Qənimət Zahidin qohumlarına qarşı “37-ci il” zülmü

Baş redaktorun qardaşı və əmisi oğlunun evində axtarış aparıldı; Əmisi oğlunun evindən narkotik "tapıldı"  

Həbs edilən Rüfət Zahidovun atası ölkə başçısı və daxili işlər nazirinə müraciət etdi

"Azadlıq" qəzetinin baş redaktoru və "Azərbaycan saatı" proqramının müəllifi Qənimət Zahidin ailə üzvlərinə qarşı repressiya davam edir. Dünən doğma kəndi olan Meysəridə onun qardaşlarının evində axtarış aparılıb. Polis axtarışı hansı əsasla apardığını açıqlamayıb. Paralel olaraq Qənimət Zahidin Şamaxı rayonu Qurdtəpə kəndində yaşayan əmisi oğlu Rövşən Zahidovun da evində axtarış aparılıb. Axtarış zamanı Rövşən Zahidovun evindən narkotik "tapılıb".

Qeyd edək ki, Rövşən Zahidov bir neçə gün qabaq 25 sutka inzibati həbs cəzası verilib və hazırda o, təcridxanadadır.
Onun evində axtarış aparıb, guya narkotik tapmaları deməyə əsas verir ki, Rövşən Zahidovun vəziyyətini ağırlaşdırmaq, barəsində cinayət işi başlatmaq istəyirlər.

Hazırda Qənimət Zahidin qardaşı oğlanlarından biri Rüfət Zahidov da narkotiklə şərlənərək həbs edilib. Onun digər qardaşı oğlu Tural Zahidov isə polisə müqavimət ittihamı ilə 30 sutka həbs olunub.

Qohumlarına qarşı bu total repressiya şübhəsiz ki, Qənimət Zahidin fəaliyyəti ilə bağlıdır. Onun özü də baş verənləri xüsusən "Azərbaycan saatı" proqramına görə onu cəzalandırmaq istəyi kimi qiymətləndirir.

Rüfət Zahidovun atası Fərasət Zahidov ölkə başçısı İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova qəzetimiz vasitəsilə müraciət edib. Fərasət Zahidov ölkə başçısı və daxili işlər nazirinin diqqətinə çatdırıb ki, o və qohumları siyasətlə məşğul olmur. "Mən və ailə üzvlərim siyasət adamı deyillər. Oğlum və qohumlarımın həbsi qardaşım Qənimət Zahidin ictimai-siyasi fəaliyyəti ilə bağlıdır. Amma onun fəaliyyətinin bizə aidiyyəti yoxdur. Bir daha qeyd edirəm ki, bizim belə bir fəaliyyətimiz yoxdur.

Digər tərəfdən oğlum həbs olunandan bəri onunla görüşmək mümkün olmayıb. Vəkil işi aparan müstəntiqi tapa bilmir. Sizdən bütün bunları nəzərə almağı xahiş edirəm", – deyə Fərasət Zahidov bildirib.

Qənimət Zahid bir neçə gün əvvəl qohumlarına qarşı represiyya ilə bağlı bəyanat yayaraq bu cür üsullarla onu mövqeyindən çəkindirməyin mümkün olmadığını bildirib.