Qaranlıqdan qeydlər – 6

elnurastanbeyli@gmail.com

***
Şərhsiz

Ilham Əliyev: “Ermənistanda kriminal diktatura rejimi öz xalqını əzir, xunta xalqın hesabına varlanır” (13 iyul, 2015-ci il).
***
Coca Cola və azərbaycanlılar

Azərbaycanlılar “Coca Cola”nın ziyanı haqqında danışmağa, öyüd-nəsihət verməyə sərf etdikləri vaxtın mində birini korrupsiyanın, yaltaqlığın, işverənliyin, üzəduranlığın, seçki saxtakarlığının, yerlibazlığın, tayfa-klan hakimiyyətinin, monarxiyanın ziyanı haqqında danışmağa sərf etsəydilər, yəqin indi çox xoşbəxt yaşayardılar.
***
Azərbaycan səhiyyəsinə ithaf

Həkim xəstəyə:
– Necə narkoz istəyirsiz: bahalı, ya ucuz?
Xəstə:
– Əlbəttə ki, ucuz!
Həkim:
– Lay-lay-lay!

***
Isgəndər Həmidovun seçkisi

Isgəndər Həmidov deputatlığa namizədliyini verəcəyini deyib.
Məncə, o əslində namizədliyə deputatlığını verməlidir.
***
Rəzalətin son həddi

Kütləvi Informasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli: “Bu il milli mətbuatın 140 illik yubileyi ilə bağlı jurnalistlərə fəxri adların verilməsi ilə əlaqədar Prezident Administrasiyasına 800-dən çox müraciət daxil olub”.
Bu da sizə Azərbaycanda mətbuatın, jurnalistikanın hansı karikatur vəziyyətə salındığının, necə parodiyaya çevrildiyinin, rəzil günə qoyulduğunun parlaq sübutu!
Adam xəcalətdən ölüb yerə girmək istəyir.
***
Yanlış da bir naxışdır

Rejim saytlarında “Iqtidarın deputat siyahısı hazırdır” başlıqlı xəbər gördüm (16 iyul, 2015).
Əslində isə başlıq belə olmalı idi: “Iqtidarın deputatlığa namizədlər siyahısı hazırdır”.
Amma mən rejim saytlarının sərlöhvəsinə əsla təəccüblənmədim. Ölkədə seçkilərin necə keçirildiyi, qaliblərin nə cür müəyyənləşdirildiyi aydındır. Deməli, artıq iqtidar üçün deputatların kimliyi də indidən bəllidir.
Bir sözlə, hər yanlışda olduğu kimi, rejim saytlarının yuxarıda haqqında danışdığım yanlış başlığında da əslində bir naxış olmamış deyil.
***
Qan və qansızlıq

Müşahidələrim göstərir ki, düz sözü deyənlərin, yazanların damarında “erməni qanı” axtaranlar bir qayda olaraq həm də “rüşvət xalqın qanındadır” deyənlərdir.
Və diqqətlə baxsanız, özünüz də görərsiniz ki, başqalarının qanı ilə bu qədər uğraşanların özləri adətən camaata qarşı qansızlıq eləyənlərdir.
Ilk baxışda qəliz cümlələr alındı. Amma yalnız ilk baxışda! Əslində isə onlar çox sadə, adi həqiqəti ifadə edirlər.   
***
Analoqsuz inkişaf

Prezident Administrasiyasının (PA) nümayəndəsi ötən ilin uğurlarından danışır:
– Şəhərdə elektrik stansiyası tikilib…
Zaldan səs:
– Mən bütün şəhəri gəzmişəm. Heç bir elektrik stansiyası yoxdu.
PA nümayəndəsi davam edir:
– Şəhərdə həmçinin kimya zavodu tikilib…
Həmin səs:
– Bu lap ağ oldu! Mən şəhərin altından girib üstündən çıxmışam, amma heç bir zavod görməmişəm.
PA nümayəndəsi qəzəblənir:
– Siz, yoldaş, az avaralanın, bir az AzTV-yə baxın.