“Yeni Müsavat”la “Müsavat” arasında gərginlik davam edir

Rauf Arifoğlu qəzetində Isa Qəmbəri hədəfə aldı

Azər Ayxan: "Müsavat Partiyasında qalmağın heç bir mənası yoxdur"

“Müsavat partiyasından çoxdan istefa vermək istəyirdim. Rauf bəyin tövsiyəsi və xahişi sayəsində bu addımı atmadım. Təkcə mən yox, qəzetimizdə çalışan Müsavat Partiyası üzvləri də bu addımı atmır ki, bunun bir kampaniyaya çevrildiyi görüntüsü yaranmasın”. Bu sözləri Lent.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan deyib.


Jurnalist bildirib ki, o, hələ qurultay zamanı partiyadan getmək istəyib: “O zamanlar Rauf Arifoğlunu, ”Yeni Müsavat" qəzetini günahlandırmağa bir bəhanə axtarırdılar. Bu baxımından partiya rəhbərliyinə bir bəhanə verilməsin deyə istefanı müəyyən vaxta qədər təxirə saldıq. Açığı deyək, partiyada təmsil olunan müavinlər, istərsə də divan üzvləri və digər funksionerlər tərəfindən “Yeni Müsavat” rəhbərliyi ilə bağlı tutulan ədalətsiz mövqe bizə kifayət əsas verir ki, partiya fəaliyyətimizi dayandıraq. Əvvəlki Müsavat Partiyası ilə indiki Müsavat Partiyası arasında fərqi görməmək, sezməmək, duymamaq mümkün deyil. Bu baxımdan Müsavat Partiyasında qalmağın heç bir mənası yoxdur. Mənim Müsavat Partiyasında heç bir fəaliyyətim yoxdur".
Azər Ayxan deyib ki, partiyadan de-fakto ayrılmaq üçün nə zaman ərizə ilə müraciət edəcəyini hələ müəyyənləşdirməyib.
* * *
Rauf Arifoğlu əməkdar jurnalist adı almamışdan bir neçə gün əvvəl Müsavat Partiyasından istefa verdiyini bəyan edib. Baş redaktor ölkə başçısı Ilham Əliyev tərəfindən təltif ediləndən sonra isə ictimai qınağa tuş gəlib. Müsavatın keçmiş başqanı Isa Qəmbər də Rauf Arifoğlunun təltif olunmasına sərt reaksiya verib.
Baş redakator dünən bundan sonrakı fəaliyyətinə aydınlıq gətirib. O, Trend-ə açıqlamasında bundan sonra hər hansı siyasi partiyada təmsil olunmayacağını bildirib: “Mən medianın xeyrinə seçim etmişəm, bu sahədə də fəaliyyətimi davam etdirəcəyəm”.
Baş redaktor istefası ilə bağlı Müsavat Partiyasının sabiq başqanı Isa Qəmbərin mövqeyinə də münasibət bildirib: “Isa bəyin narahatlığını səmimi hesab edirəm. O, böyük tarixi olan ”Yeni Müsavat" qəzetinin bir siyasi düşərgədən ayrılıb iqtidar düşərgəsinə xidmət edə biləcəyindən narahatdır və görürəm ki, bunu istəmir. Bunu əslində mən də istəmirəm, bu baxımdan da burada baxışlarımızda fərq yoxdur. Hesab edirəm ki, media düşərgəli olmamalıdır, partiyaya xidmət etməməlidir. Tam müstəqil olmalıdır. Mənim son addımlarım da bu istiqamətdədir".
Rauf Arifoğlu daha sonra iddia edib ki, ona qarşı tənqidlər AXCP və Əli Kərimliyə yaxın adamlar tərəfindən səsləndirilir. Baş redaktor bununla özünə yönəlik ictimai qınağı bir partiya ilə məhdudlaşdırmağa cəhd edib. Lakin fərqində də olmayıb ki, bununla AXCP-nin əhəmiyyətini artırıb və bu partiya barədə əvvəllər dediklərini faktiki olaraq təkzib edib. Rauf Arifoğlu iddia edirdi ki, AXCP yoxdur, dağılıb və s. Amma indi deyir ki, ona qarşı tənqidlər yalnız bu partiyadan gəlir. Sosial şəbəkələrdə isə yüzlərlə, bəlkə minlərlə şəxs Rauf Arifoğlunu tənqid edir. Əgər bu şəxslər AXCP-yə yaxındırsa, deməli, bu partiya əhəmiyyətli gücə malikdir.
* * *

