
Çox acınacaqlı səhnədir. Azad mətbuatı əzib məhv et, satın ala bildiklərini satın al, qorxuda bildiklərini qorxut, ələ ala, qorxuda bilmədiklərinə qarşı savaş aç, sonra da ölkəmizdə azad mətbuatın yaranmasının 140 illiyi ilə bağlı bayağı tədbirlər keçir. Yaxşılıq deyil ki, əllərindən gəlməsin. Hər cür mütərəqqi ideyanı da gözdən salırlar, ən müqəddəs məvhumları da bayağılaşdırırlar. Amma bunlar milli mətbuatımızın 140 illiyini belə bayağılaşdırdılar deyə, bizim bu günə hörmətimiz azalmayacaq.
Ölkəmizdə milli mətbuatın banisi, böyük şəxsiyyət Həsən bəy Zərdabinin xatirəsini hörmətlə anıram. 140 il bundan əvvəl, kütləvi savadsızlıq şəraitində müstəqil qəzet yaradıb, onu yaşatmağın, yandırdığı o kiçicik şamın işığında qaranlıqlarla, cəhalətlə mübarizə aparmağın nə qədər çətin bir iş olduğunu təsəvvür edə bilirsiniz?
Azərbaycanın böyük ziyalısı, 70 ildən sonra Azərbaycanda müstəqil mətbuatı yenidən bərpa etmiş, “Azadlıq” qəzetinin ilk baş redaktoru Nəcəf Nəcəfova Allahdan rəhmət diləyirəm. Başqa heç cür susmayan, yalnız ağzına güllə sıxmaqla əbədi susdurulmuş mətbuat şəhidimiz Elmar Hüseynovu hörmətlə xatırlayıram.
Bu gün ən çox təbrik qəbul etməyə haqq edənlər isə həbsdə olan jurnalistlərdir. Xədicə İsmayıl, Seymur Həzi başda olmaqla yazılarına,
araşdırmalarına görə həbs edilmiş vicdan məhbusu olan bütün jurnalistləri təbrik edirəm. Susdurulması üçün Milli Mətbuat günü ərəfəsində 3 yaxın qohumu şərlənərək həbs olunmuş, “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı”nın müəllifi dostum Qənimət bəy, böyük fədakarlıqla rəhbəri olduğu “Turan” informasiya agentliyinin müstəqilliyini qoruyub saxlamış Mehman Əliyev, dövrün azman yazarı Şahvələd Çobanoğlu, 24 illik “Zerkalo” qəzetini satmaqdansa bağlamağı tərcih etmiş Elçin Şıxlı, son illərdə yeni bir müstəqil mətbuat orqanı “Meydan tv”ni yaradıb ərsəyə gətirmiş Emin Milli başda olmaqla hər cür riskləri gözə alaraq gerçək müstəqil mətbuatı yaşadan bütün vicdanlı jurnalistləri ürəkdən təbrik edirəm.
Nə yaxşı ki, varsınız. Nə yaxşı ki, belə cəsarətli, ədalətli, savadlı və vətənpərvərsiniz. Sizlərin varlığı, Azərbaycan mətbuatında hələ də azadlıq adalarının qalması böyük Zərdabinin də, Nəcəf bəyin də, Elmar bəyin də ruhunu şad edir.
Bu ağır repressiya illərində belə yazarlarımız azad sözü qoruyub saxlaya bildilərsə, xeyli sayda jurnalistimiz qələminə, vicdanına xəyanət etmədisə, deməli, bu ölkədə azad mətbuat əbədiyyən yaşayacaqdır.