İllərdir həbsxanalardan, məhkumlarımızdan yazmağa məhkumuq. Illərdir Kürdəxanıya, Qobustana, Şüvəlana və ölkənin fərqli istiqamətlərinə gedən yolların arasında onlar da məhkum, biz də. Illərdir bu yollardan gəlib-keçən yüzlərlə insanın yazısı yazılıb ölkənin tarixinə. Bu ağır yolun yorğunluğuna dözməyib çəkilib gedəni də var, zor sınağın sonunda meydana tam başqa simada çıxanı da, heç bir halda təslim olmayıb inadla yola davam edəni də. Amma illərdir insanı canlı tutan bir həqiqət, bir gerçək var ortada. Bu meydan bir gün belə boş qalmayıb, ruhumuz ölməyib, gücümüz tükənməyib, ideallarımızdan vaz keçməmişik. Inanmışıq ki, o böyük gün gələcək, bir az gec olsa belə, mütləq gələcək. Ölkəni yenidən quracağıq, yeni düşüncəli və yüksək təhsilli bir nəsil yetişdirəcəyik, dünyanın parçası olan modern bir dövlət yaradacağıq. O gün hökmən gələcək. Kimsənin şübhəsi olmasın buna…
O gün gəlməlidir mütləq. Haqsızlığın, hüquqsuzluğun, zalımlığın bitməsi üçün. Qondarma məhkumluqlara, cəzalara, həbslərə, məhrumiyyətlərə son verilməsi üçün. Mənəvi intiharların, işgəncələrin, əzabların durdurulması üçün. Talanan, bazarlanan, soyulan ölkəmizin işıqlı sabahı üçün. Cinayətkarlarla bir hücrədə məhbusluq həyatı yaşayan cinayət işləməmiş, oğurluq etməmiş, bank yarmamış, adam öldürməmiş günahsız insanların xilası üçün. Insanların əzilməsinə hesablanmış bütün həbsxanaların, işgəncə yuvalarının, təcridxanaların ağzına kilid asılması üçün gəlməlidir. Keçən dəfə yazmışdım. Öz insanını çoxdan ən yüksək dəyər etmiş dünya ölkələri həbsxanalarının sayını azalda-azalda gedir. Bizim hökumətin düşmən gözündə gördüyü Almaniyada belə bu məsələnin həlli istiqamətində ciddi işlər gedir. Rəsmilərin açıqlamasına görə, həbsxanalarda məhkumların sayı kəskin azaldığından, bir sıra həbsxanalar qapadılacaq. Belə həbsxanalar sırasında hələlik Münhenqladbax (128 məhkum), Krefeld (72 məhkum) və Coesfeldin (42 məhkum) adı var.
Ünlü türk şairi Nəcib Fazilin zindandan oğluna yazdığı məktubdandır bu iki misra:
“Zindan iki heca, Mehmedim lafta,
Baba qatiliylə baban bir safta…"
Şeir o qədər təsirlidir ki, sona kimi oxuyunca insanın gözləri dolur. Insanın yerlə göy arasındakı haqsızlıq arasında boğulduğu bir məqam var. Yalançı, namərd, ədalətsiz bir hökmün qurbanı olduğun, zorun, şərin, dərəbəyliyin cəngində qaldığın bir məqam. Sözün bitməsə də, qolun bükülməsə də, ruhunu əsir almağı bacarmasalar da, bir əzici məngənəyə sıxarlar vücudunu. Bəlkə, vücudunun ağrısından çox “baba qatiliylə bir safta” olduğuna yanar canın. “Böyük yerlərə gəlmiş kiçik insanların” cılızlığına, nakəsliyinə, qisasçılığına yanar. Amma başından bəri tutduğun bir yol var, idealların, prinsiplərin var. O yolun həbslərdən, ağrı-acılardan, zorluqlardan keçəcəyini yaxşı bilirdin özün. Gözə almışdın, hesablamışdın bir gün bu sınaqlarla üzləşib imtahan ediləcəyini. Yaxşı bilirdin bu yolun daşlı, tikanlı, qasırğalı olduğunu…
Illərdir ölkə boyunca məhkəmələr gedir. Insanlar sıra-sıra məhkum olunur, cəza alır, heç bir günah işləmədən illərini həbsxana köşələrində çürüdüb çıxır. Sonra sıra başqalarına gəlir, cəmiyyətin fərqli təbəqələrindən olan bütün fəal insanlarına. Köhnə dava adamlarını yenilər əvəz edir, həbslər, məhkumlar təzələnir, dustaqxanalardakı siyahılar dəyişir. Amma yenə də əsl gerçək dəyişmir. Mübarizəmiz, davamız, yolumuz davam edir. Sona kimi davam edəcək də…