Rauf Arifoğlu qəzetində Isa Qəmbəri də “asıb-kəsməkdə” davam edir. Elə “Yeni Müsavat”ın dünənki sayında Zahid Səfəroğlu “Testdən keçməyən dostlar” başlıqlı yazısında ad çəkmədən Isa Qəmbəri sərt tənqid edib. Yazıdan bəzi hissələri təqdim edirik: “Uman yerdən küsərlər. Əfsus ki, dostların heç də hamısı yubiley testindən, bu yubiley ətrafında baş verən məlum olaylardan dolayı sınaqdan çıxa bilmədilər, insaf ölçüsünü itirdilər, yaşananlara strateci olaraq yanaşa bilmədilər – emosiya imkan vermədi.


Hətta siyasət uzmanı sayılanlardan hissə qapılıb da uzağı görməyən, yaraşdırmadığımız açıqlamalar eşitdik. Halbuki, gercəkdə bir şey dəyişməmiş və dəyişməsi gözlənilmir də. “Yeni Müsavat” 22-23 iyula kimi hansı yolda idisə, ondan sonra da eyni yolu davam etdirir…
Işə bax, gözləmədiyimiz yerdən yubileylə təbrikləri aldıq, ancaq ayaqlarına balaca bir daş toxunan kimi məlhəmi birinci bizdən istəyən və həmişə də təmənnasız alan “dostlardan” (artıq onları dırnağa salmaq olar) səs çıxmadı. Kiçik, xoş bir sözü bizə çox gördülər. Yəni o boyda “məlhəmlər”, sizə işlətdiyimiz “rivanol”, “marqansovka”lar bir “salam”a dəymədi?
Isti aşımıza yubiley günlərində soyuq su qatdılar. Ad çəkməyəcəyik, işin içində olanların hamısı kimlərdən söhbət getdiyini bilir. Arifə işarə də bəsdir".
* * *
Rauf Arifoğluna qarşı ictimai qınaq isə hələ də davam edir. Dünən tanınmış vəkil Namizəd Səfərov Rauf Arifoğlunun Ilham Əliyev tərəfindən təltif olunmasına münasibət bildirib. O, “Facebook” səhifəsində yazıb: “Rauf Arifoğlunun öz siyasi mövqeyini gizlətmədən atdığı addımlarla Müsavat Partiyasına və ümumən müxalifət düşərgəsinə yetirmiş olduğu zərbənin miqyası heç bir şübhə doğurmur. Baş verənlər yalnız Müsavat Partiyasının coxsaylı üzvülərini deyil bizləri də biganə qoya, narahat etməyə bilməzdi. Təəssüf ki, bəzi dostlar Müsavat Partiyasının üzvü olmayanların, xüsusən də cəbhəçilərin baş verənlərə sadəcə fikir ifadə etməklə müdaxiləsini belə, olduqca qısqanclıqla qarşıladılar. Hətta bu, bəzən başa düşülməyən konfrantasiyaya da gətirib çıxardı. Bütün bunları nəzərə alaraq Milli Şura rəhbərliyi Müsavat Partiyası ətrafında baş verənlərə mümkün qədər müdaxilə olunmamasını və ya ehtiyat və həssaslıqla yanaşılmasını tövsiyyə etmişdi. Dünən Rauf Arifoğlunun qardaşı Müsavat Partiyasının lideri hörmətli Isa Qənbər barəsində heç nə ilə əsaslandırılmayan aşağılayıcı ifadələr işlətdi. Halbuki, Isa bəy, qısa müsahibəsində Rauf Arifoğlunun atdığı addımlarla bağlı onun ünvanına hər hansı sərt ifadələr işlətməkdən son dərəcə yayınmışdı. Şəxsən mən bu məsələyə müdaxilə etməkdən özümü güclə saxladım.Lakin, təəssüf ki, belələrinin cavabını verməyə qadir olan Müsavat Partiyası üzvülərinin buna lazımi reaksiya verməməsi şəxsən mənim üçün anlaşılmaz oldu”.
Ədliyyə generalı Vidadi Mirkamal facebook səhifəsində yazıb: “Rauf Arifoğlu: ”Hesab edirəm ki, media düşərgəli olmamalıdır, partiyaya xidmət etməməlidir. Tam müstəqil olmalıdır. Mənim son addımlarım da bu istiqamətdədir".
Belə yerdə yadıma bir deyim düşür. Keçmişinə güllə atanı gələcək top atəşinə tutacaq və yaxud qırxında öyrənən gorunda çalar".