Ramazan bayramınız mübarək!

Əziz həmvətənlər!

Sizi Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, uca Allahdan oruc və dualarınızın qəbul olunmasını arzulayıram!

Müsəlman aləmində on bir ayın sultanı olaraq şərəfləndirilən Ramazan sevgi qapılarının açıldığı bir aydır. Bu ayın fəlsəfəsində hər şeydən öncə insanların öz nəfsinə hakim olması, bağışlanma və mərhəmət hissi dayanır. Şeytani hisslərin buxovlandığı bu gözəl ay insanları şər əməllərdən uzaq dayanmağa, sevgi və qazanclarını paylaşmağa səsləyir. Ramazan “qonşusu ac ikən, özü tox yatan bizdən deyildir” fəlsəfəsini ən gözəl şəkildə təbliğ edən bir mərhəmət ayıdır. İnsanlığa  gözütoxluğu, bölüşməyi, sevgi və xeyirxahlığı Ramazan qədər gözəl təbliğ edən bir bayram yoxdur.  

Ramazan eyni zamanda insanların içini sevinclə dolduran, küskünlükləri silib aparan, dostluq və doğmalıq duyğularını daha dərindən hiss etdirən bir bayramdır. Bu ayda gözəl könüllərdən qopan dualar geri çevrilməz, xoş niyyətlə edilən ibadətlər hədər getməz. Mən bütün inanclı insanlarımızın bu günlərdə xalqımızın, ölkəmizin, millətimizin xoş, firavan gələcəyi üçün dualar etdiyini bilirəm. Mən həmin insanlarımızın həbsxanalarda günahsız yerə əzab çəkən məhbuslarımız, səngərlərdə sevgili vətənimizi qoruyan əsgərlərimiz, əsirlikdə olan məsum insanlarımız üçün dualar etdiyinə inanıram. Allah bütün bu dualarınızı qəbul etsin. Uca Yaradan bizə təmənnasız sevdiyimiz bu ölkədə xalqımızla bərabər gözəl günlər yaşamağı nəsib etsin. Uca Yaradan bizə sevdalısı olduğumuz bu ölkə üçün daha böyük və daha faydalı işlər görmək imkanı tanısın.

Əziz həmvətənlər!

Bu mübarək gündə bir daha hamınızı ürəkdən təbrik edir,  evlərinizə, ailələrinizə, yurdumuza gözəllik, bolluq, dinclik və sonsuz bayram sevinci arzulayıram! Allah bizə güclü, demokratik və zəngin ölkədə bayramlaşmağı nəsib etsin!
Amin!