“Məni o, həbsdə saxlatdırır… Məqsəd ailə biznesi barədə araşdırmalarımın qarşısını almaqdır"
“Həbsxanada özümü lap Kəmaləddin Heydərov kimi hiss edirəm”
"Müstəntiqlərə "Adam kişi olar" məzmunlu məktub göndərdim"
Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist, "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovanın işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İclasda iştirak etmək üçün məhkəmə binasının qarşısına prosesi işıqlandırmaq istəyən media nümayəndələrilə yanaşı, Xədicə İsmayılovanın dostları, həmkar dəstəyi nümayiş etdirməyə gələn jurnalistlər, vətəndaş cəmiyyətinin fəalları, siyasi partiya təmsilçiləri, diplomatik missiya nümayəndələri də toplaşmışdı. Onların arasında Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və partiya rəhbərliyinə daxil olan şəxslər də vardı.
Təxminən 30 nəfərlik tutumu olan məhkəmə zalı dolandan sonra narazılıq yarandı. Çünki prosesi izləməyə gələnlərin böyük əksəriyyəti zala daxil ola bilmədi. Narazı qalanlar alqışlamaqla və "Xədicə, Xədicə" şüarları səsləndirməklə etirazlarını bildirdilər.
Məhkəmə prosesinə sədrlik edən hakim Ramella Allahverdiyeva əvvəlcə Xədicə İsmayılova ilə bağlı anket məlumatlarını dəqiqləşdirib, ondan məhkəmə bildirişini, ittiham aktının surətini alıb-almadığını soruşub. Xədicə İsmayılova bu sənədləri aldığını təsdiqləsə də, ümumiyyətlə, istər istintaq orqanı, istərsə də məhkəmədən göndərilən məktubların ona çox gec çatdırıldığını bildirib: "Görünür, ya məktubların sayı çoxdur, ya da bunlar bizim təcrid olunmağımıza o qədər enerji sərf edirlər ki, öz işlərini görməyə vaxtları qalmır. Cinayət Prosessual Məcəllənin 361-ci maddəsinə görə, ən geci 1 gün sonra məktub çatdırılmalıdır. Ancaq mən ən tezi 6 gün sonra alıram. Hesab edirəm ki, vəzifələrini yerinə yetirməkdənsə, bizim təcrid olunmağımıza həddindən artıq enerji sərf edirlər. Məni kameradan çıxaranda dəhlizlərdə elə bir vəziyyət yaradırlar ki, özüm də çaşıb qalıram. Çalışırlar elə mühafizə eləsinlər ki, ətrafdakılar məni görməsin, mən də heç kimi görməyim. Özümü lap Kəmaləddin Heydərov kimi hiss edirəm. Dəhlizi tamamilə boşaldırlar. Bu qədər enerji sərf eləməyə nə ehtiyac var? Ondansa, amnistiya elan eləyib, məhbusların sayını azaltsınlar, hamısını buraxıb, ancaq siyasi məbusları saxlasınlar, bu qədər də əziyyətə düşməsinlər.
Məktubların gec çatdırılması barədə iradlarımdan sonra saxtakarlığa əl atdılar. Təsəvvür edin, Ali Məhkəmənin 22 iyulda göndərdiyi məktubu guya 13 iyulda qəbul edilmiş kimi rəsmiləşdiriblər".
Xədicə İsmayılova eyni zamanda, ibtidai istintaqın əvvəlində hüquqlarını müdafiə etmiş vəkil Yalçın İmanovun yenidən müdafiəçi qismində prosesə buraxılması barədə vəsatət qaldırıb: "Mənə həbs olunarkən verilən birinci ittiham 125-ci maddə ilə idi. Həmin vaxt vəkillərim Elton Quliyev və Yalçın İmanov olub. Yəni onlar ilk gündən işin içində olublar. Sonradan işlər birləşdirildi və Yalçın İmanov müdafiəçi kimi işdən uzaqlaşdırıldı. Səbəb də onun nə vaxtsa "Azadlıq" radiosuna xidmət müqabilində pul alması göstərildi. Bundan sonra o, işə şahid kimi cəlb olundu. Halbuki, onun şahid kimi mənimlə bağlı işə heç bir aidiyyatı yoxdur. Baxmayaraq ki, Yalçın İmanov başqa işlərdə mənim vəkilimdir, amma onunla telefon əlqəsi saxlamağıma belə, imkan verilmir. Xahiş edirəm, Yalçın İmanov yeni müqavilə ilə müdafiəçi qismində bu işə buraxılsın".
