Teatr bir cazibə qüvvəsidir
“O vaxt teatrın nə olduğunu doğru-dürüst dərk etmirdim, sənət haqqında heç olmasa, orta səviyyədə anlayışım da yox idi. Elə bilirdim ki, sözü əzbərləyib söyləməklə, bəzən aşağıdan, bəzən yuxarıdan danışmaqla, səhnənin sağından girib, solundan çıxmaqla iş bitir və aktyorluq elə bu deməkdir. Teatrın qarşısında duran vəzifəni, onun ideoloji mübarizədəki rolunu doğru-dürüst anlamırdım. Ancaq bir həqiqət var ki, aktyorluq sənətinin vurğunuydum və bu sənətə, səhnəyə şüurlu surətdə, istəyərəkdən, sevərəkdən gəlmişəm…”
Bu sözlər, yaradıcılığı yeni-yeni aktyor nəsillərinə örnək olan, sənətin ən uca zirvələrini fəth edən, zəngin obrazlar qalereyası yaradan N.Ərəblinski, A.M.Şərifzadə, Ü.Rəcəb, S.Ruhulla məktəbinin layiqli davamçısı Ismayıl Dağıstanlıya məxsusdur.
Ismayıl Hacıyev 1907-ci ildə o vaxtkı Zaqatala qəzasının Qaxın Zirnə kəndində, qəzada tanınmış şəxsiyyətlərdən biri olan Hacı Məhəmmədin oğlu Mirzə Yusifin ailəsində doğulub. Sonralar Mirzə Yusif ailəsi ilə birlikdə Şəki şəhərinə köçüb. Mirzə Yusifin həyat yoldaşı Zəhra xanım əslən şəkili olub. Şəkidə Ismayıl ipək fabrikinin nəzdindəki sənət məktəbində təhsil alır. Mirzə Yusif oğlunu aqronom və ya vəkil görmək istəyirdi, onun bu arzusu ürəyində qaldı – Ismayıl aktyor oldu. Özü də adı qızıl hərflərlə teatr tarixinə yazılan böyük aktyor…
Ipək fabrikinin nəzdinəki fəhlə məktəbində dram dərnəyi fəaliyyət göstərirdi, Ismayıl bu dərnəyə yazılır, ilk rolunu da bu məktəbin səhnəsində oynayır. Ilk rol, ilk uğur, ilk alqışlar…
O dövrdə tanınmış ziyalılar Baxşəli Əfəndi (Axundov) Yusif Bədəlov və başqaları Şəki şəhərində Türk Dram Cəmiyyəti yaradırlar, gənc teatr həvəskarı Ismayıl Hacıyev yeni yaranmış dram cəmiyyətinə dəvət edilir. Ismayıl öz mübhəm arzularını, şirin xəyallarını böyük qardaşı Ağamirzə ilə bölüşür – o, aktyor olacaq.1926-cı ildə Ismayıl Hacıyev Baxşəli Əfəndi və Ibrahim Isfahanlının tövsiyəsilə, qardaşından aldığı pulla gizlicə Bakıya gəlib teatr məktəbinə imtahan verir.O il teatr məktəbinə qırxdan artıq ərizə verilmişdi, tələbkar müəllimlər yalnız altı nəfəri seçir, Ismayıl da onlardan biri. Yalnız beş tələbəyə hökumət tərəfindən təqaüd və yataqxana ayrılır, altıncı tələbə – Ismayıl Hacıyev – bütün qəzada tanınan qoz meşələrinin sahibi Hacı Məhəmmədin nəvəsi, bir neçə dükanın yiyəsi Mirzə Yusifin oğlu nə təqaüd alır, nə də yataqxana…
O, dəmiryol vağzalında yük daşımaqla bir qarın çörək pulu qazanır…
Teatr məktəbində isə bu istedadlı və zəhmətkeş oğlan tezliklə müəllimlərinin sevimlisi olur və günlərin bir günü tale onun üzünə gülür.
“Hikmət” təxəllüsü götürmək istəyirdi…
Moskvada təhsil almış görkəmli rejissor, əsl teatr fədaisi Mirseyfəddin Kirmanşahlı biləndə ki, Ismayıl təqaüd almır, yataqxanada yaşamır, çox pərişan olur, onun qolundan tutub birbaşa o vaxtkı Maarif Komissarının yanına aparır – xeyirxah Kirmanşahlının sayəsində Ismayıl Dağıstanlı – yox, hələ Dağıstanlı deyil, sadəcə Ismayıl Hacıyevdi – yataqxanada yerlə təmin olunur, təqaüd də alır…
Əbdürrəhim bəyin məsləhəti ilə Ismayıl Hacıyev aktyor Ismayıl Dağıstanlı oldu. Tələbə Ismayıl “Hikmət” təxəllüsü götürmək istəyirmiş, Əbdürrəhim bəyin sözünü yerə salmaq onun ağlına belə gəlməzdi.
Hər ayın axırında Ə.Haqverdiyev “pulunuz varmı” deyə tələbələrdən soruşarmış, utancaq tələbələr susardı, o, cavab gözləmədən hər tələbəyə 25 manat verər, “məşhur aktyor olanda qaytararsınız” deyərdi.
1928-ci ildə Ismayıl Dağıstanlı son dəfə atası Mirzə Yusiflə görüşüb, oğlunu aktyor görmək istəməyən sərt təbiətli ata bu görüşdə onu əfv edir, bağışlayır.Bu görüşdən bir qədər sonra Yusif kişi qəflətən vəfat edib.
