Vətənpərvərlik necə və niyə olmalıdır?

EPİQRAF

“Böyük şəxsiyyətləri, şöhrətli tarixi olan qəhrəman keçmiş-milli ideyanın söykəndiyi sosial kapital budur. Keçmişdə ümumi şöhrətlərə, indidə ümumi iradəyə malik olmaq, yenə də birgə böyük işlər görmək arzusu bir xalqın varlığı üçün əsas şərtlərdir…Keçmişdə şöhrət irsi və paylaşılan peşmançılıqlar, gələcəkdə həyata keçirilməli olan ümumi proqram, birgə əzab çəkmək, sevinmək, ümid etmək, bunlar ümumi gömrük və sərhədlərdən də önəmlidir. İndicə ”birgə əzab çəkmək” dedim; bəli, ümumi əzab insanları ümumi sevincdən daha çox birləşdirir…”

                                                                                                RENAN

Hər bir sağlam, azad yaşamağa qadir xalqda milli mənsubiyyət, vətən hissi ən üstün bir dəyərdir. Xalqda vətənpərvərliyi formalaşdıran iki amil mövcuddur:

1. Xalqın qəhrəmanlıq keçmişi
2. Xalqın bu gün ictimai həyatın müxtəlif sahələrində əldə etdiyi sosial nailiyyətlər.
        
Müşahidələr göstərir ki, bu gün böyüyən gənc nəsildə Azərbaycanın yaxın və uzaq keçmişində əldə etdiyi nailiyyətlərdən bir çox halda məlumatsızlıq mövcuddur. Elm, sənət, dövlətçilik, siyasət və s. sahələrdə fəaliyyət göstərmiş böyük şəxsiyyətlərin yalnız adlarını bilirik. İndiki nəslin mütaliə zövqünün aşağı olması bəlli bir faktdır. Vətənpərvərlik təbliğatı sahəsində müəyyənedici rol oynamalı olan strukturlardan KİV-in, elektron medianın bu sahədə ardıcıl, sistemli fəaliyyət göstərdiyini demək çətindir. Hansı ki, torpaqlarının işğaldan  azad olunması gecikən bir dövlətin vətəndaşları olaraq bizim ictimai, mədəni həyatımızda vətəndaşlıq, vətənsevərlik təbliğatı başlıca iş olmalıdır.Vətənpərvərlik çox sadə anlamda vətənə lazım olan işlərlə məşğul olmaq deməkdir. Fikrimizcə, tarixi yaddaşı konkret və dolğun olan xalq bu günkü problemlərini öz mənafeyinə, tarixi haqqının tələblərinə uyğun həll etməyə qadirdir. Şübhəsiz, tarix milli mənliyin ən vacib komponentidir. Milli mənlik şüuru məhz tarixi yaddaş əsasında qurulur.

Millətin mənəvi-siyasi cəhətdən yetişməsi və formalaşması onun vətənpərvərlik səviyyəsi ilə ölçülür. Millətin üzvləri öz millətinin, vətəninin həqiqi fədakarı kimi böyüməlidir. Bununçun tələb olunur ki,  cəmiyyət, xüsusən yeni nəsil vətənpərvər ruhda tərbiyə olunsun. Millətləri yüksəldən milli məfkurələrdir. Milli məfkurəsi, idealı olmayan millət geriləməyə, ən yaxşı halda yerində saymağa məhkumdur.
     
Azərbaycan ictimai-siyasi fikrinin ən görkəmli nümayəndələrindən olan Əli bəy Hüseynzadəyə görə, “Hər bir millət o zaman səadət və nicatda olur ki, əvvəl əmrdə özünü tanıya, yəni hər bir millət öz qövmiyyətini, dilini, dinini, tarixini, adət və əxlaqını, keçmişini, bu gününü və gələcəyini öyrənməlidir.”
     
Biz tarixi şəxsiyyətlərimizi, onların ideoloji irsini, xüsusən ziyalılarımızı dərindən tanımalıyıq. Ziyalılar cəmiyyətin mənəvi etalonlarıdır. Onlar millətin bioqrafiyasının yaradıcılarıdır. Tarixi qəhrəmanlar, ideoloqlar və onların irsinin gənc nəslə öyrədilməsi milləti birləşdirən, bütövləşdirən komponentlərdir. Siz kiçik bir araşdırma aparın. Görün nə qədər gənc tutaq ki Ziya Bünyadovu, Nəcəf Nəcəfovu, Dilarə Əliyevanı, Aydın Məmmədovu, Xudu Məmmədovu və s. şəxsiyyətləri tanıyır. Hansı ki son 30 ildə millətimizin qarşısında çox böyük xidmətləri var adı çəkilən insanların.  
     
Milli qürur hissi 1 gündə 1 ayda formalaşam bilməz. Bunun üçün sistemli, ardıcıl, elmi əsaslandırılmış fəaliyyət lazımdı. Amma bir çox sahədə olduğu kimi buradada da kompaniyaçılığın şahidiyik bir çox halda. XIX əsrin 70-ci illərində İtalya birləşədikdən sonra bu ölkənin baş naziri deyirdi ki, biz İtaliyanı yaratdıq, indi isə italyan millətini yaratmalıyıq. Hesab edirəm ki bu fikir bizim üçün də keçərlidi…

Bir xalq kimi formalaşmaq üçün daha çox daxildə sosial inteqrasiya meylləri gücləndirilməlidi. Bu ölkədə dərin tarixi kökləri olan, dezinteqrasiya yaradan regionçulu kimi amillərin sıxışdırılmasına zəmin olardı.