Ardınca hakim Xədicə İsmayılovadan məkəmə tərkibinə etirazının olub-olmadığını soruşub və jurnalistin cavabı belə olub: "Mən sizi Əvəz Zeynallıya oxuduğunuz hökmdən tanıyıram. Bilirəm ki, bu hökm də o hökm kimi sifarişli və qərəzli olacaq. Ümumiyyətlə, Azərbaycan məhkəmə sistemində bulaşmamış hakim yoxdur. Siz də bulaşmısız. Siz də sifarişlə hökm çıxarırsız və çıxaracaqsız".
Hakim onun sözünü kəsərək məhkəmə tərkibinə etiraz edib-etmədiyi barədə konkret cavab istəyib. Xədicə İsmayıl belə cavab verib: "Etiraz etməyin mənası yoxdur…"
İş üzrə dövlət ittihamını müdafiə edən prokuror Ramazan Hadıyevin təqdimatı da maraqlı olub. Hakim bu haqda məlumat verəndə jurnalist soruşub:
– Rüstəm Usubovu o təmsil edəcək?
Ramazan Hadıyev:
– Mən Baş Prokurorluğu təmsil edirəm.
– Məsələ burasındadır ki, ittiham aktına Rüstəm Usubov imza atıb.
Bu zaman məhkəmə zalında çöldə səslənən "Xədicə!", "Xədicə!" şüarları eşidilib. Xədicə İsmayılova buna əli ilə qələbə işarəsi göstərməklə və gülümsəməklə cavab verib.
Hakim də çöldən gələn səslərin kəsilmədiyini görüb, reaksiya vermək məcburiyyətində qalıb: "Yer olsa, hamını buraxardıq".
Xədicə İsmayılova:
– Deməli, məhkəmədə iştirak etmək istəyənləri yerlə təmin etmək lazımdır. Məgər Cinayət Prosessual Məcəlləsi sizə başqa yerdə məhkəmə keçirməyə icazə vermir? Sovet vaxtı böyük məhkəmələr başqa məkanlarda keçirilirdi.
Bundan sonra Xədicə İsmayılovanın Yalçın İmanovla bağlı vəsatəti müzakirəyə çıxarılıb və vəkilləri də jurnalistin vəsatətini dəstəkləyib. Lakin prokuror vəsatətin əleyhinə çıxıb.
Ramella Allahverdiyeva, Novruz Kərimov və Tamilla Nəsrullayevadan ibarət hakimlər heyəti vəsatəti müzakirə etmək üçün müşavirəyə gedib və təxminən 3-4 dəqiqədən sonra qayıdaraq, onun təmin edilmədiyi barədə qərarı elan edib. İki səhifəlik qərarın 2-3 dəqiqəyə hazır olması Xədicə İsmayılovanı təəccübləndirib və onunla hakim arasında belə bir dialoq olub:
– Bunları indi yazdınız, yoxsa qərar əvvəldən hazır idi?
– Biz bunu sizə deməməliyik.
– Bravo, sürətinizə heyranam…
Daha sonra vəkil Fariz Namazlı Xədicə İsmayılova barəsində cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Bildirib ki, ona qarşı irəli sürülən ittihamların heç biri təsdiqini tapmayıb.
Vəkilin digər vəsatəti bir sıra şahid ifadələrinin yolverilməz sübut kimi iş materiallarından çıxarılması haqda olub. Həmin şahidlər arasında iş üzrə zərərçəkmiş qismində tanınan Tural Mustafayevin yaxınları da var. Vəkil vəsatətini əsaslandırarkən bildirib ki, həmin şahid ifadələri Tural Mustafayev və onun atasının dediklərinə əsaslanır, yəni, dindirilən adamların birbaşa özünə aid fikirlər deyil.
Prokuror Ramazan Hadıyev bu vəsatətə münasibət bildirərkən onun əleyhinə çıxmaqla yanaşı, əlavə edib ki, burada açıq məhkəmə prosesi keçirilir. Bütün şahidlər gəlib hamının gözü qarşısında ifadə verəcək, insanlar da həqiqəti biləcək.
Jurnalistin digər vəkili Fəxrəddin Mehdiyev cinayət işinə xitam verilməsi barədə vəsatət bildirərkən qeyd edib ki, Xədicə İsmayılova yaradıcı fəaliyyətlə məşğul olub, bunu sahibkarlıq kimi qiymətləndirmək son dərəcə yanlışdır: "Bu iş başdan ayağa cəfəngiyyatdır, hüquq elminin özünə yanaşmada ciddi və təəccübləndirici səhvlərə yol verilib".
