SOCAR milyardlarla borca girir

Məhəmməd Talıblı: «Neft hasilatına arxayın olub külli miqdarda borca girmək böyük təhlükədən xəbər verir»

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaradağda neft-qaz, qaz emalı və qaz-kimya kompleksinin tikintisini yapon banklarının kreditləri hesabına tikmək istəyir. ARDNŞ prezidenti Rövnəq Abdullayev 8 milyard dollara yaxın olan bir layihənin bütün maliyyələşməsini yapon bankları hesabına həyata keçirmək istəyini dilə gətirib.
R.Abdullayev deyib ki, Yaponiyaya əsasən neft-qaz, qaz emalı və qaz-kimya kompleksinin tikintisini müzakirə etmək üçün səfər edib.  SOCAR rəhbəri orada çoxsaylı görüşlər keçirildiyini, əsasən Yaponiyanın ticarət, sənaye, iqtisadiyyat nazirilə, “Gibik” deyilən ekspert-kredit agentliyi, baş nazirin enerji və sənaye üzrə köməkçilərilə görüşlər olduğunu bildirib: “Belə bir yekun qərara gəlindi ki, yapon şirkətləri bu layihədə payçı kimi iştirak etsinlər”.
Xatırladaq ki, SOCAR-ın bundan əvvəl də 7 milyarda yaxın borcu vardı. Şirkətin Irana, Türkiyə və digər ölkələrə sərmayə yatırmaq planları da bir müddət əvvəl gündəmə gəlib ki, başqa ölkələrə vəsait qoymağı planlaşdıran ARDNŞ rəhbəri, maraqlıdır ki, kompleks tikintisi üçün Yaponiyadan borc alır. Xaricə sərmayə qoyuluşunu reallaşdırmaq istəyən borclu şirkətin digər tərəfdən yenidən milyardlarla borca girməsi görəsən, nə ilə izah oluna bilər?

Iqtisadçı-ekspert Məhəmməd Talıblı hesab edir ki, sözügedən rəqəm özlüyündə kifayət qədər böyük məbləği ehtiva edir. Hər hansı şirkətin böyük borcu və kreditləri olmasını mümkün hal hesab edən ekspert, qoyulan investisiyaların geriyə dönüşü daha böyük formada olsaydı, bunu müsbət hal kimi xarakterizə edir:
“Lakin bizdən əvvəl olan xeyli təcrübələr onu deməyə əsas verir ki, neft sektoruna və onun hasilatına arxayın olub böyük investisiya layihələri həyata keçirmək ağır hallara gətirib çıxara bilər. Ona görə də vəsaitlərdən səmərəli və şəffaf istifadə olunmalıdır. Həmçinin, alınmış kreditlər  rentabelli olmalı və daha çox gəlir gətirməlidir ki, həmin investisiyanı doğrulda bilsin. Dövlət zəmanətiylə verilən kreditlər üzərində ictimai nəzarət mexanizmləri olmalıdır. Xüsusilə də vətəndaş cəmiyyətləri kreditlər üzərində nəzarət edərək daimi monitorinqlər keçirib araşdırmalar aparmalıdır”.
M.Talıblı borca girən, dövlət sektorunda olan şirkətlərin və bankların özəlləşdirilməsində problemlərin yaranmasını istisna etmir. O, üzərində böyük borc və ödəmələr olan müəssisələrin özəlləşməsindəki problemləri real sayır.  Ekspertə görə, dövlətin neft hasilatının artmasına arxayın olaraq SOCAR-ın böyük məbləğdə borca girməsi indiki halda təhlükədən xəbər verir.

Nigar