Illər ötəndən sonra artıq tanınmış aktyor olan Ismayıl Dağıstanlı bir gün Zaqatala şəhərinə gəlir. Milis rəisi hörmətli qonağa silah kolleksiyasını göstərir və “hansını istəyirsən, götür” deyir. Aktyor tərəddüd etmədən gümüş bir xəncər götürür. Rəis soruşur ki, siz ərəb əlifbasını bilirsinizmi?- Bəli, bilirəm, – deyir aktyor.
Ismayıl Dağıstanlı ibtidai məktəbdə əski əlifbanı öyrənmişdi.
– Onda xəncərin üstünü oxu.
Ilahi, bu ki, möcüzədir, əsl möcüzə. Xəncərin üstündəki yazını oxuyan aktyor heyrətdən yerindəcə donub qalır. Gümüş xəncərin üstündə aşağıdakı sözlər yazılmışdı: “Zərnə sakini Hacı Məhəmmədin oğlu Yusifə”.
Bəli, bu xəncər babasının atasına ərməğanıydı, taleyin lütfüylə yenidən atadan oğula keçirdi. Bəlkə də Hacı Məhəmmədin, Mirzə Yusifin ruhu gözə görünmədən Ismayıl Dağıstanlını hər yerdə izləyirmiş, onu bütün bəlalardan qoruyurmuş…
Ismayıl Dağıstanlı o gümüş xəncəri ailə talismanı kimi sevirdi, sonralar o, bu ailə talismanını rəssam nəvəsi Yusifə bağışladı. Rəssam Yusif Cəfərov oğluna ulu babasının adını qoyub, bu gün həmin xəncər Yusifin oğlu Məhəmmədə əmanətdi.
Böyük sənət yollarında
O, səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. Bakı Teatr Texnikumunda təhsil alıb (1926-1930). 1927-ci ildən eyni zamanda təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib. 1930-cu ildən fasilələrlə Dram Teatrında, Irəvan Dram Teatrında (1936-37) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub (1932-1933). 1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Azərbaycan səhnəsində V.I.Lenin rollarının ilk ifaçısı kimi məşhurlaşıb. Sənətdə qazandığı uğurlarına görə respublikanın əməkdar artisti, xalq artisti fəxri adlarınına layiq görülüb. Ənvər Məmmədxanlının “Şərqin səhəri” pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, Ilyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” dramındakı Böyük bəy roluna görə isə 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub. Ömrünün son illərində Azərbaycan Incəsənət Institutunda kafedra müdiri vəzifəsində çalışıb.
I.Dağıstanlı teatr səhnəsində bir-birindən gözəl obrazlar yaradır, filmlərə çəkilir, radio və televiziya ilə əməkdaşlıq edir. Bu yorulmaq, usanmaq bilməyən romantik ruhlu müqtədir aktyor həm də görkəmli pedaqoq idi – o, M.A.Əliyev adına Incəsənət Institutunda səhnə danışığı fakültəsinin müdiri, “Cəfər Cabbarlı və teatr”, “SSRI xalq artisti Akaki Xorava”, “Böyük səhnə ustası” (milli teatrımızın banilərindən biri Abbas Mirzə Şərifzadənin yaradıcılığı haqqında), “Möhsün Sənani”, “Mustafa Mərdanov” monoqrafiyalarını yazıb çap etdirməyə də macal tapıb.
1974-cü ildə Moskvada Azərbaycan teatrının 100 illiyinə həsr edilmiş tədbirlər keçirilir. Akademik Dram Teatrı Moskva səhnəsində dörd tamaşa göstərir – bu dörd tamaşadan üçündə Ismayıl Dağıstanlı baş rolda oynayır…
Ismayıl Dağıstanlı 1936-cı ildə Luiza xanımla ailə həyatı qurur və onların üç qız övladı – Natella, Tamella və Lamiyə dünyaya gəldi. Bu evlilik 45 il davam etdi.
I.Dağıstanlının qızı Lamiyə xanımın xatirlərindən:
“Məişətdə çox sadə idi. Bazarlığı həmişə özü edərdi. Bir şey alanda ancaq qiymətinə görə alardı – bahalıdır, deməli, yaxşıdır. Anam deyərdi ki, səni görüb qiyməti qaldırırlar. Heç vaxt növbəsiz qabağa keçib nə isə almazdı, amma növbədə dayananlar, ya da satıcı onu görüb birinci yola salardılar”.Ismayıl Dağıstanlının müəllimi olmuş görkəmli rejissor Aleksandr Tuqanov “Ismayıl Dağıstanlı Şekspir obrazlarını oynamaq üçün səhnəyə gəlib” deyərmiş. Bir aktyorun həyat və yaradıcılığı haqqında bundan dəyərli söz söyləmək mümkün deyil.
Ismayıl Dağıstanlı 1 aprel 1980-ci ildə vəfat edib.
Yenə də Lamiyə xanımın xatirələrindən: “Atam rəhmətə gedən gündən üç gün sonra anam əllərini göyə qaldırdı:
– Allah, mənə beş il ömür ver, Ismayılın qalan işlərini qurtarım, uşaqlara da bir az kömək edim.
O gün mənim yaxşı yadımdadır. Düz beş ildən sonra anam doğulduğu ayda – 1985-ci ilin may ayında bizi sakitləşdirə-sakitləşdirə, “Ismayılın yanına gedirəm” deyərək dünyasını dəyişdi…”
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir