Azərbaycan  hökuməti də ölkəni Qərbdən uzaqlaşdırır. Çox paradoksal bir siyasətdir və təkcə bu sübut edir ki, bu gün Azərbaycan hökuməti  xalqını dövlətini realda təmsil etmir öz ailə hakimiyyəıtlərindən, öz şəxsi  bizneslərindən başqa onlar üçün hər hansı bir maraq yoxdu. Beləliklə ölkənin xarici siyasəti iflıasa uğrayir. Kürü diplomatiyası də keçmir, lobbi qrupları da artıq açiz qalib, blef də artıq alınmır,  hədə də keçmir. Beləliklə  Azərbaycan hakimiyyəti  ciddi şəkildə beynəlxalq billik tərəfindən təcrid olunur və çox təəssüf ki, özülə yanaşı, ölkə özü də təcrid olunur, böyük güclərdən aralanır. Bu Azərbaycan xalqı üçün ciddi bir təhdiddir.  Biz bu barədə xalqımızla açıq danışmalıyıq ki, bugün mütəmadı olaraq cəbhədə atəşkəsin pozulması haqqında  məlumatlar verilir. Cəbhədə atəşkəsin pozulmasını daxili siyasətin elementinə çeviriblər və bu barədə açıq şəkildə danışmaq lazımdır. Sankı buna bir şou kimi yanaşma var.  Ayrı-ayrı nazirlərin, dövlət rəhbərlərinin  reytinq toplama üsuluna çevrilib. Adamlar başa düşmürlər ki, odla oynayırlar. Və doğurdanda bu prosesin alovlanmasını istəyən Azərbaycan və  Ermənistan hakimiyyətinə patronluq edən,  onlara böyük qardaşlıq edən Rusiya bu atəşkəsin ciddi şəkildə pozulmasını, hər iki tərəfin ağır itki verməsini istəyir . Bu Rusiyadan başqa heç kəsə lazım deyil.  Azərbaycan hakimiyyəti də bu prosesdə çox diletand şəkildə  iştirak edir.   Əlbəttə məsələ təkcə bilməməkdən deyil, həm də nə qədər qeyri insanli olsa da, həmin prosesdən siyasi məqsədlə faydalanmaq da  göz qabağındadır. Azərbaycanda və Ermənistandakı xalqdan ayrı düşmüş avtoritar rejimlər öz hökumətlərini qorumaq üçün mütəmadı olaraq cəbhə bölgəsində Azərbaycandan Emrənistanda olan əsgərlərin həyatı bahasına mütəmadı olaraq danışılmış şəkildə  5-10 insan həyatına səbəb olan atışmalar edirlər.  Bununla da Ermənistandakı xunta hakimiyyətini, laxlamış rejimi möhkəmləndirirlər ki, demokratik proseslərin qarşısında Sarkisyan hökuməti möhkəm dayana bilsin . Eyni zamanda Azərbaycanda xalqın diqqətini mövcud sosial-iqtisadi problemlərdən ayırırlar. Qorxu içində saxlayırlar. Bütün dünyanı jantaj edirlər ki, “biz xalqımızı qırmaq bahasına, öz şəhər və kəndlərimizi dağıtmaq bahasına Qərbdən uzaqlaşa bilərik”.  Bu əsl ant-milli siyasətdir. Və bu siyasətə bizim tərəfimizdən qiymət verilməlidir.  Bu sadalanan təhükələr olduqca realdır. Xüsusilə Rusiyanın  istəklərini və strateji maraqlarını nəzərə aldıqda, bu siyasətin gerçək bi alova çevrilməsi ehtimalı görünəndir.

