Beynəlxalq Bankı kimə satacaqlar?

Ekspertlərin fikrincə, bankı Kapital Bankın aqibəti gözləyir

Ilham Əliyevin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması bir sıra suallar yaratmamış deyil. Fərmana əsasən, Maliyyə Nazirliyi və Mərkəzi Bank on beş gün müddətində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivləri müəyyən etməli, həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra – “Aqrarkredit” QSC) idarəetməsinə verilməsi üçün tədbirlər görməlidir.
Fərmana görə, ABB-nin problemli aktivlərinin “Aqrarkredit” QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi yolu ilə həyata keçiriləcək.
Fərmanda qeyd olunur ki, ABB-nin restrukturizasiya və sağlamlaşdırılma tədbirləri başa çatdıqda onun nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planı 6 ay müddətində hazırlanıb Azərbaycan prezidentinə təqdim ediləcək və özəlləşdirmə də bundan sonra başlayacaq.
Bir sözlə, Beynəlxalq Bankın da özəlləşdirilməsi prosesi artıq bundan əvvəl Kapital Bankla bağlı yaranmış ənənəyə uyğun olaraq həyata keçiriləcək.

Məhəmməd Talıblı: “Beynəlxalq Bankı simvolik qiymətə, bank idarəçiliyində səriştəsi olmayan şəxslər özəlləşdirə bilər”


Iqtisadçı ekspert Məhəmməd Talıblı bildirdi ki, hələ Beynəlxalq Bankın rəhbərliyindəki dəyişiklik, banka borclu olan sahibkarların hüquq-mühafizə orqanlarına çağırılması bankın kreditor və debitor borclarının optimallaşdırılması məqsədilə edilirdi. Ümumiyyətlə, BB ilə bağlı aparılan əməliyyatlar bankın hansı səviyyədə özələşdirməyə daxil ola biləcəyini müəyyənləşdirməyə xidmət edirdi: “Beynəlxalq Bankla bağlı həyata keçirilmiş siyasət, Beynəlxalq Bankın rəhbərliyinə elə bir şəxsin gətirilməsi ona gətirib çıxarır ki, daha çox paya sahib olan səhmdarların formalaşması prosesi başlayacaqdır. Əslində bura qədər ki, mərhələ daha çox hüquqi və prosedur məsələlərinə hazırlıq idi. Ikinci mərhələ isə daha çox praktik və real maraqları ifadə edən mərhələ olacaq. Çünki indiki halda bütün prosedurların müəyyənləşməsi nəticəsində qərar veriləcək ki, Beynəlxalq Bank həqiqətən özələşməyə daxil edilir, yoxsa Beynəlxalq Bankı da dövlət büdcəsindən simvolik ödəmələr hesabına ailənin nəzarətinə verilməsi planlaşdırılır”.
BB-nin Azərbaycanın bank sektorunda ciddi bir halqa olduğunu deyən M.Talıblı vurğuladı ki, bankın bazar payı 40 faizin üstündədir. “Ona görə hazırda atılan addımlar sonda ona gətirib çıxara bilər ki, bankı hər hansı simvolik qiymətə, bank idarəçiliyində səriştəsi olmayan şəxslər özəlləşdirə bilər. Ona görə Beynəlxalq Bankın hansı məbləğə və hansı şərtlər daxilində özəlləşdirməyə təqdim olunacağı bilinməlidir. Ona görə bu prosesdə hələ bir qədər gözləmək lazımdır. Bandan sonra bilmək olar ki, Beynəlxalq Bankla bağlı nəzərdə tutulmuş ssenarilər nədən ibarətdir”.

Qubad Ibadoğlu: “Beynəlxalq Bankı Kapital Bankın taleyi gözləyir”


“6 ay nə zamandan hesablanacaq, onu fərmandan aydınlaşdırmaq mümkün olmur. Hələ mart ayında ABB-nin prezidenti Cahangir Hacıyev işdən çıxarılanda bankın özəlləşdiriləcəyi haqqında fikirlərimi mətbuatla bölüşmüşdüm. Amma heç vaxt təsəvvür etməzdim ki, bu cür özəlləşdirmə modeli seçilsin”, bu sözləri iqtisad elmləri doktoru Qubad Ibadoğlu Facebook səhifəsində ABB-nin özəlləşdirməyə hazırlanması ilə bağlı fərmana münasibət bildirərkən yazıb.
Ekspert yazır ki, bu fərmanla ABB-nin bütün problemli aktivləri və onun idarəedilmə hüququ bank olmayan kredit təşkilatına verilib. “ABB-nin kiçik bir filialı qədər pul dövriyyəsi olmayan ”Aqrarkredit" QSC-yə böyük həcmli və ciddi problemli aktivlərin idarə edilməsi hüququnun verilməsini sağlam məntiqlə əsaslandırmaq mümkün deyil. Belə ki, bu ayın əvvəlinə “Aqrarkredit” QSC-nin cəmi aktivləri 29 milyon 521 min manat olub. Bu təşkilatın ABB-nin 100 milyonlarla borcunu idarə edib, geri qaytaracağı heç inandırıcı görünmür",- Q.Ibadoğlu qeyd edib.
O əlavə edib ki, adətən dövlət mülkiyyətində olan müəssisələri sağlamlaşdırmaq üçün özəlləşdirirlər: “Amma bizdə əksinə, ABB-nin əvvəlcə sağlamlaşdırılması və sonra isə özəlləşdirilməsi nəzərdə tutulur. ABB-nin problemli aktivlərini ondan ayırıb idarəetmə hüququnu təcrübəsiz bir təşkilata vermək, sonra isə Azərbaycanın ən iri bankını borclardan qurtulmuş formada özəlləşdirməyin məqsədi artıq indidən bəllidir. Çox güman ki, bu bankı da Kapital Bankın taleyi gözləyir”.
“Bu halda ekspert kimi təklif edirəm ki, Mərkəzi Bank bu istiqamətdə yarana biləcək ajiotajın qarşısını almaq üçün təcili olaraq bəyanatla çıxış etməli və ABB-də olan əmanətlərin taleyinə aydınlıq gətirməli və ona təminat verməlidir”,- Q.Ibadoğlu vurğulayıb.

