Qənimət Zahidin qohumlarına qarşı repressiyaya son qoyulsun

Gözəl  Bayramlı: «Hakimiyyət öz rəqiblərinə qarşı mənəviyyata sığmayan formada mübarizə aparır»

Vidadi Mirkamal: «Belə siyasət hakimiyyətə beynəlxalq aləmdə utanc gətirə bilər»

Mətbuatdan bəlli olduğu kimi, “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” televiziya proqramının yaradıcısı və aparıcısı Qənimət Zahidin qohumlarına qarşı repressiya dalğası başlayıb. Belə ki, Qənimət Zahidin üç qohumu – əmisi oğlu və qardaşı oğulları şərlənərək həbs olunub. Qənimət Zahidin əmisi oğlu, Şamaxı rayonunun Qurdtəpə kənd sakini olan Rövşən Zahidova saxta ittihamla 25 sutkalıq inzibati həbs cəzası verilib.
Bakıda isə Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov həbs edilib. Bir neçə gün öncə – iyulun 18-də Qənimət Zahidin Şamaxının Meysəri kəndində yaşayan başqa bir qardaşı oğlu  Tural Zahidov da saxlanılaraq Şamaxı Rayon Polis Şöbəsinə aparılıb. O, polis əməkdaşını təhqir etməkdə günahlandırılaraq 30 sutka həbs cəzası alıb.

Məsələyə münasibət bildirən həmsöhbətlərimiz siyasətə dəxli olmayan şəxslərin həbs edilməsini məhz Qənimət Zahidin fəaliyyətiylə əlaqələndirirlər. AXCP sədrinin müavini Gözəl Bayramlı insanların siyasi fəaliyyətinə görə hakimiyyətin onların qohumlarını hədəfə almasını düzgün mövqe hesab etmir. Gözəl xanım Qənimət Zahidə qarşı baş verənləri də bu qəbildən olan addımlar saydığını söyləyir:
“Hakimiyyət öz rəqiblərinə qarşı heç bir mənəviyyata sığmayan formada mübarizə aparır. Qənimət Zahidin qardaşı oğulları və əmisi oğlunun həbsi, onun ailə üzvlərinə qarşı olan repressiyalar bu qəbildən olan hərəkətlərdir. Hər kəsə məlumdur ki, Qənimət bəy öz fəaliyyətiylə, hakimiyyətə qarşı tənqidi mövzudakı çıxışlarıyla hakimiyyətin mahiyyətini ortaya qoyub. Bu mənada Qənimət bəydən sözün əsl mənasında qisas alırlar. Qisasçılıq hakimiyyətin mahiyyətindədir. Azərbaycan hakimiyyətinin bu cür davranışları cəmiyyət tərəfindən ciddi şəkildə tənqid olunmalıdır. Insanların qohumlarına qarşı aqressiv münasibətə, siyasətə aidiyyəti olmayan şəxslərdən  qisasçılıq məqsədiylə bu cür hərəkətlərə yol vermək düzgün deyil. Cəmiyyətdə belə qarşıdurma yaradılacaqsa, Qənimət bəyin ailəsinə qarşı yenidən repressiyalar davam etdiriləcəksə, bu, xalqın ciddi müqavimətiylə nəticələnəcək. Mövcud hakimiyyəti belə   hərəkətlərdən geri çəkilməyə çağırıram”.

Hüquqşünas Vidadi Mirkamalın qənaətincə, siyasətlə məşğul olan, bu yolda olan şəxslərə qarşı hakimiyyət repressiv addımlar ataraq həbslər və təqiblərə rəvac verir. Vidadi bəy siyasətlə məşğul olanların qohumlarına qarşı təqib və təzyiq yönümlü addımları qeyri-insani və qanunsuz hesab edir:
“Hakimiyyət Qənimət Zahidin ”Azərbaycan saatı"ndakı fədakar mübarizəsinə görə narahatdırsa, bu işdə onun yaxın ətrafı cəzalandırılmamalıdır. Qənimət bəyin qohumlarının həbsə atılması hakimiyyətin onu öz yolundan döndərməyə xidmət edir. Lakin Qənimət Zahid elə mübariz insanlardandır ki, onu mübarizliyindən döndərmək mümkün deyil. Bu mənada hakimiyyətin yaramaz addımları Qənimət bəyi daha da həvəsləndirəcək və onu öz yolundan dönməyə qoymayacaq. Hər bir halda, hakimiyyətin tutduğu siyasət repressiv xarakterlidir və ona beynəlxalq aləmdə utanc gətirə bilər. Hakimiyyət belə addımlara son qoymalı və normal, sivil qaydada  münasibətləri tənzimləməlidir".

Nigar