Sosial-iqtisadi böhran hökm sürür

Ölkədə çox ağır sosial böhran hökm sürür. Bir-birinin ardınca iş yerləri bağlanır. Tikinti sektoru tam iflasa uğrayıb. Kənd Təsərrüfatı sektoru, emal sektoru, ticarət xırda sahibkarlıq hamısı iflasa uğrayıb. Bank sektoru çökmək üzrədir. Dövlət şirkətləri olan Azərenerji, ARDNŞ, Dövlət Qaz Şirkəti, AZAL hamısı borcun içindədir. Bütün dövlət şirkətləri dövlət zəmanətilə milyardlarla borc alıblar və onları israfçılıqla, korrupsiya yolu ilə xərcləyiblər. O pulların hamısı dövlətin boynuna yüklənib. Biz bunları Azərbaycan xalqı ilə mütəmadi olaraq danışmalıyıq. O şirkətlərin borcları birbaşa dövlət borcları sayılmalıdır. Çünki onların hamısı dövlət zəmanətilə alınmış və arxasında Azərbaycan təminatı olan borclardır. Belə bir şəraitdə rezerflər tükənir. Qeyri neft sektorunda, investisiya qoyuluşunda, ölkəyə sərmayə gəlməsində düşüş davam edir, hökumət isə heçnə anti-böhran tədbirləri həyata keçirmək əvəzinə, korrupsiyanı, monopoliyanı heçolmasa müvəqqəti durdumaq, biznesi durdurmaq əvəzinə nə edirlər? Anti böhran tədbirləri nədən ibarətdir?  Bu tədbir Banditizmin sahibkarları yüz-yüz, min-min idarəyə aparmağından ibarətdir, bütün dünyadan dilənib kredit toplamaqdan ibarətdir. Nə mənası oldu? 15 günlük şouya  7-8 milyarlard xərcləndi. İndisə Səudiyya Ərəbistanı, Yaponiya, dünyanın hər yerini ələk-vələk edirlər ki, kredit toplasınlar. Niyə kreditlərə bu qədər məmnuniyyətlə gedirlər? Çünki uzunmüddətli planları yoxdu. Bu günlərdə sosial şəbəkələrdə bir gənc dəqiq ifadə etmişdi. Ölkənin hər bir sıra nəfəri, hər bir təcrubəsiz gənc də Azərbaycan hökumətinin siyasətinə qiymət verə bilir ki, hökumət “harda qırılar, qırılar” siyasəti aparır. Bu adamların uzunmüddətli strategiyaları yoxdu. Nə qədər imkan varsa kreditlər almaq, onları mənimsəmək, korrupsiya mexsniszmini axıra kimi işlətmək. Nəvaxtsa Azərbaycan xalqı öz dövlətinə sahib çıxmaq istərsə onların bir ayağı qaçaqdır. Onların hamısının ailə üzvləri həmin o söydükləri Avropada vətəndaşlıq alıb, biznesləri var, mülkləri var. Bu insanlar Azərbaycanl xilas etmək barədə düşünmürlər, Azərbaycanı axıra qədər sümürmək, talan etmək barədə düşünürlər. Belə bir vəziyyətdə Azərbaycan seçkiyə yaxınlaşır.

