Çökəyə düşənlərin zirvə arzusu

Yaxud «Yeni Müsavat»ın Siyavuş Novruzovla birlikdə tapdığı «həqiqət»

Allah da şahiddir ki, bizim kiməsə böhtan atmaq, kimisə haqsız yerə ittiham etmək məqsədimiz yoxdur. Sadəcə olaraq yoluna, əqidəsinə, mübarizəsinə xəyanət edənlərə qarşı barışmazıq. Hamını öz adı ilə çağırmaq missiyamız var.  Bundan sonra da ədalətsiz hakimiyyətə, şər-böhtanla məşğul olanlara, zalım rejimin maşasına çevrilənlərə qarşı amansız olacağıq.
Təbii ki, haqsız olmaq ağır əzabdır. Ona görə də “Yeni Müsavat” ittihamlara cavab vermək əvəzinə, müəllifin kimliyini araşdırmağa başlayıb. Hər dəfə də bu qənaətə gəlirlər ki, bu məqalələri yazan “Akif” əslində Əli Kərimlidir. Maraqlı burasıdır ki, bugünlərdə “Yeni Müsavat”a müsahibə vermiş Siyavuş Novruzov da eyni fikirləri təkrarlamağa başlayıb. Bəli, “Yeni Müsavat”ın “Akif” tapıntısını yapçı deputat da təsdiqləyib. Adam həmişə özünə dəstəkçi tapmaq istəyir. Bu işdə də “Yeni Müsavat”ın köməyinə Siyavuş Novruzov çatdı.
Allah da şahiddir ki, Əli Kərimli heç vaxt “Azadlıq”ın işinə müdaxilə etmir. Qəzetin gündəlik kursunun, hansı mövzuları müəyyənləşdirdiyinin, kimdən və nədən yazmasının Əli Kərimliyə aidiyyəti yoxdur. Əli Kərimli öz “facebook” səhifəsində yazır, “Azadlıq” da bu yazıları öz səhifəsində dərc edir. Özünü media kapitanı hesab edən Rauf Arifoğlu da gözəl bilir ki, “Akif”in yazı üslubu tamam fərqlidir. Digər tərəfdən, Əli Kərimli heç vaxt ikinci-üçüncü dərəcəli adamlara cavab vermir.
“Yeni Müsavat”ın sevimli müsahibi Siyavuş Novruzov deyib ki, Əli Kərimlinin ilk təyinatı “Azadlıq” qəzetinə olub. Bəli, Əli Kərimli prokurorluq təyinatından imtina edib, “Azadlıq” qəzetində işə başlayıb. Bu olduqca şərəfli tarixdir. O, hələ gənc yaşlarından mübarizə yolunu seçib və kabinetlərdə oturmağı deyil, həqiqətləri yazmağı üstün tutub. Bugün də avtoritarizmlə mübarizəni davam etdirir. Bəziləri kimi karyeraya cangüdənliklə başlayıb, sonradan şərin cangüdənliyinə təyinat almayıb.
“Azadlıq” qəzetinin kollektivi kiçikdir. “Yeni Müsavat” kimi geniş imkanlara sahib deyil. Ona görə də eyni imzaların təkrar getməməsi üçün bəzi psevdonimlərdən istifadə edilir. “Akif” də qəzetin psevdonimidir. Zərurət yaransa, sübut edərik ki, bunun Əli Kərimliylə heç bir əlaqəsi yoxdur.
“Yeni Müsavat” yazarının Everest və Marian müqayisəsinə gəlincə, özü yıxılan ağlamaz, qardaş. Siz hakimiyyətin iyrənc əməllərini Mariana çökəkliyində gizlətməyə çalışanda, öz missiyanıza Everest zirvəsi boyda xəyanət edəndə, təşəkkür gözləyirdiz?
Müəllif hakimiyyət əleyhinə olan yazılarını bizə xatırlatmaqla, ədalətsiz olduğumuzu sübut etməyə çalışır. Amma bir məqamı unudur ki, biz “siz heç vaxt hakimiyyəti tənqid etməmisiniz” demirik. Biz, “keçmişinizə, yolunuza, mübarizə insanlarına xəyanət etmisiniz” deyirik. Keçmişdə kəskin yazılar yazmaq, bugün küt bıçağa çevrilməyə haqq qazandırmır.
Allah şahiddir ki, bu söz atışması deyil. Bu yazıları “Azadlıq”-"Yeni Müsavat" savaşı kimi təqdim edib, reallığı gizlətmək olmaz. Bu artıq “Azadlıq”-hökumət savaşıdı. Bugün hökumətin hədəf seçdiyi, ləkələmək istədiyi, şər-böhtan atdığı adamları, “Yeni Müsavat” da hədəf seçib. Bugün “Yeni Müsavat” hökumətin prinsipial kursundan çıxış edirsə, cəmiyyəti yanlış analizlərlə çaşdırırsa, siyasi məhbusların həbsinə don geyindirirsə, ona qarşı münasibət necə olmalıdır?
Partiya orqanı olmaq statusundan çıxmaq, prinsiplərdən vaz keçməyə əsas vermir. Xatırladaq ki, ilk dəfə AXC belə bir nümunə göstərib və “Azadlıq” qəzetinin təsisçiliyindən imtina edib. Amma bu o anlama gəlmir ki, siyasi məhbusların fotolarını səhifəmizdən yığşdırmalıyıq, hakimiyyətin başında duranların ayağından yapışmalıyıq, vicdanlı adamları gözdənsalma öhdəliyi götürməliyik, nazirlərdən, prezidentdən yazmamalıyıq və s.
Başa düşürük ki, “Yeni Müsavat” bu “müqəddəs kurs”la komfort əldə edib, maliyyə problemləri yoxdur, işçilər vaxtında maaş alır. Yəni prinsipləri komforta dəyişmək qərarı veriblər.
Amma bu komfort həyat 20 ildir mübarizə aparanları ləkələməyə, aylarla maaş almadan xalqa xidmət edənləri aşağılamağa haqq qazandırmır. Əksinə, kursu dəyişmək bir xəyanətdirsə, haqqın kursunda olanlara ləkə atmaq ikinci xəyanətdir.
Bir sözlə, “Akif”in kim olması, keçmişdə kəskin yazılar yazmaq, tirajın artıb-azalması real vəziyyəti dəyişmir. Əsas odur ki, “Yeni Müsavat” əvvəlki kimi oxuya bilmir, fonoqrama edir, səsi batıb. Çünki, hökumətin xorunda oxuyur. Bu isə solo ifada öz neqativ təsirini göstərir. Biz sizə başqa ad qoymuruq, öz adınızla çağırırıq.

Akif