«Yeni Müsavat»ın baş yazarı öz «seçim»ini açıqladı
Bizim bugünə qədər “Yeni Müsavat” haqqında yazdıqlarımız şər-böhtan olmayıb. Bu qəzet haqqın bostanına daş atanda, həmin daşı götürüb başına vurmuşuq. Ya da sübut etmişik ki, bu daşı sən atmısan.
Əslində “Yeni Müsavat” haqqında yazmağa həvəsli deyilik və bu qəzeti artıq rəqib kimi görmürük. Sadəcə olaraq hakimiyyət ağacının budağına çevrildiyi üçün hərdən “su çiləmək” lazım gəlir. Amma hər dəfə Rauf Arifoğlunun yazarları bizi haqsız çıxarmağa, onlara şər-böhtan atdığımızı sübut etməyə çalışırlar. Üstəlik, bütün enerjilərini AXCP və onun liderinə xərcləyirlər. Amma bugünlərdə “Yeni Müsavat” şefi yaxşı bir müsahibə verdi və hamının bildiyi həqiqəti etiraf etdi.
“Əvvəllər olduqca qatı müxalif mövqedən yazırdıq – ÿo zaman sözün birbaşa mənasında, müxalifətə işləyirdik. Həm dəÿtam təmənnasız. Üstəlik, həyatımız da, biznesimiz də risk altında idi. Lakin bu fəaliyyət tiraj gətirirdi. Sonra Azərbaycan müxalifəti özünü də, şanslarını da bitirdi. Artıq ”müxalifətə işləmək" mənasız, perspektivsiz, həm də tirajsız bir fəaliyyət növü oldu. Bu düşərgənin ən parlaq simaları, çoxminli üzvləri onu tərk etdi, əmək və siyasi mühacirətə gedənlər də on minlərlə oldu. Belə bir vəziyyətdə ya “Azadlıq” qəzeti kimi “boyevoy listok”a çevrilib, hansısa bir liderin əlinin altında qalmalı, maaşsız, “beş parasız” partiya qəzeti olmalı, ya da müstəqilləşib, siyasi düşərgələrlə məsafə yaradıb, normal qəzetçiliyə keçməli idik. Mən ikinci yolu seçdim. “Yeni Müsavat” indi özünə işləyir, xəbərə işləyir və onun artıq öz maraqları, öz çıxar və quralları var. Əvvəl bu yox idi. Mən özümü də, qəzeti də, kollektivi də Müsavata və onun maraqlarına tabe etdirmişdim. Bunun bədəli olaraq iki dəfə həbs yatdım, iki dəfə ofis itirdim, çoxlu düşmən qazandım – ÿlakin gözləntilər olmadı. Müxalifətçilik perspektivsiz işə və siyasi bataqlığa çevrildi. Bir az da qalsaydıq, qəzet də özümüz də batacaqdıq… Indi isə kimsədən asılı deyilik, hətta o qədər ki, istəsək iqtidara da işləyərik"- deyə Rauf Arifoğlu bildirib.
Bəs bu qədər müddətdə bizi yorurduz? Biz də deyirik ki, siz “boyevoy listok”dan “xolostoy listok”a keçmisiniz. Biz də deyirik ki, siz keçmişinizdən üz döndərmisiz. Biz də deyirik ki, siz mübarizəni pula dəyişmisiz. Biz də deyirik ki, siz hakimiyyətlə məsafəni qısaltmaq üçün Əli Kərimliyə uzun böhtanlar atırsınız.
Rauf Arifolğu da etiraf edir ki, prinsipiallıq, xalqa xidmət etmək, ləyaqətli mübarizə insanları pulsuz qoyur, qəzeti müflisləşdirir və.s Bəli, Rauf Arifoğlu etiraf edir ki, “Azadlıq” və AXCP şərəfli yolu davam etdirir. Amma bu etirafın özündə də bir etiraf yatır. Rauf Arifoğlu boynuna alır ki, prinsipial insanları hədəf seçməkdə məqsəd təminat əldə etmək, həbsdən sığortalanmaq və daha çox qazanmaq üçündür. Yaxşı olar ki, Rauf Arifoğlunun səngərində qoşa lülə ilə keşik çəkənlər şeflərinin müsahibəsini bir daha oxusunlar. Və şahid olsunlar ki, şefləri seçim qarşısında qalanda ən pis yolu seçib. Yəni, Rauf Arifoğlu da avtoritarlaşıb. Demokratların yanında pulsuz olmaqdansa, avtoritarların yanında pullu olmağı seçib. Axı namaz və orucun fəlsəfəsi buna ziddir. Məgər Allah “zalıma qarşı mübarizədə tək də olsanız təslim olmayın” demirmi? Axı Hacı Rauf özünü inanclı kimi göstərib. Indi Raufun məntiqiylə belə çıxır ki, Imam Hüseyni qaranlıq xeymədə tərk edib gedənlər haqlı imiş. Deməli dərinə getsək Şümrə, Yezidə də haqq qazandırmaq olar?
Əsas odur ki, vəziyyət tərəddüd edənlər üçün də aydın oldu. Bundan sonra Rauf müəllimi müdafiə edənlər başqa məqamlar tapsınlar.
Rauf Arifoğludan da xahiş edirik ki, bu qədər etirafdan sonra “müstəqil qəzet” sözünü işlətməsin. Ən azı ona görə ki, müstəqil qəzetin səhifələrində “AXCP günləri” keçirilmir. Yaxud, qovulmuş cəbhəçilərin ovuna çıxıb padşaha ənam aparmaq müstəqil qəzetin missiyası deyil. Rauf Arifoğlu etiraf edir ki, biznesini qorumaq üçün həyatını təhlükəyə atanlara savaş açıb.
Rauf bəyə bir şad xəbər də verək ki, o elə əkdiyini biçir. Görünür, “Yeni Müsavat”ın münbit torpağında şər-böhtan əkəndə yaxşı pullar biçmək olur.
Biz həqiqətən də Rauf Arifoğlunun haqqında danışdığı yaxşı maaşdan, biznesdən, komfortdan məhrum olmuşuq. Amma şükürlər olsun ki, vicdanımız, ruhumuz komfort yaşayır. Alnımız açıq, dilimiz uzundur. Biz seçim qarşısında qalanda Rauf Arifoğlunun seçmədiyi yolu seçdik.
P.S Media kapitanının müsahibəsi həm də onu göstərdi ki, hətta müxalifətçi olduğu illərdə də səmimi olmayıb. Sadəcə olaraq dollar iyinə gəlib, qəpik-quruş bişdiyini görüb.
Akif