Hakimiyyətin sosial dayağı yoxdur

Üç aydan bir az artıq vaxt qalıb ki, Azərbaycanda parlament seçkiləri keçirilsin. Azərbaycnda bu seçkilərin hansısa bir ovqatı varmı? Ölkədə seçki yarışmasına şərait yaradan hansısa bir element varmı?. Təbii ki, yoxdur. Azərbaycanda siyasət məhv edilir.  Hökumətin legitimliyi düşdükcə, xalqın etimadını itirdikcə bu sahədə bunların tədbirləri nədən ibarətdir?.  Ələalmalar, şinikləndirmələr, harda imkan varsa qorxutmalar, təqib etmələr, təcrid etmək, siyasi müstəvini bağlatmaq.  Fikir verin, 800 nəfər jurnalist dünyada mətbuat yırtıcısı kimi tanınan bir dövlət başçısından mükafat almaq istəyirdi . Belə bir ölkədə bir qəzet, bir TV var ki, həqiqətləri deyir.  Bir Televiya kanalı bugün hansı məhrumiyyətləri yaşayır. Əgər yüzlərlə hakimiyyətin sözünü tutuquşu kimi təkrarlayan varsa nə olar ki, bircə qəzet, həftədə ikin saat proqram verən Azərbaycan saatı həqiqətləri söyləsin. Ona da dözə bilmirlər. Çünki insanlarımız həqiqətə acdırlar. Həmin o 7-8 TV kanalların 24 saat təbliğ etdikləri yalanları qəbul etmir xalq. Biz bunu bu yaxınlarda sosial şəbəkələrdə gördük. Siz hamınız gördünüz ki, İlham Əliyev tərəfindən mükafatlandırılan jurnalistlərə qarşı Azərbaycan xalqında hansi neqativ münasibət nümayiş olundu. Mən şəxsən əminəm ki, həmin o neqativ münasibət hökumətə olan münasibət idi. Əgər o münasibət məhz hökumətə olmasaydı, hakimiyyətə cəmiyyətin bu qədər neqativ münasibəti olmasaydı, həmin o hökumətin başçısından alınan mükafata bu qədər mənfi təpki olmazdı. Düşünərdilər ki, normal bir ölkədə xalq tərəfində seçilmiş bir prezidentdən mükafat almaq niyə bu qədər böyük təpkiyə səbəb olardı ki.  Əgər gerçəkdən də həmən o saxtakarların elan etdiyi kimi prezidentin 90 faiz reytinqi varsa, niyə bəs sosial şəbəkələrdə minlərlə od püskürən insanların qarşısına çıxıb o 90 faiz insana demədi ki, ölkə başçısının verdiyi mükafata niyə belə təpki göstərdiniz? Çünki yalan deyirlər. Sosial bazaları yoxdur. Yalnız qorxunun gücünə bu maşını davam etdirmək istəyirlər. Qorxunu artırmaqdan ötrü isə ardıcıl addımlar atılır.

Qənimət Zahidin nəslinə qarşı repressiya və Xədicə İsmayılın məhkəməsi

Bugünlərdə Qənimət Zahidin ailəsinə, nəslinə qarşı görünməmiş repressiya həyata keçirilir. Bu xəbərlər bütün dünyaya yayılır və Azərbaycan rüsvay edilir. İndi hansı zamandı ki, təqdidçi bir insana qaşrı onun siyasətlə maqraqlanmayan nəslindən qısas alasan? Bəlkə də heç indiyə kimi Qənimat Zahidin hazırladığı proqrama baxmayan qohumlarına qarşı sifarişli narkotik ittihamları irəli sürüb, ölkəni bütün dünyada biabır etməyə nə haqqınız var?. Biz hamımız  görürük ki, bu gün Azərbaycanın ən cəsur iki xanımına qarşı bütün əndazələri aşaraq hansı repressiv siyasət həyata keçirilir. Xədicə İsmayılın məhkəməsində nə oyun çıxarmışdılar.  Nə olacaqdı ki, məhkəmə biraz böyük salonda keçirilsəydi? Xədicə xanıma mənəvi-siyasi dəstəyini ifadə etmək üçün məhkəməyə sərbəst şəkildə gələ bilsəydilər nə olacaqdı ki?. Xədicə İsmayıldan bu şəkildə qisas almaq istəyirlər. Çünki Xədicə İsmayıl onların korrupsiya əməllərini ifşa edib.. Bütün dünya indi bu əməllərlə tanışdır. Belə bir şəraitdə ölkədə əlbəttə ki, hər hansı demokratik seçkin keçirmək üçün mühit yoxdur. Amma biz o mühitin yaranması üçün və ölkədə nəhayət seçki yarışması olması üçün səsimizi qaldırmalıyıq. Mənə elə gəlir ki, bugün bizim Milli Şura olaraq sessiyadan sonra cəmiyytə və hökumətə çox aydın şəkildə mesajlar verməliyik.

