elnurastanbeyli@gmail.com
Bir dəfə də yazmışdım, yenə yazmaqda fayda var: azərbaycanlıların çox mənasız klişelərindən biri ölünün arxasınca pis danışmamaqla bağlıdır. Guya ölünün arxasınca ya heç danışmazlar, ya da yaxşı danışarlar.
Sanki bizim camaat qəbirə hamam kimi baxır, elə ki, məzara qoyuldun, avtomatik olaraq kirə çıxırsan. Həyatda nə qədər pis əməllərlə məşğul olmusan, hamısı unudulur, hər kəsdən sənin ömrün boyu etdiyin yamanlıqlar barədə ya yaxşı danışmaq, ya da, ümumiyyətlə, susmaq tələb edilir.
Bu klişe məni həmişə iyrəndirir. Əminəm ki, bu klişenin arxasında adamların özlərindən bədgümanlıqları dayanır. Onlar istəyirlər ki, heç olmasa, dünyalarını dəyişəndən sonra ətrafın da onlara münasibəti dəyişsin, nə vaxtsa qol qoyduqları bir pislik, yamanlıq yaddan çıxıb getsin, adları ancaq rəhmətlə anılsın və s. və i.
Siz allah, bütün həyatı boyu rüşvət almış, haram yemiş, başqasının cibinə girmiş, başqalarının bədbəxtliyi üzərində özünə xoşbəxt səltənət quran birinin iddiasına baxın: bu öləndən sonra ya gərək onun haqqında susasan, ya da yaxşı danışasan.
Yaxud sən ömrünü Şərə xidmətdə, yalana qulluqda keçir, ömrün boyu həqiqəti baltalayıb, vicdanlı adamları ləkələməyə çalışıb özünə, övladlarına komfortlu həyat, karyera qur, sonra da gözlə ki, insanlar bütün bu çirkin işlərini bir gün unudub, hətta sənə rəhmət oxusunlar, arxanca yaxşı danışsınlar. Niyə? Xeyir ola?! Əgər sən yaşadığın ömürdən, tutduğun əməllərdən bədgüman deyilsənsə, həyatından arxayınsansa, niyə narahat olursan, niyə özünün olmadığın bir dünyada adamların sənin haqqında necə danışacağına qərar verməyə çalışırsan, onların sənin barəndə necə danışmalı olduğunu bəri başdan müəyyənləşdirmək istəyirsən? Bir halda ki, həyatını gözəl işlərə sərf etmisən, ən azı buna cəhd etmisən, deməli, məntiqlə özündən sonra ilə bağlı narahatlığın da olmamalıdır, adamların səni necə dəyərləndirəcəyindən əndişə də keçirməməlisən.
Ümumiyyətlə, azərbaycanlılar çoxluq etibari ilə sorğulamaqdan qorxduqları, çəkindikləri kimi, sorğulanmaqdan da qorxurlar, çəkinirlər. Onlar bu zəngin torpaqların üzərində niyə səfalət, borc bataqlığı içərisində yaşadıqlarının hesabını istəyə bilmədikləri kimi, özlərinin də hər hansı hesab vermədən yaşamalarını istəyirlər. Istəyirlər ki, seçki qutusuna topa-topa bülleten doldursunlar, üzə dursunlar, işverənlik eləsinlər, yaltaqlansınlar, amma heç kim buna görə ona güldən ağır söz deməsin, əksinə, hamı fikirləşsin ki, “neyləsin e, evdə balaları var”. Bax biz belə zərərli, zəhərli düşüncənin hakim olduğu ölkədə yaşayır, onu dəyişmək, ona ləyaqətli, işıqlı bir gələcək yaratmaq istəyirik. Missiya çox ağırdır. Çox.
Həm sorğulamaqdan, həm sorğulanmaqdan qorxan, çəkinən toplumların can və mal güvənliyi, səadət, rifah, özgürlük içində yaşamaq şansı Yunus Oğuzun alaçiy yazıçı, Rəşad Məcidin ortabab şair olmaq şansından daha azdır.
Bir toplumun qaranlıqdan aydınlığa çıxması üçün o toplumda hər kəsin sorğulamaqdan və sorğulanmamaqdan, hesab istəməkdən və hesab verməməkdən qorxması şərtdir. Heç kimin heç bir pis əməlinin üstü heç bir yolla örtülməməlidir, o cümlədən torpaqla! Ölüm yaramazlıqlara həsr olunan ömürlərin bəraətvericisinə çevrilməməlidir. Hər kəs zəhmət çəkib elə bir ömür yaşamalı, elə əməllərlə məşğul olmalıdır ki, sonra oturub vəziyyətdən çıxmaq üçün “ya ölünün arxasınca heç danışmazlar, ya da yaxşı danışarlar” kimi axmaq bir “məntiq”dən mədət ummasın.