Vampirlər

“Yazıçı partiyalı olmaz”, – deyirlər. Bunu anlayır, qəbul edirəm. Binadan yolum belə olub. Ancaq fikri belə ifadə eləyərdim: “Partiyali olmasa, daha yaxşıdı”. Çünki yazıçı da vətəndaşdı və istədiyi qurumda təmsil olunmaq hüququ var. Bu hüququ məhdudlaşdırmağa kimsənin haqqı yox.“Yazıçı-şair sosial mövzularda yazmaz və ya cari məsələlərin publisistikasına baş vurmaz”, – bu da səslənən fikirlərdən biridi. Guya, bu, onun qələmini korşaldar, ilhamını küsdürər, bədii təxəyyülünü cırlaşdırar.

Insanın həyatdakı missiyası nədi? Yaşamaq, yaşatmaq, yaşayışa əngəl olanlara qarşı durmaq. Yazıçı insan deyilmi? Bədii əsər yaza bilən adam bununla öz missiyasını bitmiş saymalıdırmı? Məgər iki şəxsin sevgisini, cinsi yaşantısını yazmaqla, gözəl təsvir eləməklə iş bitirmi? Yazıçı mövzusunu həyatdan alır – əsərlərə qatılmış siyasi çalarlara dodaq büzənlər məgər siyasətin də bu həyatın bir ünsürü olduğunu anlamırmı? Mən hələ sosial mövzuları demirəm. Sanki yazıçının qələmi nəcisə bulaşırmış. O ayrı məsələdi ki, istənilən mövzuda necə yazmaq, gerçəyi necə ifadə eləmək söhbəti var. Hərçənd ki, hər gün qəzetdə yazmaqla şedevr yaratmaq olmaz, bu, heç lazım da deyil. Əsas olan ideyanı qoymaq, mövzunu doğru-düzgün qələmə almaq və oxucuya nə demək istədiyini imkan qədər aydın çatdırmaq lazımdı. Imkan qədər. Və imkan daxilində ona bir az yazı zövqü də yaşada bilərsənsə, nə gözəl. Missiya tamamdır.
Yazdığı yazılarda günün ictimai problemlərinə əl bulamayan, dərdlərə işıq salmayan, savaş açmayan yazarın bəzəkli daşdan heç fərqi yoxdu. Məncə, onun başına bir daş salsan, bəşəriyyət bundan heç zərər görməz.
Sözümün canı budur: Dünən “Azadlıq”ın saytında bir neçə materialla tanış olmuşam və inanılmaz dəhşət içindəyəm. Görəsən, bu qaniçənlərin vicdanı heçmi yoxdu? Həmin materialların adlarını sadalayıram:
1. “Goranboyda əsgər mal-qara otarır”;
2. “Şirkətdə Elnurdan başqa adam yox idi..”;
3. Turqut Ər: “Bakıda Öcalanın adamları var”;4. Beynəlxalq Avtovağzalın sahibi Vircin adalarından çıxdı;5. “Bir həbsin müəmmalı tarixçəsi”.

Yazıçılara ağıl verən tənqidçilərə, amorallaşmış oxuculara elə gəlir ki, adamlar cəmiyyətdə baş verən hər şeyi onsuz da yaxşı bilirlər, bildiklərini bir də oxucuya çadırmağın mənası yoxdu. Bu, sırf adamların öz dərilərində hiss elədikləri ağrı-acıya aid olduqda, gerçəkdən elədi. Yəni, vətəndaş nə çəkdiyini istənilən yazardan yaxşı bilir. Ancaq vətəndaş-oxucu bunun səbəbini, qaynağını, bu ağrı-acını törədən nədəni və bunun qarşılığında nə etmək gərəkdiyini bilirmi? Bax, elə yazarın borcu da məhz budu – səbəbləri və bu səbəblərdən hansı nəticəni çıxarmağı anlatmaq – öz bildiyi qədəri ilə. Üstəgəl həmin səbəblərin adi vətəndaşa öz-özünə çatacağını zənn eləmək kökündən yanlışdı. Mətbuatın it əzabıyla əldə elədiyi informasiya adi vətəndaşın əlinə haradan düşə bilər?

Metafizik problemlərdən başqasına bığını batırmaq istəməyənlər üçün qiraətçi olmaqla özümüzü abdal yerinə qoymayaq. Xətri istəyən zəhmət çəksin oxusun. Biz ərinmədən, utanmadan, usanmadan ən quru publisist yazıları yazmaqda davam eləyəcəyik. Bəd ayaqda arabasında insanlara çörək daşıyan arabaçı bəşəriyyətə dahi yazıçıdan daha çox xeyir verir. Dostoyevski deyib, yanılmıramsa. Mənə bir də bunu demək qalır ki, oxuduğum bu materiallar məni dəhşətə gətirib. Bu hakimiyyətin başındakılar gerçəkdən insanların qanıyla qidalanır. Bir gün irin kimi burunlarından piltə-piltə gələcəyinə də heç şübhəm yoxdu. Yeməyənlər rahat ola bilər. Allah hər kəsə o günü görməyi nəsib eləsin. Necə deyərlər, inşaallah.