Qeyri-legitim parlament qeyri-sabitlik mənbəyidir

Bəli, biz Azərbaycanda hakimiyyət dəyişikliyinin yolunu yalnız demokratik seçkilərdə görürük.  Biz istəyirik ki, seçki olsun və Azərbaycan hökumətilə yarışaq.  Biz əminik ki, bu hökumətin parlamentə təyin etdiyi deputatların heç biri azad və ədalətli seçkilərdə heç biri mandat qazana bilməz. Bütün seçki dairələrində uduzmağa məhkumdurlar.  Baxmayaraq ki, ölkədə proporsianal seçki sistemi yoxdu deməli biz majoritar qaydada seçkiyə getməyə məcbur olacağıq.  Heçolmasa yarım demokratik bir mühit olsa, 2005-ci ildəki bir mühit olsa, bu adamların yenidən seçilmək şansları varml?. Əlbəttəki yoxdur. Nə olsun ki, bizim heç bir resursumuz yoxdu. Oturmağa ofisimiz belə yoxdur.  Hərtərəfli iqtisadi blokada şəraitindəyik. Amma biz xalqımızın dəstəyinə inanırıq. Biz yeni açılmış bizim üçün internet imkanlarından daha bacarıqla istifadə edəcəyimizə inanırıq. Biz inanırıq ki, hətta yarım demokratik şəraitdə belə hətta seçkinin imitasiyasında belə hökumətin təmsilçilərinə qalıb gələ bilərik.  Ona görə də biz seçki islahatı siyasi məhbusların azad edilməsini tələb edirik. Ölkənin bu qədər seçilmiş insanlarının həbsdə saxlanıldığı bir şəraitdə onların hər biri potensial millət vəkili ola-ola həbsdə saxlandığı bir şəraitdə demokratik seçki görüntüsü yaratmaq mümkün deyil. Nə Azərbaycan xalqı, nə dünya ictimaiyyəti bunu qəbul etməz. Seçki komissiyaları hansılar ki, onlar bütün seçkiləri saxtalaşdırıblar. Komisiyaların tərkibi dəyişməli, o insanlar oradan uzaqlaşdırılmalıdır. Biz bunu tələb edirik. Seçki məcəlləsindəki qeyri demokratik müddəalar, namizədlərin qeydiyyatı ilə, təşviqatla bağlı, TV-də reklamların aparılması ilə bağlı qeyri demokratik müddəalar dəyişməlidir. Biz bunu tələb edirik. Deyəcəklər ki, vaxt yoxdu. Seçkiləri ertələyin. Kimə lazımdır ki, bu şəraitdə keçirilən seçkilər? Kim tələb edir ki, bunu? Belə seçkilər olmasa yaxşıdır. Seçki islahatı olsun, ondan sonra bu işlər görülsun. Deyə bilərlər ki, hökumətin nəyinə lazımdır bu? Özləri məqsədli şəkildə bunu edirlər. Razıyam. Hakimiyyət də belə düşünür. Amma çox dar düşünürlər. Anlamırlar ki, o dövr artıq keçib. Azərbaycan çox dərin böhran ərəfəsindədir.  Bir anlıq düşünün ki, belə bir şərtdə ildən-ilə ölkədə böhran güclənəcək. İldən ilə narazıların sayı kütləvi şəkildə artacaq, beynəlxalq dayaqlar itirilib və itirilməkdə davam edəcək. Belə bir vəziyyətdə isə qeyri legitim parlament qeyri sabitlik mənbəyidir. Azərbaycan hökuməti başa düşməlidir ki, növbəti dəfə parlamenti zəbt etmək  Azərbaycanı düşünməmək deməkdir, Azərbaycanın altına qoyulmuş gec partlayan mina deməkdir və Azərbaycanı qarşıdakı illərdə qeyri sabitlik zolağına sürükləmək deməkdir. Elə bir şəratitə mütləq azacıq da olsa xalqın etimadı olan bir parlament olmalıdır ki, orada müzakirələr ketsin. Çözümlər parlamentdə axtarılsın, fikir mübadilələri, çıxış yolları məhz parlamentdə müzakirə olunsun. Bunların heç biri olmayacaqsa, indiki siyasət davam etdiriləcəksə azad sözü sona qədər sıxmaq, müxalifəti sarsıtmaq siyasəti sonra qədər davam etdiriləcəksə,  bu bir gün tez ya gec ölkəni ciddi sosial partlayışa doğru aparacaq. 

Xalqımızı xəbərdar edirik

Biz öz məsuliyyətimizi bildiyimizə görə xalqımızı buradan xəbərdar edirik. Eyni zamanda da üzərimizə müəyyən vəzifələr götürməliyik. Bizim vəzifələrimiz, ilk növbədə  qalan müddət ərzində seçki islahatı ilə bağlı tələblərimizi hər fürsətdə ifadə etmək olmalıdır. Biz tələblərimizlə xalqımızı dünyanı məlumatlandırmalıyıq ki, biz nə istəyirik, hansı şəraitdə seçkiyə getmək istəyirik.  Bu şəraitlər olmayacağı təqdirdə hamı bilməlidir ki, biz nətiscəsi əvvəlcədən məlum olan oyunda iştirak etməyəcəyik. Bunların Azərbaycan üçün verə biləcəyi fəsadlardan millətimizi xəbərdar etməliyik ki, onlar da səslərini bizim səsimizə qoşsunlar. Ən mühümü nəzərə alaraq ki, bugün haqq davasının, hüquq davasının ən çətin dövrü yaşanır və bu davanın ön cərgəsinə siyasi məhbuslar dayanır, onlara öz mənəvi dəstəyimizi ifadə etməliyik. Onları xalqımıza tanıtmalıyıq. Azərbaycan xalqı bilməlidir ki, siyasi məhbsular ona görə bu məhrumiyyətləri yaşayırlar ki, xalq gün görsün, həyatını dəyişə bilsin. Bu insnalar öz həyatlarını faktiki olaraq Azəbaycan xalqı naminə qurban verirlər. Biz bu kampaniyanı davam etdirməliyik. Və ən vacibi Azərbaycan hakimiyyətini öz alternativini sıradan çıxarmasına imkan verməməliyik. Biz hamımız bilirik ki, ən müxtəlif üsullarla AXCP və Milli Şuraya qarşı ən müxtəlif təxribatlar həyata keçirilir. Bu yeganə alternativi sıradan çıxarmaqdan ötrü hər cür vasitələrə əl atılır. Biz bu barədə də xalqımızla açıq danışmalıyıq.  Bir tərəfdən özümüzə o gücü görməliyik ki, biz bütün bunları dəf edəcəyik, digər tərəfdən də xalqımızla açıq danışıb dəstək istəməliyik ki, bügünkü rejimə qarşı tək alternativin sıradan çıxarılması da ölkəni həmən bəhs etdiyiiz xaosa sürükləyən bir ssenaridir. Ona görə də tək alternativi qoruyub saxlamalı, onu daha da gücləndirməliyik. Açıq danışmalıyıq ki, bütün bu proseslərin hamısı xalqın özünün meydana mübarizəyə qoşulmasına qədər davam edəcək.

Biz indi yayın istisində olmasa belə, bir gün Azərbaycan xalqını yenidən meydanlara çağıracağıq. Bizim mesajlarımız xalqa çatmalıdır ki, tək alternativ xalqı meydana çağıran zaman meydana gələk lazımır. Əks təqdirdə təəssüf ki , Azərbaycan  həddindən artıq neqativ prosesə doğru aparılır.  Bugunkü sesiyanın nəticəsi olaraq, Milli Şura Koorinasiya Şurasiına həvalə edə bilər ki, bizim seçkiyə münasibətimizi, tələblərimizi ifadə edən, dolayısı ilə bizim hansı tələblərimiz olaraq seçkidə iştirak edib etməyəcəyimizi bəlli edən bir sənədlə çıxış etsin.  Bizim mövqeyimiz  şəffaf olmalıdır və xaqlımız bunu öncədən görməlidir. Bilinməlidir ki, bizim seçkidə iştirak edib etməməyimiz qətiyyət mandat uğrunda deyil.  Biz prinsiplər dəyişiklik  uğrunda buna şans varsa bu seçki mübarizəsinə qatılacağıq. Yoxsa ki, hər şey əvvəldən bəlli olan seçkidə iştirak etməyəcəyik”.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli isə çıxışında hakimiyyətin beynəlxalq dəstəkdən məhrum olduğuna diqqət çəkdi:

