Məhəmməd Talıblı: «Büdcə kəsri riskinin artması hiss olunur»
Maliyyə Nazirliyi 2015-ci ilin 6 ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumat yayıb. Nazirliyin məlumatına görə, 2015-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 7807,2 mln. manat, xərcləri 8577,9 mln. manat olmuş, 700,7 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.
2015-cü ilin altı ayında dövlət büdcəsinin mədaxili 7717,0 mln. manat proqnoza qarşı 7807,2 mln. manat və yaxud 1,2 faiz çox olub.ÿ
Vergilər Nazirliyinin mədaxil proqnozu 100,2 faiz icra edilməklə dövlət büdcəsinə 3328,8 mln. manat vəsait təmin edilib.
Həmin vəsaitin 68,3 faizi və yaxud 2275,0 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 11,4 faiz-bənd çoxdur.
2015-ci ilin altı ayında Dövlət Gömrük Komitəsi proqnoza 100,3 faiz əməl edərək büdcəyə 765,3 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz və yaxud 32,5 mln. manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 110,1 mln. manat təşkil edib.ÿ
Sair daxilolmalar üzrə büdcəyə 41,4 mln. manat vəsait daxil olub.
Dövlət Neft Fondundan büdcəyə 3561,6 mln. manat vəsait transfert edilib.
Xərclər
2015-cü ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 85,0 faiz və yaxud 8577,9 mln. manat icra olunub, qarşıya qoyulmuş bütün əsas öhdəliklər yerinə yetirilib.
Bu ilin altı ayında dövlət büdcəsi xərclərinin 4423,2 mln. manatı və yaxud 51,6 faizi cari xərclərə yönəldilib. Cari xərclər əsasən büdcə təşkilatlarında çalışanların əmək haqqını, təqaüdlər və sosial müavinətləri, kommunal və kommunikasiya, abadlaşdırma xidmətləri haqqının ödənilməsini və digər zəruri xərcləri əhatə edir.
Dövlət büdcəsi xərclərinin 3855,3 mln. manatı və yaxud 44,9 faizi əsaslı xərclərə yönəldilib. Əsaslı xərclər ölkədə həyata keçirilən sosial və infrastruktur layihələrin, əsas vəsait, qurğu və avadanlıqların, xüsusi dövlət alışlarının və digər əsaslı ödənişlərin maliyyələşdirilməsinə sərf edilib.
Ümumi xərclərin 299,4 mln. manatı və yaxud 3,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (ödəniş vaxtı çatmış dövlət borcları və faizlər üzrə ödənişlər) yönəldilib.ÿ
Bu ilin altı ayında dövlət büdcəsində 770,7 mln. manat kəsir olub. Kəsir “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2015-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına örtülüb.
2015-ci ilin ikinci rübündə (aprel-iyun aylarında) dövlət büdcəsinin mədaxili 3868,4 mln. manat, xərcləri isə 4388, mln. manat icra olunub.
Yaranmış mənzərə büdcənin yaxın zaman üçün ciddi problemlərlə üzləşəcəyini deməyə əsas verir. Onu da nəzərə almaq lazımdır ki, büdcə kəsirinin qapadılmasında istifadə olunan əsas resurs son aylar ciddi təzyiqlərlə üzləşib. Söhbət sahibkarlardan gedir. Əgər büdcədə yaranan kəsir əvvəllər sahibkarlardan alınan vəsait hesabına müəyyən dərəcədə qarşılanırdısa, artıq bu mənbə ciddi şəkildə istismar olunub. Bu isə onu deməyə əsas verir ki, yaxın zamanlarda büdcə kəsiri ilə bağlı ciddi problem yarana bilər.
Iqtisadçı ekspert Məhəmməd Talıblı hesab edir ki, ilin sonuna qədər büdcə kəsrinin 1,7 milyard manat səviyyəsində saxlanmasına çalışılacaq. Fonddan transfert büdcə qanununda nəzərdə tutulduğu kimi baş verəcək. Amma Fondun özünün vəziyyətinin çətinləşməsinə baxmayaraq büdcə qarşısında transfert öhdəliyini yerinə yetirməyə borcludur: “Büdcə kəsri riskinin artması da hiss olunur. Xarici ticarət dövriyyəsi azalması fonunda yığım əmsalları aşağı düşür. Vergilər və gömrükdən daxilolmaların nəzərdə tutulduğundan az vəsait daxil olması büdcə kərsinin həddini böyüdür və onun ÜDM-də payını artırır”.
M.Talıblı bildirdi ki, bizdə uzun illər büdcə kəsiri ÜDM-in 3-3,5 faizi həddində dəyişib. Bu, özlüyündə təhlükəli hədd deyil. Avropa Birliyinə daxil olan ölkələr üçün də, yəni Maastrixt kriteriyasına görə də, bu hədd məqbul səviyyədir. Amma bizdə büdcə kəsrinin bu həddə saxlanması üçün bütün sahələrdən oxşar və ya proporsional yığımların əldə olunmasına nail olmaq lazımdır: “Belə olmayanda büdcə daxilolmalarında kənar təsirlər böyük təsir gücünü özündə saxlayır. Görürsüz, xarici ticarət dövriyyəsində azalmalar büdcə gərginliyinin yaranması üçün əsas olur. Fiskal kanalın daralması maliyyə gərginliyi riskini artırır”.
Xəyal