Prezident kimdən kimə şikayət edir

Vətəndaşın gününü qara edib ömrünü qısaldan problemləri adamlarımız da bilir, problemi yaradanlar da, prezident də…

Prezident məmurların gözünün içinə baxa-baxa onlardan kimə şikayət edir, xalqamı?

Dünənəcən bəziləri elə bilirdi Ilham Əliyev sadə vətəndaşın problemlərindən xəbərsizdir. O bilmir gömrükdə nələr baş verir, vergi müfəttişləri adamın evini necə yıxır, polis yıxılan evin damını-daşını necə söküb aparır. Insafsız həkimlər xəstələri niyə sağaltmır, müəllimlər şagirdləri özəl dərslərə cəlb etmək üçün qiymətlərini kəsir. Orta təbəqə Azərbaycan vətəndaşı Türkiyəyə ən yaxşı halda avtobusla, Tümenə qatarla gedə bilir, Qəbələ, Şamaxı, Lerik, Qaxda dincəlmək Borjomidə kef eləməkdən niyə bahadır? Monopoliyaçılar kimlərdir, onlar kimlərə “şapka” verirlər?  Bunlar oxucularımızın bildikləri məsələlərdir, sadalayıb baş ağrıtmayaq. Sən demə, prezident hamısını hamımızdan “yaxşı bilirmiş”.
Deməli, vətəndaşın gününü qara edib ömrünü qısaldan problemləri adamlarımız da bilir, problemi yaradanlar da, son müşavirədəki çıxışından bəlli olduğu kimi, prezident də. Zərərçəkən ortada, cinayətkar bəlli, hakim də öz yerində. Nədən tədbir görülmür, qərar çıxarılmır, cinayətkar cəzalanmır? Bu ona bənzəyir; icra başçısından prezidentə şikayət edirsən, baxılması üçün icra hakimiyyətinə göndərilir, icra hakimiyyətindən də cavab gəli: “Məktubunuzla tanış olduq, şikayətinizə baxılacaq”. Yalansa… Səndən yar, sənə yar, şikayətim var.
Prezident məmurların gözünün içinə baxa-baxa onlardan kimə şikayət edir, xalqamı? Xalq onları gözəl tanıyır. Prezident o məmurların arxasında durmasa, xalq elələrini çoxdan süpürüb atar kabinetlərdən. Yox, bu şikayət deyil, xəbərdarlıq, tənqid, göstərişdirsə, niyə nəticəsini görmürük? Üç aydan bir keçirilən hər müşavirədən sonra vəziyyət bir az da ağırlaşır. Prezident bu üç ayda verdiyi sözdən o biri üç ayda vaz keçir. O müşavirədə tənqid etdiyi qurumun adını bu müşavirədə dilinə gətirmir. Tənqid növbəli iş sisteminə keçirilib. Prezident müşavirədə dedi: “dollar sabit qalacaq”, üstündən az keçmiş manatı qiymətdən düşürüb vətəndaşının cibinə girdi, ömründən kəsdi. Prezident deyir, vergi məmurları sahibkarlara qan uddurur. Vergi müfəttişlərinə kim qan uddurur görəsən? Avropa Oyunlarından dövlət idarələrinin, əlində az-çox pul olan insanların boyuna qoyulan haqqın əvəzini çıxarmaq üçün müfəttişlər, məmurlar hələ millətin qanını çox soracaqlar.
Prezident qanunlar imzalayır, qanunlara düzəlişlər edir ki, məmurları o qanunları əllərində bayraq edib daha asan yolla pul qazana bilsinlər. Dekabr ayında qızılın aksiz dərəcəsi qaldırıldı. Qanun martda qüvvəyə minməli olduğu halda yanvar ayından gömrük işçiləri yeni dərəcə ilə işləməyə başladılar. Mexanizm belədir: aldığın qızılı aeroportdaca dinməz-söyləməz gömrük işçisinə təhvil verir, səhəri gün gedib Ali Məhkəmənin “qulağının dibində” yerləşən bir bankda ayrıca otaqda əyləşən iki-üç nəfərin iştirakıyla haqq ödəyib alırsan. Bir qram qızılın dövlət rusumu 2 dollardır, üstəgəl 1,5 dollar aksiz dərəcəsi, təxminən 3 manat 60 qəpik. Gerçəkdə hər sahibkar bir qram qızıla 4 manat pul ödəyir. Alınan pullara rəsmi qaydada nəzarət yoxdur. Gündəlik qazancın neçə faizi dövlət büdcəsinə keçir, bilinmir. Ümumiyyətlə keçirmi, o da bilinmir. Çünki ortada sənəd, sübut yoxdur. Sahibkarın minlərlə manat pulu alınır, bir parça kağız verilmir. Vay o gündən kimsə barmağında 5 qramlıq üzüyü, boynunda 10 qramlıq boyunbağını rüsumsuz keçirməyə cəhd edə. Elə bil dövlət büdcəsindən milyonlar oğurlanıb gömrük yoxlamasında adamın sıxıb suyunu çıxardır, qanunsuz əməllərdə suçlayıb həbslə hədələyirlər. Bədbəxtin bənizi ağarır, az qalır desin, “nəyim var sizə qurbandır, məni polisin əlinə verməyin”. Prezident bunları da bilirmi? Bilər. Bilirmi ki, bir nəfər vətəndaşın da özünə, ailə üzvünə xaricdən qızıl qol saatı gətirməsinə icazə verilmir.  