"Bu yaxınlarda Almaniya Bundestaqı Azərbaycan ərazilərinin işğal faktı, Azərbaycanın qaçqınlarının vəziyyəti ilə bağlı Ermənistanı ittiham edən müdüalarla yanaşı, ölkəmizdə insan haqlarının vəziyyəti ilə bağlı çox açıq və sərt bir mövqe sərgilədi. Eyni zamanda, Avropa Şurası da insan haqları ilə bağlı nəhayət birmənalı mövqeyini ortaya qoydu. Yəni, beynəlxalq konyuktur göz önündədir.
 
Son prezident seçkilərində ATƏT-in seçkilərin monitorinqini aparmaq səlahiyyəti olan missiyası 58 faiz saxtakarlıq faktını qeydə almışdı. Əvvəlki seçkilərdə isə bu göstəricilər 23 və 32 faiz olmuşdu. Yəni dinamika o istiqamətdədir ki, belə saxtakarlıq faktları daha açıq şəkildə ortaya qoyulur. Mən əminəm ki, bu seçkilərdə də saxtakarlıq davam edəcəksə, ATƏT-in qiymətləndirmə missiyasının rəyi daha sərt, daha birmənalı olacaq. Mənə elə gəlir ki, Azərbaycan hakimiyyəti də bunun fərqindədir. Burada söhbət ölkənin beynəlxalq aləmdən təcridindən, ölkəyə qarşı ciddi addımların atılmasından gedə bilər. Bu, tamamilə realdır. 
 
Bzim seçkidə iştirakımızla bağlı bir məsələni xüsusi olaraq qeyd etmək istəyirəm. Bütün dünya Azərbaycanda seçkilərin nə demək olduğunu anlayır, seçki mühitinin olmadığını gözəl bilir. Ötən seçkilərdə seçkilrlə bağlı müsbət dəyərləndirməni yalnız Avropa Şurasının missiyası verdi. Artıq əminliklə deyə bilərəm ki, bu hal da olmayacaq. Çünki AŞPA öz mövqeyini ortaya qoydu, açıq və birmənalı şəkildə Azərbaycanda demokratiya və insan hüquqlarına dəstəyini ifadə etdi. Bu baxımdan beynəlxalq vəziyyət göz önündədir və beynəlxalq situasiya Azərbaycanda demokratiyanı, insan hüquqlarının inkişafını təşviq edəcək bir səviyyədədir.
 
Belə olan halda bizim seçki imitasiyasında iştirak etmək planımız yoxdur. Çünki bizim davamız mandat davası deyil. Biz, doğurdan da dəyişiklik istəyirik".
 
Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü, vəkil Namizəd Səfərov isə hakimiyyətin xalqdan qorxduğunu, ona görə də talanan sərvətlərin ölkədən çıxarıldığını bildirdi:
 
 
“23 il bundan öncə hakimiyyəti zəbt etmiş bir rejim, Azərbaycanda diktatura qurub və bu vəziyyət davam edir. Əlbəttə, bu rejim ona qarşı çıxan hər kəsi aradan gtürmək üçün bütün vasitələrə əl atır. Bu, çox təbiidir. Çox vaxt Azərbaycandakı rejimi Şimali Koreyadakı rejimlə müqayisə edirlər. Doğrudur, oradakı vəziyyəti hər kəs bilir. Lakin oradakı hakimiyyət Azərbaycandakından fərqli olaraq, ölkəni talamaq, sərvətləri xaricə çıxarmaq üçün mövcud deyildir. Bizim hakimiyyətin isə əsas məqsədi ölkəni talamaq, onu xaricə daşımaqdan ibarətdir.
 
Əlbəttə, onlar çox gözəl başa düşürlər ki, bir gün xalq qalxıb bunları devirəcək və törətdiyi əməllərə, taladığı sərvətlərə görə bunlardan hesab soracaq”.
 
