İyulun 22-də Göyçay Rayon Məhkəməsi hüquq müdafiəçisi Taleh Xasməmmədova 3 il həbs cəzası verib. Prokuror 4 il həns istəmişdi.
Taleh Xasməmmədovun hüquqlarını ictimai müdafiə komitəsinin sədri Oqtay Gülalıyev hökmü siyasi sifriş və ədalətsiz adlandırıb.
“Məhkəmə Taleh Xasməmmədova verdiyi həbs müddəti hətta ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsinin sanksiyasına belə adekvat deyi. Hökmdən apellyasiya şikayəti veriləcək”, Gülalıyev Amerikanın Səsinə bildirib.
***
Dövlət ittihamçısı hüquq müdafiəçisi Taleh Xasməmmədova 4 il həbs cəzası istəyib.
Taleh Xasməmmədovun məhkəmə prosesi iyulun 22-də Göyçay Rayon Məhkəməsində davam etdirilib.
Bu barədə Azadlıq Radiosuna hüquq müdafiəçisinin anası Gülbutə Xasməmmədova məlumat verib. O, deyir ki, "şərlənərək həbs olunan oğluna prokurorun 4 il iş istəməsi ədalətsizlikdir":
“Ona qarşı irəli sürülən ittiham tamamilə saxtadır, onu heç bir günahı olmadan şərləyib həbsə alıblar. Bir daha prezidentə səslənirik, Talehin hansısa məmurların özfəaliyyəti nəticəsində məhkum olunmasına, iki balasının çarəsiz durumda qalmasına imkan verməsin”.
Hazırda məhkəmə müşavirəyə gedib. Hakimlərin bu gün hökm oxuyacağı gözlənir.
T.Xasməmmədov Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq törətmək) ilə ittiham olunur. Bu maddə iki il müddətinədək icbari iş və ya beş ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
T.Xasməmmədov fevralın 24-də Göyçayda mebel mağazasının qarşısında saxlanılıb. Vəkilləri deyir ki, mağazadan çıxarkən bir naməlum şəxs ona yaxınlaşıb üzünə tüpürüb. Sonra həmin adam yerə yıxılıb və özünü elə aparıb ki, guya T.Xasməmmədov onu döyür.
Fevralın 26-da Göyçay məhkəməsi onun barəsində üç ay müddətinə həbs qəti-imkan tədbiri seçib.
T.Xasməmmədov Göyçay-Ucar bölgəsində hüquq-müdafiə fəaliyyəti və Facebook-da yerli hakimiyyəti tənqid etməsi ilə tanınır
Bundan öncə də mühakimə edilib, lakin iki il əvvəl əfv olunub.