Zəfər Quliyev
Iyulun 4-də prezident Ilham Əliyev bir qrup şəxsin “Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə” “Tərəqqi” medalı ilə təltif olunmasına dair sərəncam imzalayıb. Mükafatlandırılanlar arasında prezidentin qızı Leyla Əliyeva, həmçinin ölkənin ən nüfuzlu oliqarxlarından biri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov da var.
Onlar “Xalqlar arasında dostluğun möhkəmlənməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərə görə” mükafatlanıb.
Pərəstişin və klan hakimiyyətinin möhkəm bərqərar olduğu Azərbaycanda bu, heç kimi təəccübləndirmir. Bu xəbərin maraqlı tərəfi ondan ibarətdir ki, Leyla Əliyeva bu mükafata mətbuatda prezidentin balalarının “biznes-hünərləri” barədə ifşaedici faktların açılmasından bir neçə gün sonra layiq görülüb. Söhbət Leyla və Arzu Əliyevaların mobil rabitə operatorlardan biri olan “Azərfon”a gizli (cəmiyyətdən möhkəm gizlədilir) sahibliyindən gedir.
Yeri gəlmişkən, bu, prezident Ilham Əliyevin övladlarının iri biznesə nəzarət etdiyi və mənbəyi açıqlanmayan nəhəng mülkiyyətə sahib olması ilə bağlı ilk məlumat deyil. Bir qədər əvvəl “Washington Rost” qəzeti prezidentin oğlu və qızlarının Dubayda iri daşınmaz əmlakı barədə jurnalist araşdırması, “Azadlıq” radiosu isə Arzu Əliyevanın tender keçirilmədən dövlət bankını özəlləşdirməsi ilə bağlı yazı dərc edib. Bir qədər sonra Sontast.az saytı birinci ledi və qızlarının ölkənin bank sektorunun böyük hissəsinə nəzarət etməsi barədə araşdırma təqdim edib.
Təəssüf ki, Azərbaycanın ali rəhbərliyinin bu kimi nəşrlərə cavabı həmişə nümayişkaranə şəkildə ziddiyyətli olub – hakim klanın nümayəndələri yeni titul, mükafatlara layiq görülüb, öz kölgə bizneslərini və pərəstiş şəraitini daha da artırırlar. Bu dəfə də qalmaqallı ifşaya cavab olaraq prezidentin qızı medala layiq görüldü.
Azərbaycanın klan hakimiyyətinin ən qəribə xüsusiyyətlərindən biri də odur ki, onun ali nümayəndələri və hakim ailənin üzvləri ölkədə siyasi və iqtisadi hakimiyyətləri ilə kifayətlənmək istəmir, onlar həm də öz hədsiz ambisiyalarının simvolik, statuslu və pərəstişli təsdiqinə də iddia edir. Nəhəng imtiyazlar, böyük vəzifələr, hədsiz biznes-mənbələri, dünyanın müxtəlif yerlərində mülklər, milyardlıq var-dövlət, hədsiz miqyasda birbaşa və kölgə təsiri imkanları – ancaq elə bil bunların hamısı azlıq edir. Sanki hansısa gizli natamamlıq kompleksi ilə mübarizə apararaq onlar durmadan “özlərini təsdiq edir”, hər zaman orden və medal, şöhrət və nüfuz, pərəstiş və ehtiram, yeni ad və titullara həsrətdilər.
Xatırladaq. 1998-ci ildə Heydər Əliyev öz qardaşı Cəlal Əliyevi “Müstəqillik ordeni” ilə mükafatlandırdı. 2005-ci ildə prezident Ilham Əliyev özünü ölkənin ən ali mükafatı – yeni təsis olunmuş “Heydər Əliyev ordeni” ilə təltif etdi. 2010-cu ildə Heydər Əliyevin qohumu – Naxçıvan Muxtar Respublikasının əvəzsiz rəhbəri Vasif Talıbov “Şöhrət” ordeni aldı. Paşayevlər klanının nüfuzlu üzvləri də ali dövlət mükafatlarından kənarda qalmayıb. 2009-cu ildə Mehriban Əliyevanın atası, akademik Arif Paşayev “Şərəf” ordeni ilə mükafatlandırıldı. Bu ilin may ayında isə prezident Ilham Əliyev birinci ledinin əmisi, xarici işlər nazirinin müavini, Diplomatik akademiyanın rektoru Hafiz Paşayevi “Şöhrət” ordeni ilə təltif etdi. Artıq mükafatlandırma növbəsi prezidentin övladlarına da çatıb.
Son illər açıq-aydın tendensiya müşahidə olunur: “əlahəzrət”lərə dövlət qayğısı və diqqəti ölkənin sıravi vətəndaşlara, onların problemlərinə, ehtiyaclarına maraq və diqqətin azalması ilə müşahidə edilir. Oğru və klan hakimiyyətinin inkişafının məntiqi artıq elə vəziyyət yaradıb ki, bütün ölkə hakim ailənin və bir ovuc nüfuzlu oliqarxın kapriz və ambisiya maraqlarına xidmət zonasına çevrilib. Əgər təbliğatı kənara qoysaq, onda “əlahəzrət xalq” tədricən müasir Azərbaycanın siyasi sistemində artıq elementə çevrilir.
Nümunəvi misal. Əgər əvvəlki illərdə heç bir bayram, şənlik, yaxud prezidentin ölkədaxili səfərləri hətta ciddi hazırlanmış şəkildə də olsa, “xalq iştirakı” faktoru olmadan baş tutmurdusa, indi situasiya köklü şəkildə dəyişib.
Təbliğat səviyyəsində “hər şey xalq üçün” olduğu bəyan edilsə də, hakim elita əməldə “heç bir xalq olmadan” prinsipini reallaşdırmağa can atır. Əks halda bəzi paradoksları necə izah etmək olar? Məsələn, bu il prezident, ailəsi və hakim elita nümayəndələrinin iştirakı ilə Novruz bayramı münasibətilə keçirilən “ümumxalq şənlikləri” xalqın tamamilə yoxluğu şəraitində keçdi – Bakının mərkəzinin dənizkanarı hissəsi ciddi polis nəzarətinə alındı və bura əhalisiz məkanı xatırladırdı. Yaxud bu yaxınlarda ölkənin əsas meydanında keçirilən təmtəraqlı hərbi paradı deyək: yenə də bütün ərazi Azərbaycanın hərbi texnika sahəsində əldə etdiyi nailiyyətləri ilə qürurlanmaq istəyən sadə vətəndaşlar üçün tamamilə bağlı oldu.
Yaxud qəzetlərin yazdığı sonuncu fakt. Hakimiyyət artıq uzun müddətdir insanların məskunlaşdığı 16 mərtəbəli binanı sökmək qərarına gəlib. Bunu ancaq o səbəbdən edirlər ki, xeyli uzaqda tikilən prezidentin yeni iqamətgahının ərazisi yuxarı mərtəbələrdən görünə bilər. Bu fakt Azərbaycan hakimiyyətinin klan-oliqarx mahiyyətini və onun sıravi vətəndaşların hüquq və maraqlarına nümayişkaranə etinasızlığını açıq şəkildə göstərir. Hər şey isə şəxsiyyətə pərəstiş siyasətindən başlayırdı…