“Qənimət Zahid ətrafında baş verənlər əndazəni aşmaqdır”

AXCP Zahidovlar nəslinə qarşı repressiyaları pisləyərək hakimiyyətə çağırış etdi

«Bu cür rəftarlar ölkədə vətəndaş qarşıdurmasını qızışdırmaqdan başqa heç nə vəd eləmir»

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Mətbuat Günü, eləcə də bu ərəfədə ölkənin ən görkəmli qələm sahiblərindən biri olan Qənimət Zahidin yaxınlarına qarşı repressiya dalğasıyla bağlı bəyanat yayıb.

AXCP hakimiyyətin “Azadlıq” qəzeti və “Azərbaycan Saatı” televiziya proqramının rəhbəri Qənimət Zahidin yaxınlarına qarşı aparılan şərləmə, repressiya kampaniyasını hiddətlə pisləyir: “Son dörd gündə Qənimət Zahidin Bakıda və Şamaxıda yaşayan ÿüç qohumu müxtəlif uydurma ittihamlarla həbs edilib. Qənimət Zahidin bildirdiyinə görə, həbs olunan yaxınlarının hər hansı bir formada siyasi fəallığı olmayıb. Onlar sadə zəhmət həyatı ilə yaşayan şəxslərdi və bu insanların inzibati terrorla üzləşməsinə yeganə səbəb Qənimət Zahidin xüsusən ”Azərbaycan Saatı" televiziya proqramındakı fəaliyyətidir.

AXCP Qənimət Zahidin bu qənaətini bölüşür və həbs edilən Zahidovlar ailəsi üzvlərinin günahsızlığını bəyan edir, hökumətin öz vətəndaşları ilə girov kimi davranmasını özbaşınalıq və cinayət kimi dəyərləndirir. AXCP bəyan edir ki, sonsuz sayda KIV-ə, o cümlədən yerli və beynəlxalq telekanallara sahib hakimiyyətin həftədə cəmi 2 saata yaxın efirdə olan bir teleproqrama (“Azərbaycan Saatı”na) qarşı bu davranışı gücsüzlüyün və cılızlığın əlamətdir.

“Əliyev hakimiyyəti bu günə qədər ”Azərbaycan Saatı"nı susdurmaq üçün proqramın redaktoru Seymur Həzini və digər aparıcı Natiq Güləhmədoğlunun qardaşını uydurma ittihamlarla uzun müddətə həbsə atsa da, öz niyyətinə çata bilməyib. Görünür, haqq sözün qarşısında duruş gətirə bilməmək onları daha amansız addımlar atmağa vadar edib. Buna görə də Qənimət Zahidin Azərbaycanda yaşayan qohumları repressiya olunur", – deyə bəyanatda qeyd olunur.

AXCP bu cür davranışı əndazənin aşılması kimi qiymətləndirərək, israrla Azərbaycan hakimiyyətindəki məsul şəxsləri bu səhv yoldan daşınmağa səsləyir. Çünki bu cür rəftarlar ölkədə vətəndaş qarşıdurmasını qızışdırmaqdan başqa heç nə vəd eləmir, bundan isə bütün ölkə zərər görə bilər.

AXCP Azərbaycan ziyalılarının, fikir adamlarının, hətta özlərini siyasətin fövqündə sayanların rejimin siyasi opponentlərinə qarşı namərd metodlardan yararlanmasına öz etirazlarını, qınağını bildirməsini gözləyir. AXCP o inamı da ifadə edir ki, ölkədə irticanın azad mətbuatı, sözü boğmaq cəhdləri heç bir zaman bəhrə verməyəcək, bu təzyiqlər, təhdidlər ağır ötüşsə də, həqiqətin ağzını, gözünü bağlamaq olmayacaq.

AXCP-dən həqiqətə sədaqətini qoruyan jurnalistlərə təbrik

AXCP xalqın potensialına inanır və əmindir ki, söz azadlığının müdafiəsi üçün hər gün daha yeni yazarlar meydana çıxacaq: “Zərdabi, Əli bəy Hüseynzadə, Mirzə Cəlil, Üzeyir Hacıbəyov kimi qələm sahiblərinin işıqlı yolu heç vaxt şərə, zülmə tabe edilməyəcək”.

AXCP Milli Mətbuat günü ərəfəsində Azərbaycan mətbuatında bütün çətinliklərə rəğmən qələmə, həqiqətə sədaqətini qoruyan bütün jurnalistləri təbrik edir, onlara layiqli həyat və peşə uğurları arzulayır.