Xədicə İsmayılova özü də vəkilinin onun barəsində cinayət işinə xitam verilməsilə bağlı vəsatətinə münasibət bildirib: "Eyni uğurla "Azadlıq" radiosunun təmizlik işlərinə baxan Mətanət xalanı da həbs eləmək olardı. Onun maliyyə işlərinə aidiyyəti nə qədər olubsa, mənimki də o qədər olub. Əgər sizin iş materiallarına göz atmaq imkanınız olubsa – buna əmin deyiləm, amma ümid edirəm ki, olub – orada mənim "Azadlıq" radiosu ilə Bakı bürosunun rəhbəri qismində müqaviləmi görərdiniz. Müqaviləyə əsasən, mənim maliyyə ilə bağlı sərəncam vermək səlahiyyətim olmayıb. Vəzifəli şəxsin bankda imza nümunələri olur, mənim olmayıb. Mən büro rəhbəri kimi, yaradıcılıq məsələləri, gündəlik işin təşkili ilə məşğul olmuşam. Hətta maliyyə məsələlərilə bağlı cinayət hadisəsi baş versəydi belə, onun subyekti mən ola bilməzdim. Məndən əvvəl büro rəhbərlərinə etibarnamə verilib, ancaq mənə belə bir etibarnamə də verilməyb. Görünür, nə Azərbaycan hökuməti mənə etibar edib, nə də "Azadlıq" radiosunun rəhbərliyi. Elə mən özüm də əvvəlcədən demişdim ki, yalnız yaradıcılıq işləri ilə məşğul olacam. Ədliyyə Nazirliyində də olan nizamnamədə göstərilib ki, büro rəhbəri maliyyə işlərini yalnız xüsusi etibarnamə əsasında görə bilər. Jurnalistika fəaliyyəti lisenziya tələb olunan fəaliyyət deyil. Jurnalistika azad fəaliyyətdir. Senzura da rəsmən ləğv olunub. Mən həmişə çalışıram ki, qanunlara tabe olum. Qanunlar da jurnalist faliyyəti ilə məşğul olmağa görə lisenziya tələb etmir. Lisenziya tələb edən fəaliyyət radionun FM-də yayım məsələsi ola bilərdi. Biz yaradıcı materialların hazırlanması ilə məşğul olmuşuq. 2010-cu ildə mən büro rəhbərliyindən getməmişdən bir neçə gün əvvələ qədər Vergilər Nazirliyi radioda yoxlamalar apardı. Əgər hansısa problem olsaydı, deyərdilər, yoxlama aparanlar xalamoğlu deyildi ki…
Cinayət Məcəlləsinin 125-ci maddəsilə verilən ittihama gəlincə, Tural Mustafayev özü də bildirdi ki, təzyiq altında şikayət ərizəsi yazıb. Mən əvvəldən də bilirdim ki, o, təzyiq yolu ilə buna məcbur edilib. Ona görə də bu barədə çox danışmamağa çalışırdım. Çünki insanların zəif durumundan istifadə edib, onları vicdanı ilə sınağa çəkmək sizin təcrübənizdir, bizim yox. Biz insanların azad olması üçün çalışırıq. Təəssüf edirəm ki, hamını qoruya bilməmişik, o cümlədən Tural bəyi. Hamını qorumağa gücümüz çatmır və ona görə də belə hadislər olur".
Bu çıxışı zamanı Xədicə İsmayılova özü də daha bir vəsatət qaldıraraq, iş materiallarının surətinin ona verilməsini istəyib: "Mənə cinayət işinin materialları ilə tanış olub qeydlər götürmək yox, sadəcə vərəqləmək imkanı yaradılıb. Mən qeydlər götürmək istəyəndə dedilər ki, istədiyim bütün səhifələrin surətləri veriləcək. Çünki tələsirdilər. Tələsməklərinin də səbəbi o idi ki, bir sıra ittihamlar üzrə 7 illik cəlbetmə müddəti bitirdi. Sonra mən istintaqa vəsatət verərək, bir sıra sənədlərin surətini istədim. Vəsatət də konkret siyahı da göstərdim. Mənə 9 iyul tarixli məktubla cavab verdilər, onda da iş materialları artıq məhkəmədə idi. Ona görə də artıq heç nə edə bilməzdim. Belə olan halda, mən də müstəntiqlərə təxminən "Adam kişi olar" məzmunlu məktub göndərdim. 30 iyunda müstəntiqlər təcridxanaya gəldilər və bildirdilər ki, istədiyim sənədlərin surətini vəkillərə verəcəklərr. Amma bunu da etmədilər. Ümid edirəm ki, məhkəmə bunu edəcək və lazım olan iş materiallarının surətini vəkillərimə verəcək".
