İntelektdən süzülən mübarizə

Məhəmməd Talıblı
 
(Təbrik sözü)
 
SƏADƏT CAHANGİR. Bu ad hamıya tanışdır. Xüsusilə “Azadlıq”ın daimi oxucularına. Uzun illər boyu jurnalistika sahəsində öz sözün demiş və yaradıcılıq yolunu israrla və fasiləsiz davam etdirən dəyərli qələm sahibidir Səadət xanım. Dünən bir qrup jurnalist Həsən bəy Zərdabi mükafatına layiq görülüb. Onları bu   mükafata layiq görən Azərbaycan Jurnalistlər Birliyi Səadət xanımı da yaddan çıxarmayıb. Təbriklərə qoşuluram! Bu təbrik uzun illərdir yaxından tanıdığım Səadət xanım haqqında ümumiləşmiş obrazı ifadə etmək üçün vəsilə oldu. Səadət xanımı mətbuatdan özünün imzası ilə tanımaq azdır. Onun mübarizə yolu və intelektual imkanları ilə yaxından tanış olmaqda fayda var.  
Uzun illər biri-birimizi qiyabi tanısaq da, sonralar əyani tanışlıq və komanda yoldaşı olmaqla bir yerdə çalışmaq qisməti var imiş. Düz 10 il öncə o, BP şirkətində daimi əməkdaş, mən isə həmin şirkətlə bağlı başqa bir layihədə ekspert kimi çalışırdım. Daha sonralar bir media qurumunda çalışan Səadət xanım mənə bir sosial sfera ilə bağlı bir araşdırma aparmaq təklifi etdi. Həmin araşdırmadanı təqdim edəndən sonra isə mənə daha bir daimi əməkdaşlıq və davamlı iqtisadi təhlil yazıları yazmaq təklifi edildi. Razılaşdım və hər ikimiz həmin layihədə əməkdaş olaraq çalışdıq. İki illik əməkdaşlıq çərçivəsində sözün əsl mənasında Səadət xanımın yaradıcılıq qabiliyyətini və dilin necə incəlikləri bilmək bacarığını gördüm. Qarşılıqlı mübadilə və məsləhətləşmələrdən mən şəxsən çox faydalanırdım. Bəzən mürəkkəb təsir bağışlayan cümlələrimi elə sadə və az sözlə daha çox məna ifadə edən cümlələr formasına salırdı ki, bütün bunlar yazıya əlavə çalar qatırdı. Bütün bu ağır işlərə baxmayaraq həmin vaxt Səadət xanım ayrı-ayrı dəsti xətti olan iki media qurumları üçün müxtəlif mövzularda yazılar da yazırdı. Yoruldum demədən və usanmadan. 
İndi əcaib bir moda var. Azca ingilis dilində və ya məişət səviyyəsində bilən adam az qalır yoldaşları ilə təmasda da çay süzmək xahişini ingilis dilində sözləri uzadaraq müraciət etsin. İngilisdilli olmasını necəsə biruzə vermək istəyir. 
Səadət xanım hətta dil məsələsi ilə bağlı müzakirələrdə belə sanki heç bir dil bilməmiş kimi özünü apardığını görmüşük. Halbuki, Səadət xanım elə təkcə mənim oxuduğum bir neçə iqtisadi nəşrin (“Adam Smit-İqtisadiyaytın əlifbası” və “Kapitalizm mənəviyyatı”) ingilis dilindən tərcüməsiçisini edib. Bunu isə onun özü demədən, tərcüməçinin kim olması ilə tanış olanda görmüşdüm. Bu yerdə dahilər deyiblər: daha çox bilgi, daha az eqo, daha az bilgi, daha çox eqo! 
Səadət xanımı təkcə dilin xüsusiyyətlərini yaxşı bilməsi, peşəkar tərcüməçilik qabiliyyəti və yaxşı yazar olması ilə seçilmir. Onun çox güclü mütailə qabiliyyəti və davamlı öz üzərində çalışması onu digərlərindən fərqləndirən əsas nişandır. Bütün bu ağır işlərdən sonra tələbəlik illərindən yolunda olduğu siyasi müxalifətçiliyi şövqlə və böyük maraqla daşıya bilən mübariz xanımdır. Səadət xanım, 88-ci ildə başlanmış milli azadlıq hərəkatının gənc fəallarından olmuş və hazırda cumhuriyyət dəyərləri uğrunda mübarizənin öz sıralarında yer alır. Demokratik dəyərlərin formalaşmasında və onun ideya əsaslarının ictimailəşməsində mühüm rol oynayır. H. Zərdabi mükafatı sadəcə yaxşı qələmi olanların sahib olacağı bir mükafat deyil. Zərdabi eyni zamanda paytaxtdan kənarda – kənddə yaşasa da, bütövlükdə ölkənin demokratik ideyalarının təbliği sahəsində böyük işlər görürdü. Bu baxımdan Səadət xanım Zərdabi mükafatını almaqla  onun mənsub olduğu demokratik ideyaların təbliği ilə bağlı sanki eyni işi XXI əsrdə təkrarlamış olur. Haqqın mübarək, Səadət xanım!