Samir Əliyev: “Əsas məsələ bankı kimin alması olacaq”

Iqtisadçı Samir Əliyev bildirdi ki, Beynəlxalq Bank ölkənin bir nömrəli bankıdır və onun bazar payı, təxminən 40%-ə yaxındır, dövlət bankı olmaqla, sistem əhəmiyyətli bank sayılır. Ölkə üzrə kredit qoyuluşlarının 1/3-i, depozit qoyuluşlarının isə 1/4-i Beynəlxalq Bankın payına düşür: “Dövlətin bütün əsas vəsaitləri Beynəlxalq Bank və qismən də Kapital Bank vasitəsi ilə reallaşdırılır. Digər banklar kənarda qalır və bu da rəqabət mühitini pozur. Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin də əsas benefisiarı bu bankdır. Prezidentin son fərmanına əsasən, Beynəlxalq Banka məxsus problemli aktivlər mərhələli şəkildə likvid vəsait müqabilində dövlətə məxsus ”Aqrarkredit" QSC-nin idarəetməsinə veriləcək. “Aqrarkredit” QSC isə öz növbəsində borclanmaya gedəcək, mərhələlərlə istiqraz emissiya edərək onları qiymətli kağızlar bazarında yerləşdirəcək. Bu istiqrazlara dövlət zəmanəti veriləcək, ancaq onun həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limiti nəzərə alınmaqla tənzimlənəcək".
Beynəlxalq Bankın çox böyük problemlərinin olduğunu deyən S.Əliyev vurğuladı ki, əsas problemlər vaxtı keçmiş və problemli kreditlər ilə bağlı idi: “Qeyd edək ki, təkcə Beynəlxalq Bankın problemli kreditlərinin həcmi bütün ölkə üzrə olan digər problemli kreditlərin həcmindən daha çoxdur. Bankdan milyonlarla dəyərində kredit götürmüş ancaq geri qaytarmamış müştərilərindən həbs yolu ilə borcların bir hissəsi geri alınsa da, aktivləri tam xilas etmək mümkün olmayıb. Geri qayıdan vəsaitlərin həcmi barədə məlumatlar açıqlanmır, ona görə zərərli aktivlərin həcmi barədə dəqiq məlumat yoxdur. Ancaq ehtimal etmək olar ki, ”Aqrarkredit" QSC-nin boynuna ən azı bir milyard manata yaxın zərərli aktiv yüklənəcək".
Beynəlxalq Bankın özəlləşdirməyə çıxarılmasını düzgün addım sayan S.Əliyev bildirdi ki, bankın indiki vəziyyətdə özəlləşdirməyə çıxarılması onun dəyər-dəyməzə satılmasına, beynəlxalq reytinqinin aşağı düşməsinə gətirib çıxara bilər. sağlamlaşmadan sonra isə bankı normal qiymətə satmaq mümkündür: “Həm də bankın indiki vəziyyətdə satılması sektor üçün probemlər yarada bilərdi. Təbii ki, əsas məsələ bankı kimin alması olacaq. Əks halda onun özəlləşdirilməsi ciddi əhəmiyyət daşımayacaq”.

Rövşən Ağayev: “Beynəlxalq Bankın ölkəyə vurduğu zərərin bədəlini büdcə ödəyəcək”

Beynəlxalq Bankın özəlləşdirilməsi ilə bağlı məlumata iqtisadçı-ekspert Rövşən Ağayev də Facebook səhifəsində münasibət bildirib:ÿ"Beynəlxalq Bankın özəlləşdirilməsində 2 narahatlıq doğuran məqam var. Birincisi, ölkədə özəlləşdirmə üçün şəffaf mühitin heç izi də yoxdur – ona görə bu nəhəng bankın dövlətə ciddi maliyyə gətirmədən oliqarxik qrupların şəxsi mülkünə çevrilməsini indidən ehtimal etmək olar. Ikincisi, dövlət başçısının məlum fərmanından aydın olur ki, Beynəlxalq Bankın zərərli aktivlərinin alənması üçün dövlətin daxili borclanma imkanından istifadə ediləcək. Maliyyə Nazirliyinin buraxdığı istiqrazları Mərkəzi Bank alacaq, əvəzində Beynəlxalq Bankın problemli aktivlərinə sahib çıxan başqa bir dövlət maliyyə təsisatı – “Aqrarkredit” QSC Mərkəzi Bankdan likvid vəsaitlər qəbul edəcək. Daxili borcun qapadılması üçün hər ilin dövlət büdcəsindən vəsait ayrılacaq. Bir sözlə, Beynəlxalq Bankın uzun illər məsuliyyətsiz və qeyri-peşəkar idarəçiliyinin, ölkəyə vurduğu zərərin bədəlini dövlət büdcəsi ödəyəcək".

Xəyal