Aydındır ki , vətən təkcə tarixi-coğrafi anlayış deyil, həm də sosial-iqtisadi anlayışdı. Ölkədə bu sahədə olan çətinliklər fikrimcə vətəndaşlarımızın 1 hissəsində mənəvi nihilizm formlaşadırır. Azərbaycan Respublikasının kifayət qədər müasir, təkmil konstitusiyası var. Hesab edirəm ki, konstitusiyanın, onun prinsiplırinin təbliğ edilməsi sahəsəində də zəifliklər mövcuddur.
        
Vətənpərvərlik sahəsində aprılan işləri daha da mütərəqqi və müasir etmək üçün fikrimcə qonşu Türkiyənin təcrübəsini öyrənmək  faydalıdı. Çünki bu ölkədə sözügedən sahədə zəngin və gərəkli təcrübə var.
     
Mövcud təhsil qanunun tələbinə görə orta təhsilin məqsədi vətəndaşlıq qüruru olan, nümunəvi insanlar yetişdirməkdi. Amma gəlin baxaq görək bu təyinata nail ola bilirmi müvafiq strukturlar. Nə qədər vətəndaş bu sahədə olan vəziyyətdən razıdı..Əksinə birmənalı demək olar ki, orta təhsil sistemi faydalılıq əmsalını itirməkdədi. Ana dilindən 46 faiz 2 qiymət alan yeniyetmələrdə hansı vətənə məhəbbət hissi ola bilər. İlk növbədə fikrimcə bu sahədən başlamaq doğru olar.
         
Bu gün qarşıda duran ən ümdə vəzifələrdən biri milli dəyərlərin, xalqın kimliyinin göstəricisi olan dəyərlərin təbliğidir.  Bünu xüsusilə qeyd etmək yerinə düşər ki, milli dövlət quruculuğunun aparıcı istiqaməti millət quruculuğudur.   

Fikrimizcə, cəmiyyətin bütün strukturları-idarəetmə, təhsil, ordu və s. bu təbliğatın subyektləri olmalıdır. U. Çörçill yazırdı ki, milləti birləşdirmək üçün millətin özündən böyük dəyərləri olmalıdır.  Bu dəyərlər ortaq milli, dini, mədəni, hüquq bərabərliyi və müstəqil dövlətçilik amallarıdır. Birlik, milli mənsubiyyət hissi hər bir azad yaşamağa qadir olan xalqda var və bu hiss də xalqın konfliktlər nəticəsində  parçalanmasına mane olan ən böyük dəyərlərdəndir. Fransız mütəfəkkiri Renan yazırdı: ”Böyük şəxsiyyətləri, şöhrətli tarixi olan qəhrəman keçmiş-milli ideyanın söykəndiyi sosial kapital budur. Keçmişdə ümumi şöhrətlərə, indidə ümumi iradəyə malik olmaq, yenə də birgə böyük işlər görmək arzusu bir xalqın varlığı üçün əsas şərtlərdir…Keçmişdə şöhrət irsi və paylaşılan peşmançılıqlar, gələcəkdə həyata keçirilməli olan ümumi proqram, birgə əzab çəkmək, sevinmək, ümid etmək, bunlar ümumi gömrük və sərhədlərdən də önəmlidir. İndicə ”birgə əzab çəkmək” dedim; bəli, ümumi əzab insanları ümumi sevincdən daha çox birləşdirir…”

Hər hansı bir xalqın gücü, enerjisi öz ali məqsədlərinə doğru tam və dəqiq yönəldilməsə bu məqsədlər daim təhlükədə olacaqdır.
Hər bir cəmiyyət üçün ən böyük təhlükələrdən biri, şübhəsiz ki,  xalqın çoxəsrlik zaman içində qazandığı, formalaşdığı milli-mənəvi dəyərlərin deformasiyaya uğradılmasıdır. Bu əvəzsiz sosial kapital cəmiyyətin bütövlüyünü, xalqın həmrəyliyini gücləndirən başlıca amildir.
Bu gün ölkənin ideoloji təsisatları qarşısında dayanan mühüm vəzifələrdən biri cəmiyyətin bütün təbəqələri, xüsusilə gənclər arasında vətənpərvərliyin gücləndirilməsi istiqamətində elmi baxımdan hazırlanmış sistemli fəaliyyətin olmasıdı. Gənclik hər bir millətin, dövlətin başlıca güc mərkəzidir. Gəncliyin mənəvi-ideoloji baxımdan hazırlığı fraqmental fəaliyyətin deyil, daimi, gündəlik, ardıcıl gənclər siyasətinin nəticəsidir. Millətin siyasi cəhətdən yetişməsi və formalaşması onun vətənpərvərliyi səviyyəsi ilə ölçülür. Millətin üzvləri öz millətinin, vətəninin həqiqi fədakarı kimi böyüməlidir. Bunun üçün habelə tələb olunur ki, mövcud iqtidar xalqı vətənpərvər kimi tərbiyə edə bilsin və özü də bu ruhda tərbiyə olunsun.

Mehman Xanlaroğlu, politoloq