Milli Şuranın üzvü, iqtiasdçi eksper Vahid Məhərrəmov da çıxışında qarşıdan gələn parlament seçkilrəinə diqqət çəkdi və ciddi islahatlar olmadan seçkiyə qatılmamağın tərəfdarı olduğunu bildirdi:
 
 
"Seçki islahatı aparılmadan, biz seçkiyə gedə bilmərik. Hardasa mühit yaratmaq, ardasa xırda dəyişikliklər etmək, müxalifətdən bir neçə nəfəri komissiyalara salmaq məsələləri həll etməyəcək. Məsələn, həkimlər xəstəlik əgər müalicəyə tabe olmursa, əməliyyata başlayırlar. Kənd təsərrüfatında torpaq əgər münbitliyini itiribsə, bitkiyə lazım olan qayğı yoxdursa, orada dərindən şum aparılır və üst qat alta çevrilir. Ona görə də ciddi islahatlar aparılmadan seçkiyə qatılsaq, biz bunların tələsinə düşə bilərik, bunların oyununda iştirak etmiş olarıq".

 
 
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli də İlham Əliyev haimiyyətinin azad və ədalətli seçki keçirmək niyyətində olmadığını vurğuladı:
 
 
"Mən hesab edirəm ki, bu parlament seçkiləri həm müxalifət üçün, həm hakimiyyət üçün, həm də cəmiyyət üçün bütövlükdə bir test olacaq. Əslində, hakimiyyət xarici siyasət kursunda dəyişiklik etməsə də, bunun son müşavirədə anonsunu versə də, amma daxili siyasi kursda seçimini etdi. Əgər əvvəllər Heydər Əliyev kursunda yumşaq güc tətbiqi var idisə, İlham Əliyev kursunda sərt güc tətbiqindən söhbət gedir.
Hakimiyyətin son addımları ilə parlament sçkilərinin nəticələrini proqnozlaşdırmaq olar. Hesab edirəm ki, İlham Əliyevin son müşavirədəki çıxışı, daha çox daxili ictimai rəyə hesablanmışdı. Eyni zamanda, bu çıxış, beynəlxalq təşkilatlara “parlamnet seçkilərində iştirak etməyin, mən bu seçkiləri özümün qəbul etdiyim daxili siyasi kursa uyğun keçirəcəyəm” mesajı idi".
 
Milli Şuranın üzvü, iqtisadçı ekspert Məhəmməd Talıblı isə ölkədəki iqtisadi böhrandan, bunun doğuracağı nəticələrdən danışdı:
 
 
"Biz onu nəzərdə tuturuq ki, dünyada həmişə qlobal böhran olub və bu böhran ölkə sərhədlərindən içəri daxil olub. Əslində, Azərbaycandakı bugünkü böhranın anatomiyası fərqlidir. Bu, ölkə daxilindəki dinamizmin olmamasından yaranan böhrandır. Yəni, idarəetmənin özünün yaratdığı böhrandır. Mən istiyərdim bu böhranı bir neçə istiqamətdə qruplaşdırım.
 
Ölkə əslində, neft hasilatının pik dövrünü geridə qoydu. Bizim neft gəlirlərindən faydalanığımız dövr yaxın keçmiş və indi olmalı idi. Amma bu, baş vermədi. Ölkə indiyə qədər əldə etdiyi neft gəlirlərini sürətlə xərcləyir. Bu, dövlət büdcəsi hesabına xərclənir, investitsiya layihələrinə xərclənir və bir neçə populiyar sosial layihələrə sərf olunur. 
 
Eyni zamanda, bu gəlirlər fonunda ölkə gələcək nəsilləri risk altında qoyaraq, böyük borclamalara gedir. Bu mənə, 70-80-ci illərin Nigeriya modelini xatırladır. O zaman böyük neft gəlirlərinə arxayın olan avtoritar Nigeriya hökuməti, sürətlə borclamaya girdi və nəticədə məlum oldu ki, son 25 ildə böyük neft gəlirlərini əldə edən bir hökumət, eyni zamanda, beynəlxalq maliyyə qurumlarına borclu qalıb. Bunun nəticəsi olaraq, ölkə əhalisinin 75-78 faizinin gündəlik gəlirləri 1-2 dolların arasına düşdü. Dünya Bankının gösətəricilərinə görə, o ölkələr yoxsul hesab olunur ki, adam başına düşən gündəlik gəlir, 1-2 dollar arasında dəyişir.İndi bizdə də oxşar vəziyyətdir. Bu, özünü nədə biruzə verir. 
 
