Ilham Əliyevi saymayan nə qədər nazir varmış!

Ölkənin hazırkı durumu həsənsoxdu dəyirmanını xatırladır: kim nə bilir edir, ağlına və ağzına gələni danışır, kimsəni, o cümlədən möhtərəmimizi vecinə də almır, hörmətlinin sözü öz nazirlərinə, Nazim Hikmət demiş, “vız gəliyor”.

Inanmırsızsa, mən sayım, siz də baxın:

Elə ötən həftə yazdıq ki, “Youtube” saytında möhtərəmin şərəf və layəqətini dəhşətli dərəcədə alçaldan videomontajlar var və MTN zəhmət çəkib bu çarxları yığışdırmaq barədə heç düşünmür də!

Deməli, Eldar Mahmudov möhtərəmi neyləmir? Saymır!

Bu il martın 9-da möhtərəmimiz zəhmət çəkib Hacıbala Abutalıbovun qərargahına gəldi, məmurlarını başına cəm elədi və “Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair” təntənəli bir müşavirə keçirdi. Bu müşavirədəki yekun nitqində möhtərəm dedi ki: “Evlərin qeydiyyata alınması problemi vardır. Biz bu problemi bilirik. Biz bu problemi həll etməliyik. Ancaq elə etməliyik ki, bu problem həll olunarkən xoşəgəlməz halların qarşısını tam şəkildə ala bilək. Şəxsən məni bu məsələnin həlli ilə bağlı ən çox narahat edən məsələlər məhz bu mənfi hallar və onların mümkünlüyüdür. Çünki o evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyataalma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır…”

Bu yerdə möhtərəmimizin dürr kimi sözünü balla, bəkməzlə kəsib, bir balaca təhlil yapaq. Hörmətlimiz ondan narahatdır ki, evlərin sənədləşməsilə bağlı verdiyi sərəncamı hansısa bişərəf məmur rüşvət mənbəyinə çevirə bilər. Çünki “bu, reallıqdır”.

Dəhşəti görürsünüzmü? Hörmətlimiz rüşvətin, əsassız maraqların olmasını “reallıq” kimi dəyərləndirir, onun sərəncamından sui-istifadə edildiyini, sözünün və qərarlarının məmurlar üçün qoz qabığı olduğunu bilir, amma buna qarşı tədbir görməkdə acizlik göstərir.

Keçək möhtərəmimizdən gətirdiyimiz sitatın mabədinə: “…Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər yarada bilər…”

Son cümlədən görünür ki, tamahkarlar möhtərəmimizin bir çox “xoşniyyətli təşəbbüslərinin” içinə zibil qoyublar. Çünki hörmətlimiz açıq-açığına “yenə də” sözünü işlədir. Yəni, bu hal dəfələrlə olub, xoş niyyəti itin gününə qoyublar və möhtərəm də bundan çox narazıdır.

Xoşniyyətli təşəbbüsün pisniyyətli vəziyyətə salınmaması üçün möhtərəmimiz, Hacıbala Abutalıbova şəffaf mexanizm hazırlamaq tapşırığını verir. Əla! Martın 9-dan bu günə kimi 4 ay vaxt keçib. Hanı “şəffaf mexanizm”? Hacıbala Abutalıbov bu 4 ayda “mexanizmi” niyə işləyib hazırlatmayıb?Deməli, Bakı şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov möhtərəmimizi neyləmir? Saymır!

Bu müşavirədən – yəni qanunsuz tikililərin sənədləşməsilə bağlı hörmətlinin möhtəşəm çıxışından dərhal sonra Rövnəq Abdullayev Neft Şirkətinə məxsus ərazilərdə ev tikib illərlə yaşayan insanların ocağını söndürməyə girişdi. Abdullayev 4 aya yaxındır ki, əhalinin evini başına uçurmaqla məşğuldur. Niyə? Çünki qanunsuzdur!

Bəs, möhtərəm demədimi ki, qanunsuz tikililər sənədləşdirilsin? Dedi! Bəs, Rövnəq Abdullayev niyə belə eləyir?
Deməli, ARDNŞ prezidenti Rövnəq Abdullayev möhtərəmimizi neyləmir? Saymır!
Rövnəq Abdullayev sökmə əməliyyatını qanuniləşdirmək üçün sakinləri bir-bir məhkəməyə verir. Məhkəmə isə ev sahiblərinin əleyhinə qərarlar çıxarır. Bəs, möhtərəmin tapşırıqları? Cəmi 4-cə ay bundan əvvəl hörmətlimizin dedikləri? Məhkəmə orqanları niyə ölkə prezidentinin sözünü bir kənara tullayıb R.Abdullayevin iddialarını təmin etməklə məşğuldur?
Deməli, ədliyyə naziri Fikrət Məmmədov da möhtərəmimizi neyləmir? Saymır!
Mən də onu deyirəm də. Ki, möhtərəmimizi prezident yerinə qoyan yoxdur.