AZAL və SOCAR da özəlləşdirilə bilər

Hökumət yeni maliyyə mənbələri axtarır

“2013-cü ildən başlayaraq, dövlətin büdcə xərcləmələri azalmaqda davam edir. Əgər əvvəlki il üzrə qeydə alınan azalma büdcə prioritetlərindəki dəyişikliklə bağlı idisə, bu ildə gözlənilən dəyişikliyi maliyyə sistemində yaranmış və getdikcə ciddiləşən problemlər şərtləndirəcək”. Bunu ADR hərəkatının lideri, iqtisadçı alım Qubad Ibadoğlu yazıb.

Qubad Ibadoğlu: “Mümkündür ki, iri vergi ödəyicilərindən – ”Azərenerji", “Azərsu”, Xəzər Dəniz Gəmiçiliyi, “Aztelekom”, “Azal” kimi şirkətlər də özəlləşdirməyə çıxarılsın"


Qubad Ibadoğlunun “Facebook”da paylaşdığı fikirlərini təqdim edirik: “Dünən Maliyyə Nazirliyi və Neft Fondunun 6 ayın yekunları ilə bağlı açıqlamaları ölkənin fiskal durumunun çətinliklərini aşkara çıxarmağa və qiymətləndirməyə imkan verir. Bu il üçün büdcəyə 19 milyard 438 milyon manat vəsait yığmağı planlaşdıran hökumət ilin 1-ci yarısında onun 7 milyard 807 milyon 200 milyonunu və ya 40 faizini təmin edib. Proqnozun icrasında başlıca çətinlik Neft Fondundan gözlənilən transfertlərin azalmasıdır. Belə ki, bu il ərzində büdcəyə 10 milyard 388 milyon manat köçürmək öhdəliyi olan Neft Fondu ilin 6 ayında onun 3 milyard 562 milyon manatını və ya üçdə birindən bir az artığını transfert edib. Çünki, Neft Fondunun özünün də gəlirləri ilin 1-ci yarımilliyində 4 milyard 54 milyon manat olub ki, bu da proqnozlaşdırılan vəsaitin 40 faizindən də azdır. Göründüyü kimi, həm dövlət büdcəsində, həm də Neft Fondunun büdcəsində icra faizi 40-ı ötə bilməyib. Deməli, mədaxilin təminatında eyni səviyyədə icra vəziyyətinin xarakterizə edən bu asılılıq birbaşadır və Neft Fondunun gəlirləri azaldıqca, dövlət büdcəsinin xərcləmələrində də problemlər çoxalacaq. Çıxış yolunu kiçik və orta vergi ödənişlərini inzibati qaydada sıxmaqla büdcəyə əlavə vəsait cəlb etməkdə görən hökumət buna ilin ilk 6 ayında nail olsa da, sonrakı aylarda eyni metodla istədiyi effekti ala biləcəyi real görsənmir. Bu halda hökumətin başqa bir alternativə müraciət edəcəyi də istisna olunmur. Belə ki, hazırkı situasiyada və gələcəkdə daha da pisləşən durumda büdcəyə vəsait cəlb etməyin yollarından biri də özəlləşdirmədən əldə edilən gəlirlər ola bilər. Bu halda hətta ARDNŞ-nin də səhmləşdirilməsi və sonradan səhmlərinin satışa çıxarılması gündəmə gələ bilər. Mümkündür ki, ondan qabaq digər iri vergi ödəyicilərindən – ”Azərenerji", “Azərsu”, Xəzər Dəniz Gəmiçiliyi, “Aztelekom”, “Azal” kimi şirkətlər də özəlləşdirməyə çıxarılsın. Çünki, onların çoxu hazırda büdcə qarşısında olan cüzi vergi öhdəliklərini belə yerinə yetirə bilmir və ildən-ilə vergi borcları ilə yanaşı kreditor borclarını da artırır. Çox güman ki, Azərbaycan Beynəlxalq Bankı böyük özəlləşdirmə siyasətində sınaq-təcrübə funksiyasını yerinə yetirəcək".
Iqtisadçının təklifindən görünür ki, o, yaranmış vəziyyətdən çıxış yolu kimi məhz iri təbii inhisarçıların özəlləşdirilməsində görür. Əslində bu daha məntiqli və sağlam yol sayılmalıdır.

Samir Əliyev: “Obyektivlik, şəffaflıq olmayan zaman iri şirkətin özəlləşdirilməsi onun inhisarçı bir qrupun əlinə keçməsinə səbəb ola bilər”

Iqtisadçı Samir Əliyev isə bildirdi ki, Azərbaycanda iri şirkətlərin özəlləşdirilməsi həmişə gündəmdə olub. Bunu Beynəlxalq Bankın özəlləşdirilməsində hazırda müşahidə etdimizi deyən S.Əliyev vurğuladı ki, bankın özəlləşdirilməsi həmişə istənilsə də, prosesin özü göstərir ki, nəticələr heç də həmişə istənilən kimi olmaya bilər: “Söhbət ondan gedir ki, obyektivlik, şəffaflıq olmayan zaman iri şirkətin özələşdirilməsi onun inhisarçı bir qrupun əlinə keçməsinə səbəb ola bilər. Bu baxımdan düşünürəm ki, bütün dövlət obyektlərinin özəlləşdirməyə çıxarıla biləcəyini söyləmək çətindir. Eyni zamanda ”Azərenerji", “Azərsu” kimi şirkətlərin fəaliyyətini məhdudlaşdırmaq olar. SOCAR-a gəldikdə isə, bu məsələ bir müddətdir müzakirə olunur. Amma proseslər göstərir ki, hökumət SOCAR-ı özələşdirməkdə maraqlı deyil".
SOCAR-ın özələşdirilməsini indi bir o qədər də aktual hesab etməyən S.Əliyev vurğuladı ki, bu şirkət bazarda rəqabət mühitini pozmur: “Bank sektorunda biz Beynəlxalq Bankın rəqabət mühitini pozduğunu deyə bilərik. Amma eyni sözləri SOCAR barədə deyə bilmərik. Neft hasilatı sahəsində SOCAR yeganə şirkətdir. Bundan sonra bu sahədə başqa şirkətlərin olması gözlənilmir. Gələcəkdə SOCAR-ın perspektivi də sual altındadır. Çünki şirkət həddindən artıq böyük borclanmaya gedib”.
Xəyal