Ölkə böyük neft gəlirləri əldə edir, eyni zamanda sürətlə xarici borclanmaya girir. Bu gün 6,3 milyard dollar xarici borcumuz var. Amma iri dövlət şirkətlərimiz vardır ki, onlar da dövlət zəmanəti hesabına böyük xarici borclanmaya girirlər. Bu isə ölkənin xarici borcunun yekun məbləğini böyüdür. Hətta böyük şirkətlərin dövlət zəmanəti altında götürdüyü xarici borcu nəzərə almasaq belə, 6,3 milyard dollar dövlət borcu hər bir doğulan vətəndaşın 630 dollar xarici borcla doğulması deməkdir. Əgər SOCAR-ın da götürdüyü borcları bura daxil etsək, bu, adambaşına 1000 dollar borc deməkdir".
 
Milli Şuranın üzvü, jurnalist Şahvələd Çobanoğlu da, siyasi vəziyyətin çox pis olduğunu, hakimiyyətin bu istiqamətdə heç bir müsbət addım atmasına inanmadığını bildirdi:
 
 
"Seçkiyə 3 ay müddət qalmasına baxmayaraq, heç bir seçki mühüti yoxdur. Biz bu istiqamətdə müzakirələrə başlayırıqsa, ciddi tələblərlə başlamalıyıq. Bütün hallarda, siyasi vəziyyətin ağır olduğu dövrlərdə də seçkiyə gedərkən ona fürsət kimi baxmışıq. Bu vəziyyətə də bir fürsət kimi baxmalıyıq, tələblərimizi irəli sürməliyik.
 
Çünki ölkədə çox ciddi siyasi məhbus problemi var. Onlarla bağlı tələblər səsləndirilməli, şərt kimi qoyulmalıdır. Və yaxud siyasi vəziyyətin dəyişməsi, seçki mühütünin yaradılması ilə bağlı da tələblərimiz olmalıdır. Düzdür, biz biliri ki, bu tələblərin yerinə yetirilməsi üçün imkanlar azdır. Biz bilir ki, bu az müddətdə seçki ilə bağlı vəziyyət dəyişməyəcək, siyasi durum dəyişməyəcək, amma bütün hallarda biz tələblərimizi səsləndirməliyik".
 
 
Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev Milli Şuranın parlament seçkilərinə münasibətini ifadə edən sənəd hazırlayıb müvafiq qurumlara göndərməyi təklif etdi: “Seçkilərdə iştirakla bağlı onu demək istəyirəm ki, ölkədə bu qədər siyasi məhbusun olduğu, heç bir normal seçki mühitinin olmadığı şəraitdə seçkidə iştirak imitasiya xarekteri daşıyar. Həmçinin seçkiləri müşahidə etmək üçün daxili QHT-lər təmami ilə məhv edilib. Biz bununla bağlı mövqeyimizi müdafıə edən bir sənəd hazırlayıb müvafiq qurumlara təqdim etməliyik”.

O.Gülalıyev vətəndaş cəmiyyətinə qarşı repressiyanın davam etməsinə də toxundu: “Bir necə kəlmə də siyasi məhbuslar haqqında demək istəyirəm. Son zamanlar belə fikir yaratmağa çalışırdılar ki, guya hakimiyyətin həbs etmək, işgəncə vermək qolunu daha çox şirnikləndirici təkliflərlə ələ alan qolu əvəz edir. Amma görünür bu tam belə deyil. Ələ ala bilmədiklərini həbs etməkdən, əzməkdən çəkinmirlər. Qənimət Zahidə qarşı represiyalar və eləcə də Taleh Xasməmmədovun absurd ittihamla yenidən 3 il müddətinə həbsə atılması buna misaldır”.