Arif Məmmədov: “Qənimət Zahidin qohumlarına qarşı başlanmış repressiyalar acizliyin və aşağılığın nümunəsidir”
“Bu cür addımlar atan insanlar bir az qabağa baxaraq, öz övladları və qohumları barədə düşünsünlər”
Azərbaycanın Avropa Şurası və Avropa Birliyindəki keçmiş nümayəndəsi, diplomat Arif Məmmədov “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” proqramının müəllifi Qənimət Zahidə qarşı qohumlarının həbsi ilə başlanan yeni təzyiq kampaniyasına etirazını bildirib. Arif Məmmədov bu barədə özünün facebook səhifəsində yazıb:
Qənimət Zahidin qohumlarına qarşı başlanmış repressiyalar acizliyin və aşağılığın nümunəsidir. Bu cür hərəkətlərin Ramazan bayramı vaxtı həyata keçirilməsi Allah qarşısında da böyük günahdır.
Şübhəsiz, bu həbslər və təqiblər Qənimət bəyin apardığı və gündən-günə populyarlaşan “Azərbaycan saatı” verlişi ilə bağlıdır.
Siyasi rəqibin söylədiklərinə görə onun ailə üzvlərindən, yaxın qohumlarından qisas almaq müasir dövrdə qəbuledilməzdir.
Şamaxının Meysəri kəndində yaşayan və xalq arasında böyük hörməti olan Qənimət Zahidin ailəsinə və xüsusilə, 87 yaşlı anası Xədicə xanıma qarşı atılan ilginc addımlar nə milli mentalitetimizə, nə də müsəlmançılığa sığan hərəkətdir.
Mən tam əminəm ki, bu cür addımlar Qənimət bəyin əzmini və mübariz ruhunu daha da möhkəmləndirəcək və kəskinləşdirəcək.
Bu cür addımlar atan insanlar bir az qabağa baxaraq, öz övladları və qohumları barədə düşünsünlər.