Icazə yüksək haqq ödəyəndən sonra alına bilər. Sahibkar xərclərini ödəmək, qazanc götürmək üçün qızılın hər qramının satış qiymətini əlavə 5-6 manat artırmalı olur. Icarəyə yer götürüb qızıl satanlar qiyməti 1-2 manat da yerhaqqı üçün artıranda qızıl bir az da bahalaşır: bir qramın dəyərinə 12 manat əlavə olunur. 10 qramlıq zinət əşyası dəyərindən 120 manat baha satılır. Əslində gömrükdəki haqq-hesab aradan qaldırılsa, təyyarə biletlərinin qiymətləri azalsa, qızıl da ucuzlaşar. Gündəlik tələbat mallarını çıxandan sonra qızıl Azərbaycan vətəndaşının ən çox önəm verdiyi əşyadır. Toylarda xonça yaraşığı, şad günlərdə ən münasib hədiyyə, qara gün üçün saxlanc, əmanətdir. Azərbaycan vətəndaşının evində qızıl olması dövlətin də işinə yarayır: qızıl var-dövlətdir, vətəndaş acından ölməyəcək. Əslində dövlət Azərbaycana qızıl gətirilməsini rüsumsuz etməli, əvəzində qızılın ölkədən çıxarılmasına qadağa qoymalıdır. Hökumət ölkəyə müxtəlif məhsullar gətirmək üçün güzəştlər nəzərdə tutmalı, vətəndaşına yardım etməlidir. Öz gücünə dünya bazarına çıxanların boğazına çökməməlidir. Dubay aeroportunda AZAL-ın cangüdənə oxşar bir nümayəndəsi var – tanıdığım adamdır. Deyilənə görə, orda azərbaycanlılara qan uddurur. Hər yükə haqq alır. Qanun yazıb, bir əşyadan bir dənə gətirmək olar, vəssalam. Özündən qanun qoyub, 82 sm-dən böyük ölçüdə televizor gətirməyə icazə verilmir. Icazə üçün haqq ödənməlidir, təxminən 40 dollar. 20 kq-dan artıq hər bağlamaya 80 dollar alır. Odur ki, insanlar AZAL-ın təyyarəsi ilə yox, Flay-Dubayın təyyarələri ilə gedib-gəlirlər. O reyslərdə AZAL-dakı qadağalar yoxdur.
Iran vətəndaşlarımızın həkimə və bazarlığa getdiyi ən az xərc aparan ölkədir. Amma o ölkədən vətəndaşa bir çox ərzaq məhsulları gətirməyə icazə verilmir. Daha doğrusu icazə rüşvətlə alınır.
Hamı Türkiyənin Azərbaycan üçün ən münasib bazar olduğunu bilir. Necə deyərlər, ucuz və keyfiyyətli. Amma adi vətəndaş Türkiyədən Azərbaycana münasib qiymətə gündəlik məişət malları, məsələn, yorğan-döşək üzü, əl-üz, hamam dəsmalı gətirə bilməz. Vətəndaş Azərbaycanda türk mallarını ya qat-qat baha qiymətə, ya da “Gilan”ın istehsalı olan malları almağa məcburdur. Türkiyədən bir dərmandan bir dənə gətirə bilərsən, qalanı əlindən alınır.
Son illər Gürcüstanda yaşayan azərbaycanlı qadınların Bakıya satmağa ərzaq gətirməsi halları çoxalıb. Azərbaycan manatının Gürcüstan larisinə nisbəti onlara pul qazandırır. Gömrükdə qadınların gətirdiyi hər məhsuldan haqq tutulur. Həyətlərdə alverə üstünlük verən bu adamlardan sahə polis müvəkkilləri bir günə 5 manat pul alırlar. Əslində onlara yaradılan bütün maneələr aradan qalxmalı, Azərbaycan hökuməti sevinməlidir ki, ölkəsinə ucuz qiymətə ərzaq gətirilir, qonşu ölkədə yaşayan vətəndaşımızın da dolanışığı yaxşılaşır. Prezident bunları bilirmi? Əlbət bilər, bilmirsə, Prezident administrasiyasında gündəlik mətbuatın icmalını hazırlayan kəslər çatdırsınlar ona. Bilsin ki, gələn müşavirədə bunlardan danışsın, vəziyyət bir az da ağırlaşsın.

Azadə