Hakim sənədlərin surətlərinin verilməsilə bağlı vəsatəti açıq saxlayıb. Bildirib ki, Xədicə İsmayılovanın istintaqa təqdim etdiyi sənədlər siyahısı bir daha nəzərən keçirilcək, hansını vermək mümkündürsə, veriləcək.
Cinayət işinə xitam verilməsi və bir sıra şahid ifadələrinin sübutlar siyahısından xaric olunmasına dair vəsatətlər isə təmin olunmayıb.
Vəkil Fariz Namazlının növbəti vəsatəti isə Tural Mustafayevin bir müddət əvvəl yaydığı video-müraciətin sübutlar siyahısına daxil edilərək, tədqiq edilməsi haqda olub.
Tural Mustafayev özü də vəsatətə münasibət bildirkən bir daha təsdiqləyib ki, Xədicə İsmayılovaya qarşı şikayət ərizəsini təzyiq altında yazıb: "Mən vəsatətin təmin olunmasını istəyirəm. Video-mürciətdə dediklərimi bir daha təsdiq edirəm. İbtidai istintaq zamanı təkcə mənim yox, başqalarının da ifadələri dəfələrlə dəyişdirilib. Məhkəmənin gedişində bu barədə daha ətraflı danışacağam".
Prokuror bu vəsatətin də əleyhinə çıxıb. Bildirib ki, həmin video-çəkilişin mənbəyi şübhəlidir, ona görə də mötəbər sübut hesab oluna bilməz.
Buna cavab olaraq, Xədicə İsmayılova prokurorluğun növbəti dəfə ikili standartlarla yanaşdığını vurğulayıb: "Bunların sübutları olanda heç nə araşdırılmır, amma söhbət bizim sübutlardan gedəndə qanun yada düşür. O video-müraciət istintaqa da təqdim olunub. İstintaq zamanı prokurorluq niyə araşdırmayıb? Bizim bu barədə vəsatətimiz də olub".
Məhkəmə Tural Mustafayevin video-müraciətinin sübutlar siyahısına daxil edilməsi barədə vəsatəti də təmin etməyib.
Vəkil Fariz Namazlının növbəti vəsatəti məhəmə prosesinin video və audio yazısına imkan verilməsi haqda olub. Prokuror bu vəsatətə də etirazını bildirərək, onun təmin olunmamasını istəyib. Prokurorun bu cür mövqeyinə Xədicə İsmayılova özünəməxus şəkildə cavab verib: "Bayaq bir sıra şahidlərin, o cümlədən Tural Mustafayevin yaxınlarının şahid ifadələrinin sübutlar siyahısından çıxarılması barədə vəsatət müzakirə olunanda prokuror dedi ki, xeyr, açıq məhkəmə prosesidir, onlar gəlsinlər, hamının qarşısında nə var, danışsınlar. Mən yaxşı başa düşürəm ki, prokuror nəyə eyham vurur. İstəyir ki, mənim, Tural Mustafayevin, onun yaxınlarının şəxsi həyatı hamının qarşısında müzakirə olunsun. Birinci dəfə deyil ki, Azərbaycan hakimiyyəti, prokurorluq mənim şəxsi həyatıma müdaxilə edir. Çünki onlar üçün sərhədlər, etik heç nə yoxdur. Bununla belə, mən yenə də məhkəmə prosesinin açıq keçirilməsini istəyirm. Əgər bunlar düşünürlərsə ki, bu yolla məni biabır edəcəklər, yanılırlar. Biabır olacaq Azərbaycan hakimiyyəti və İlham Əliyevdir. Camaatın şəxsi həyatına müdaxilə edən İlham Əliyevdir".
Məhkəmə bu vəsatəti də təmin etməyib.
Müdafiə tərəfinin daha bir vəsatəti Xədicə İsmayılova barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək, ev dustaqlığı ilə əvəz olunması haqda olub. Fariz Namazlı bildirib ki, Xədicə İsmayılova hələ oktyabr ayında Fransada olarkən Bakıya qayıdacağı təqdirdə həbs olunacağını bilirdi. Bununla belə, o, qayıtmağa üstünlük verib. Yəni, onun heç yerə qaçmaq fikri yoxdur, sonadək mübarizə aparıb bəraət almaq niyyətindədir.
