Ziyafət Əsgərovun “məntiqi”

Işğalçının adını çəkməyə qorxan vitse-spiker işğala məruz qalanı dəstəkləyənlərə qarşı hücuma keçir

Hər dəfə sübut olunur ki, hakimiyyət komandasında ciddi sarsıntılar var. Çünki, bütün məsələlərə, ittihamlara, tənqidlərə eyni “arqument”lə, eyni ifadələrlə cavab verirlər. Özləri də başa düşürlər ki, beynəlxalq səviyyədə ifşa olunublar və heç bir sivil dövlət bunları qəbul etmir.
Ona görə də çıxış yolu kimi antiQərb kampaniyasını davam etdirməyi seçiblər. Bugünlərdə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov da məsələyə öz “töhfə”sini verib: “Bizim Avropa Şurası və Avropa Ittifaqından gözləntilərimiz çox idi. Çox təəssüf ki, gözləntilərimiz özünü doğrultmadı. Biz Avropa Şurasında hüququn aliliyi ilə yox, gücün aliliyi ilə rastlaşdıq. Azərbaycan Avropa Şurası ilə insan haqları dəyərlərini bölüşmək istədi, ancaq ”beşinci kolon"la rastlaşdı. Demokratiya adı altında Azərbaycanda “demokratiya” yaratmaq istədilər. Dağlıq Qarabağ münaqişəsinin həllində nə Avropa Şurası, nə də Avropa Ittifaqından əməli dəstək ala bilmədik. Biz heç bir yerə inteqrasiya olunmuruq. Azərbaycanın öz yolu var"- deyə Ziyafət Əsgərov bildirib.
Bəli, Avropa Şurası hökumətin gözləntilərini doğrultmayıb.  YAP hakimiyyəti gözləyirmiş ki, “Demokratiyaya doğru bir addım” ənənəsi davam edəcək. “Kürü diplomatiyası” effektivliyini itirməyəcək, avtoritarizmə göz yumulacaq və s. Belə məqamlara o qədər vərdiş ediblər ki, artıq “qanunun aliliyi” deyəndə tərif eşitməyi, rüşvətlə adam ələ almağı  nəzərdə tuturlar. Sən demə, vicdanlı insanları şərləyib həbs etmək, ölkə sərvətlərini oğurlamaq, məhkəmə sistemini oyuncağa çevirmək, azad mətbuatı sıradan çıxarmaq demokratiya imiş. Avropa Ittifaqı da bunun əleyhinə çıxmaqla YAP hakimiyyətinin “demokratiya”sına xələl gətirirmiş. Bütün bunları hökumətin bir nömrəli hüquqşünası deyir. Ən biabırçı məqam isə Qarabağ məsələsi ilə bağlı hissədir. Ziyafət Əsgərov Avropa Ittifaqının Qarabağla bağlı 2 qətnaməsini, Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarını, Almaniya Bundestaqının birmənalı mövqeyini niyə unudur? Hakimiyyətin bu qədər antiQərb siyasətinin fonunda  Qərbin Qarabağla bağlı birmənalı mövqeyi böyük uğurdu. Hakimiyyətdə milli qüvvələr təmsil olunsaydı, Qərbin bu mövqeyindən yararlanar və ən böyük problemin həllinə nail olardı.
Tutaq ki, Avropa Ittifaqı, Avropa Şurası Qarabağ məsələsinin həllində əməli addım atmayıb. Bəs, Rusiya hansı iri addımlar atıb ki, qarşısında təzim etmisiniz? Ziyafət Əsgərov da gözəl bilir ki, Ermənistanın ayaqda qalması Rusiyanın hesabınadır. Belə olan halda Rusiyanın ayaqlarına qapanmaq hansı zərurətdən doğur? Bəlkə, Rusiya Qarabağ məsələsində ortaya mövqe qoyub və bizim xəbərimiz yoxdur? Bu gün “5-ci kolon” rolunu YAP hakimiyyəti oynayır.
Bəlkə, Xocalı soyqırımını, 20 Yanvar faciəsini də Avropa Ittifaqı törədib, bəlkə, Azərbaycan xalqını təhqir edən Jirinovski Almaniya vətəndaşıdı, bəlkə, Ermənistana bugünlərdə 200 milyonluq silah hədiyyə edən ABŞ-dır?
Balaca uşaq da bilir ki, hakimiyyətin Avropa ilə düşmənçiliyi şəxsi maraqlara görədir. Avropa Ittifaqı, Avropa Şurası Azərbaycan hakimiyyətindən demokratiya, insan haqlarına hörmət, şəffaf seçki tələb edir. YAP hakimiyyəti isə vətəndaşı daha çox əzmək, neft pullarını daha çox oğurlamaq üçün Rusiyanın qucağına sığınır. Ziyafət Əsgərov “Azərbaycanın öz yolu var” deyəndə korrupsiya, yaltaqlıq, repressiya, talançılıq, dövlət maraqlarını satmaq yolunu nəzərdə tutur.
Bu qədər ifşadan sonra yenə də cəmiyyətə yalan satmaqda davam edirlər. Artıq vətəndaşlar başa düşür ki, dünya cinayətkar rejimlərdən imtina edir və Azərbaycan hakimiyyəti də bu siyahıdadır.  
Ziyafət Əsgərov bir məsələdə haqlıdır ki, bu hakimiyyət özünə inteqrasiya edir. Məhz özünə inteqrasiyaya görə arqumentləri tükənib, dünyadan təcrid olunublar və ölkəni sosial-iqtisadi böhrana sürükləyiblər.
Dünya Azərbaycan hakimiyyəti ilə bəşəri dəyərləri bölüşmək istədi. Amma şahid oldu ki, bu hakimiyyət anti-bəşəri dəyərlərin təmsilçisidir. Avropa Ittifaqı ölkələrində  istirahət edib, övladlarını oxutdurub, bahalı mülklər alıb, müalicə olunub, sonda Avropa dəyərlərini söymək də özünəinteqrasiyanın “bəhrə”sidir.
Bir sözlə, Ziyafət Əsəgrov bu açıqlaması ilə yenə də “ifşa ziyafəti” vermiş oldu.

Akif