Hakimiyyətdə “namizəd gərginliyi” davam edir

İqtidar deputatlığa namizədləri müəyyənləşdirə bilmir

Hakimiyyət daxilində qarşıdan gələn parlament seçkilərilə ilə bağlı gərginlik davam edir. Ötən saylarımızda məlumat vermişdik ki, hakim Yeni Azərbaycan Partiyasında (YAP) namizədlərin siyahısının hazırlanmasında çətinlik yaranıb. Bunun səbəbi iqtidardakı iki güclü qruplaşmanın – Paşayevlərlə Naxçıvan klanının ortaq məxrəcə gələ bilməməsidirsə, digər səbəbi Qərbin artan təzyiqlərilə bağlıdır.
Hakimiyyət xüsusilə Qərbin təzyiqlərinin tərkib hissəsi kimi qiymətləndirilən Avropa Məhkəməsinin qərarlarından ehtiyatlanır. Məlumat üçün deyək ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı 50-yə yaxın qərar elan edəcəyi gözlənilir. Bu barədə “Azadlıq” məlumat vermişdi. Artıq AXCP sədri Əli Kərimlinin pasport məsələsilə bağlı elan olunan qərarla bunun işartıları görünür. Bu qərarların əhəmiyyətli hissəsi isə məhz 2005 və 2010-cu ildə keçirilən parlament seçkiləri ilə bağlı olacaq. Nəzərə alsaq ki, 2005 və 2010-cu ildə Milli Məclisdə o qədər də dəyişiklik olmayıb və bu seçkilərdə ciddi dəyişiklik olacağı gözlənilmir, yəni, YAP elə indiki deputatlarının namizədliyini irəli sürəcək, o zaman Avropa Məhkəməsinin elan etdiyi qərarların hakimiyyətə ciddi problem yaradacağı düşünmək olar. Ona görə də iqtidarda siyahını hazırlamağa tələsmirlər. Bu isə deputat olmağa iddialı olan YAP-çıların əndişələnməsinə səbəb olub.
Onların narahatlığını aradan qaldırmaq üçün isə müxtəlif səylər göstərilir. Bunlardan biri kimi YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun artıq ilkin siyahının hazır olması ilə bağlı açıqlamasıdır. Siyavuş Novruzov APA-ya açıqlamasında iddia edib ki, bütövlükdə YAP-ın deputatlığa namizədlərlə bağlı ilkin siyahısı hazırdır. Əslində isə hələ heç bir siyahı hazır deyil. Qeyd etdiyimiz kimi bu açıqlama sadəcə narahatlığı aradan qaldırmaq üçündür. Əgər YAP-ın siyahısı hazır olsaydı, hətta bu ilkin siyahı olsaydı belə, hakim partiya artıq bunu elan etmiş olardı.