Üstümüzə gələn İrasimlər

Yaxud “Yeni Müsavat”ın mübarizədə Saranın bəxt üzüyü kimi itməkliyi

İlham Hüseyn

Bu qədər "dalay-dalay" etmək olmaz. Arada normal ifa etmək də lazımdır. Rauf Arifoğlunun yazarları isə "nəqarət" dən o tərəfə gedə bilmirlər. Yenə də "cavab" yazıblar. Öz aləmlərində Eyfel qülləsi boyda arqument tapıblar. Amma rellıq budur ki, bütün “arqumentləri” bir yerdə sahil qumundan düzəldilmiş təpə boyda da deyil. Bu dəfə də "Yeni Müsavat"ın köhnə yazarı tarixə ekskurs edib. AXCP-nin keçmişdə hakimiyyətə qarşı loyal münasibətdə olmasından, "Azadlıq"ın Elçibəyi tənqid etməsindən söhbət açıb.

Əslində, həmkarımızın keçmişə addımlaması normaldır. Güllə qurtaranda boş silahla da rəqibi qorxutmaq ehtimalı var. Amma həmkarımızın əlində tutduğu silahın lüləsi əyridi. Yəni, bu silahla rəqibə "əllər yuxarı" demək mümkün deyil. Çünki, "Azadlıq"ın cəbhə hakimiyyəti dövründə də tənqidçi qəzet olması kompramat yox, komplimentdir. Yaxud, Əli Kərimlinin deputatlıq dövrü partiyanın əleyhinə yox, leyhinə işləyən tarixdir. Çünki Əli Kərimli mandatı əzizləməklə məşğul olmayıb, Milli Məclisin sessiyalarında rejimi divara dirəyib. Bu gün də Əli Kərimli o şər divarına külüng vurmaqdadır. "Yeni Müsavat" isə bu divara "sement" sürtüb, onu qalınlaşdırmaqla məşğuldu. Amma keçmişə çox ilişib qalmaq fikrimiz yoxdu. Çünki bu gün arqumentsiz qalanlar üçün keçmişə səyahət etmək hədəfdən yayınmaq imkanıdır.

Rauf Arifoğlunun yazarı deyir ki, əgər "Azadlıq"a cavab verməsəydilər susdurulmuş görünəcəkdilər. “Azadlıq”a “söz davası”nda uduzmaq istəmirlər, yəni. Şərin qarşısında azad sözün davasını apara bilməyənlər bizə çatanda prinsipiallıq göstərirlər. Bizə cavab verib-verə bilmədiyiniz önəmli deyil, tarixdə qalan bu olacaq ki, hansı sürətlə “Yeni Azərbaycan”laşdız, haqq deyən dillərə qıfıl vuran bir rejimin sözçüsünə necə çevrildiz.

O ki, qaldı guya sizi "amansız mübarizəyə" təhrik etməyimizə, bizə haqsızlıq edirsiz. Sizdən daha şərə qarşı ən ölüvay mübarizəni də gözləmirik. Bilirik ki, indi sizin başqa "missiya"nız var, sizin üçün həqiqi mübarizə eramızdan əvvəldə qalıb. Sadəcə olaraq çirkli işləri ifşa etmək, keçmişi yada salmaq zəruridir. Bu gün Rauf Arifoğlu Prezident Aparatınn "AXCP işləri üzrə şöbə müdiri" kimi fəaliyyət göstərirsə, bizim də qələm bulamağa haqqımız var. Bizim bu ölkəyə hansı dəyərləri gətirdiyimiz göz qabağındadır. "Cəbhəçinin üçmərtəbəli evində yanğın baş verib", "ağır şəraitdə yaşayan cəbhəçi partiyadan istefa verdi" kimi "dəyərlər” isə sizə məxsusdur. Maraqlıdır, 3 villası olan adamı üçmərtəbəli ev niyə təəccübləndirir? Niyə yataqxanada yaşayan cəbhəçilər də "təsadüfən" qarşınıza çıxmır?

Müqəddəs yola xəyanəti çox görmüşük. Etiraf edək ki, öhdəlikdən doğan analoqsuz xəyanəti "Yeni Müsavat"ın repertuarında gördük. Bizə ad qoymağa gəlincə, Söylüdən sitat gətirməyə ehtiyac yoxdur. Bizə ən iyrənc adları yapışdırmağa çalışıblar. Amma xəyanətin kleyi ilə vicdanın divarına oboy yapışdırmaq olmaz. Bu illər ərzində üstümüzə çox İrasimlər gəlib. Çox Moşular haqqımızda "qafiyə" tutmaq istəyib. Amma hamısı Saranın bəxt üzüyü kimi itib. Yalana üz tutanda biıməliydiniz ki, həqiqət acı olur.