
Cahangir Hacıyev, Cahangir Əsgərov və üç nazir hədəfdə
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin birinci yarımilinə həsr olunmuş mətbuat konfransı keçirib. Kamran Əliyev konfransda bir sıra maraqlı açıqlamalar verib. Idarə rəisi bildirib ki, kənd təsərrüfatı, səhiyyə və təhsil sahələrində korrupsiya faktları daha çoxdur. Qurum rəhbərinin sözlərinə görə, bu, cinayət faktından və cinayəti törədənlərin sayından asılı olaraq dəyişir: “Tikinti sektorunda 15 fakt üzrə 30 şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. 2-ci yerdə 11 cinayət işində 17 şəxs barəsində, ticarət sahəsində 11 cinayət işində 11 şəxs barəsində faktlar toplanaraq məhkəməyə göndərilib. Ən çox cinayət hadisəsi isə kənd təsərrüfatı, səhiyyə və təhsil sahələrində baş verib”.
Kamran Əliyevin bu açıqlamasından belə qənaətə gəlmək olar ki, parlament seçkilərindən sonra gözlənilən kadr dəyişikliklərində adı çəkilən sahələrə xüsusi diqqət yetiriləcək. Hətta mümkündür ki, bu sahələrin rəhbərləri istefaya göndərilsin.
Kamran Əliyev banklarda da korrupsiya faktlarının olduğunu qeyd edib. “Banklarla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsində çoxlu sayda cinayət işi var. Bu ilin birinci yarısında da Baş Idarə tərəfindən məhkəmələrə göndərilən işlər içərisində birinci yerdə banklarla bağlı işlər durur”,- deyə idarə rəisi vurğulayıb. O, əlavə edib ki, banklarla bağlı bu ilin birinci yarısında 30 şəxslə bağlı 15 cinayət işi məhkəməyə göndərilib: “Baş Idarə qanunların imkan verdiyi çərçivədə ziyanın ödənilməsində iştirak edir. Hər bir halda kreditin verilməsi fərdidir. Bəzən kimsə deyir ki, kreditin müddəti filan vaxt bitir, ancaq kreditdən səmərəli istifadə məsələsi var. Bizim 3 əməkdaşımız Daxili Işlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində Beynəlxalq Bankla bağlı işdə də iştirak edir. Beynəlxalq Bankla bağlı işdə korrupsiya halı aşkarlanarsa, araşdırılacaq”.
Idarə rəisinin bu fikirlərindən sonra güman etmək olar ki, Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin fəaliyyəti ciddi araşdırılır. Mümkündür ki, keçmiş sədrə həbs təhlükəsi yaransın. Onsuz da Cahangir Hacıyevin seçkidən sonra həbs edilə biləcəyi barədə iddialar səsləndirilir.
Kamran Əliyev AZAL-la bağlı da məsələyə toxunub. “AZAL-ın bilet qiymətləri ilə bağlı əsaslı şikayət olarsa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində ümumi qaydada araşdırma aparıla bilər”,-deyə idarə rəisi bildirib. Qeyd edək ki, ölkə başçısı Ilham Əliyev Nazirlər Kabinetinin iclasında aviabiletlərin baha olmasına sərt reaksiya vermişdi. O, bəyan etmişdi ki, qiymətlər aşağı salınmalıdır. Kamran Əliyevin Cahangir Əsgərovu faktiki olaraq hədələməsi də bu məsələnin arxasında məhz ölkə başçısının dayanmasından irəli gəlir. Əks halda Kamran Əliyev hakim ailəyə yaxın şəxsin rəhbərlik etdiyi qurumla bağlı şikayət olacağı təqdirdə araşdırma aparıla biləcəyini bəyan etməzdi. Ümumiyyətlə, Kamran Əliyevin bu fikirlərini hakimiyyətin “qara siyahısı”nı açıqlması kimi də qiymətləndirmək olar.