Xədicə İsmayılova özü də bu vəsatətə münasibət bildirərkən deyib ki, onun həbsdə saxlanılmasının əsas məqsədi İlham Əliyevin ailə biznesi barədə araşdırmalarını davam etdirməsinin qarşısını almaqdır: "Mən eləməsəm də, həmkarlarım davam etdirir. Təcridxanada bunların ehtiyatlandığı yeganə məqam mənim yazı yazmağımdır. Yazı yazdığıma görə 3 dəfə akt tərtib ediblər. Mənim yazı yazmağımın istintaq təcridxanasına nə aidiyyəti var? Məni çağırıb soruşurlar ki, niyə yazırsan, necə ötürürsən? Mən də deyirəm ki, telepatiya yolu ilə. Mənim həbsim Azərbaycan dövlətinə böyük yük olub. Həftədə 2 gün xüsusi adam ayırırlar ki, telefon danışıqlarıma qulaq assın. Hər gün alt paltarlarıma qədər yoxlayırlar. İstintaq təcridxanasında xeyli iş yeri yaratmışam. Azərbaycan hakimiyyətinin bu yükdən azad olunmasını istəyirəm. İndiyədək yük olmamışam, əksinə, pul qazanıb, vergi ödəmişəm. Mənim həbsimlə bağlı qərarda göstərilib ki, azadlıqda qalsam, zərərçəkmiş və şahidlərə təzyiq göstərə bilərəm. Mən bilirəm ki, həmin adamlar təzyiq altındadır, heç vaxt onların vəziyyətini daha da ağırlaşdırmaram. İlham Əliyevin mənimlə şəxsi qərəzi var…"
Bu yerdə prokuror Xədicə İsmayılovanın çıxışına etiraz edib. Jurnalist də ona belə cavab verib: "Güman edirəm, dövlət başçısının adı sizin inhisarınızda deyil. Bəli, prezident İlham Əliyevin mənimlə şəxsi qərəzi var və ona görə də məni həbsdə saxlatdırır. Siz də o qərəzdən irəli gələn sifarişi icra edirsiniz".
Fariz Namazlının daha bir vəsatəti Xədicə İsmayılın məhkəmə zalındakı şüşə kabinədən çıxarılaraq, vəkillərinin yanında əyləşməsi barədə olub. Vəkil bildirib ki, bu, müdafiə baxımından da vacibdir. Çünki prosesin gedişində tez-tez vəkilin öz müvəkkililə məsləhətləşməsinə ehtiyac yaranır.
Prokuror Ramazan Hadıyev istər Xədicə İsmayılovanın barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, istərsə də onun şüşə kabinədən çıxarılaraq, vəkilinin yanında əyləşməsi barədə vəsatətlərin təmin olunmamasını istəyib. Bildirib ki, Xədicə İsmayılova barəsində həbs qərarına səbəb olan əsaslar aradan qalxmayıb: "Onun şahidlərə təzyiq göstərmək imkanları hələ də qalır. Bu adam mühafizə altında belə o imkanlarından istifadə edir".
Jurnalistin şüşə kabinədən çıxarılmasına gəlincə, prokuror onun təhlükəsizliyi baxımından bunun yolverilməz olduğunu deyib.
Prokurorun çıxışına Xədicə İsmayılova ironik münasibət bildirib: "Prokuror mənim təhlükəsizliyimin qayğısına qalırmış, lap riqqətə gəldim, bir azdan gözlərim yaşaracaq. Amma özümü birtəhər ələ alıb münasibət bildirəcəm. Bu cinayət işinə elə hazırlıq iclasında xitam verilməli idi. Mənə heç bir əmlak etibar edilməyib ki, onun mənimsəyim, yaxud da israf edim. Vergi ödəməyə məsul şəxs də olmamışam. Heç kimi özünü öldürmə həddinə çatdırmamışam. Tural Mustafayev məndən nə vəzifəcə, nə də maddi baxımdan asılı olub. Mən bu işlərin subyekti deyiləm".
Son vəsatətləri müzakirə etmək üçün qısa müşavirəyə gedən hakimlər heyəti qayıdaraq, onların da təmin olunmadığını elan edib. Hazırlıq iclasının qərarına əsasən, iş məhkəmə baxışına verilib. Məhkəmə iclası avqustun 7-nə təyin olunub.