“Polad naziri” niyə işdən çıxarıldı?

Samir Cəfərovun «vurulması» ilə bağlı təfərrüatlar

Xəbər verildiyi kimi, iyulun 23-də ölkə başçısı Ilham Əliyev “Azərbaycan Polad Istehsalı Kompleksi” QSC-nin idarə heyətinin sədri Samir Cəfərovu vəzifəsindən azad edib. Bu fərman Azərbaycanın qara metallurgiya sənayesinin vəziyyətinə dair virtualaz.org saytının silsilə araşdırma yazılarından sonraya təsadüf edir.
Xatırladaq ki, sayt sənayenin bu mühüm sahəsini dirçəltməyə yönələn səylərin yetərsiz qaldığını göstərən faktları araşdırıb üzə çıxarıb və bu mövzuda bir neçə məqalə dərc edib.
“Azərbaycan Polad Istehsalı Kompleksi”ndən “Turan”a bildiriblər ki, dövlət başçısının fərmanı şirkətin əməkdaşları üçün tam gözlənilməz olub. Samir Cəfərov isə işdən çıxarılacağı haqda əvvəlcədən heç bir siqnal almayıb və dünənə qədər öz iş yerində imiş.
Samir Cəfərov Türkiyənin Uludağ və Hacettepe universitetlərində təhsil alıb, beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, magistr və doktor dərəcələrinə malikdir. Moskva Dövlət Universitetində elmi fəaliyyətlə məşğul olub. Türkiyədə metal emalı ilə məşğul olan şirkətdə məsul vəzifədə işləyib. Bir neçə ölkədə metallurgiya şirkətlərinin yaradılması ilə məşğul olub. Nəhayət, biznesə keçib. 2008-2014-cü illərdə isə Heydər Əliyev Fondunun Türkiyədəki rəhbəri olub.
“Azərbaycan Polad Istehsalı Kompleksi” isə 2013-cü ilin aprelində təsis edilib. Həmin il Iqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Yaponiyanın “Marubeni” korporasiyası ölkədə bir neçə müəssisənin əsasında yeni metallurgiya kompleksinin yaradılmasına dair texniki-iqtisadi əsaslandırmanı işləyib hazırlamaq üçün  cəlb edilib. Söhbət Daşkəsənin dəmir filizindən xammal kimi istifadə edən və Gəncədə yerləşən metallurgiya kompleksinin yaradılmasından gedirdi.
Lakin virtualaz.org-un araşdırması üzə çıxarmışdı ki, “Marubeni” şirkəti Daşkəsənin filiz yataqlarının ehtiyatlarının yeni metallurgiya kompleksinin uzunmüddətli və rentabelli fəaliyyəti üçün yetərli olmayacağına dair rəy verib.
Şirkətin rəyində göstərilirdi ki, Daşkəsən yataqlarında açıq üsulla filiz hasilatı yaxın 7-8 ildə tükənəcək, bundan sonra şaxta üsulu ilə hasilata başlamaq lazım gələcək. Lakin şaxta üsulu ilə hasilata başlamaq üçün yetərli geoloci kəşfiyyat məlumatları və texniki-iqtisadi əsaslandırma yoxdur.
Habelə araşdırmalar göstərirdi ki, bir neçə milyard dollar investisiya hesabına yeni metallurgiya kompleksinin yaradılması istehsal edilən məhsulun xarici bazarlarda rəqabətə davam gətirəcəyinə təminat vermir. Hərçənd ki, “Azərbaycan Polad Istehsalı Kompleksi” rəhbərliyi son vaxtlar bir-birinin ardınca press-relizlər yayaraq bu investisiyaların uzağı 4 ilə geri qayıdacağına inandırmağa çalışırdı.
Ancaq belə görünür ki, prezident ölkədə yeni metallurgiya kompleksinin yaradılmasına dair Iqtisadi Inkişaf Nazirliyinin hazırladığı layihədə ciddi qüsurların olduğunu müəyyən edib və bu sahədə dəyişikliklərə başlamağı qərara alıb.