İranla razılaşma Azərbaycana nə vəd edir?

Hikmət Hacızadə: «Iranın demokratikləşməsi, Qərbin müttəfiqinə çevrilməsi Azərbaycanın da maraqlarına uyğundur»

Iran ətrafında baş verənlər istər region, istərsə də dünya siyasəti üçün yeni perspektivlər vəd edir. Iranın Qərblə olan əsas problemini həll etməsi, danışıqlardan göründüyü kimi, hər iki tərəfin maraqlarına uyğundur. Əldə olunan razılaşmanı artıq ABŞ prezidenti mühüm tarixi hadisə kimi dəyərləndirib. Obama nüvə proqramı ilə bağlı Iranla “altılıq” ölkələri arasında yekun anlaşmanın əldə olunmasını alqışlayıb. Bundan başqa, artıq razılaşmanın tələblərinin yerinə yetirilməsi istiqamətində Iran tərəfindən addımlar atılmaqdadır. Iranla dilin tapılması dünya bazarındakı neftin qiymətinə də dərhal təsir edib. Hələ bundan sonra Iranın hasilatı artıracağı nəzərə alınarsa, qiymətin bir qədər də düşməsi gözlənilir.
Amma Iranın Qərblə yaxınlaşması regionumuz üçün də bəzi yeniliklər vəd edir. Azərbaycanın cənub qonşusu Qərbin yaxın müttəfiqinə çevrilməkdədir. Bundan başqa, Azərbaycan hakimiyyətinin əlindən də bəzi bəhanələr alınmış olur. Çünki, hakimiyyət Qərbdən gələn demokratiya və insan haqları tələblərinə cavab olaraq Azərbaycanın Rusiya və Irandan gələn təzyiqlərlə üz-üzə olduğunu bəyan edirdi. Bu isə o deməkdir ki, hakimiyyət Qərbin yaxın müttəfiqinə çevriləcək Iran kartından daha istifadə edə bilməyəcək.


Iranla əldə olunan razılaşmanın həqiqətən də tarixi olduğunu deyən politoloq Hikmət Hacızadə bildirdi ki, amma əldə olunan razılıq bütün problemləri həll etmir. Problemlərdən ən ciddisi olan nüvə proqramı ilə bağlı məsələlərə aydınlıq gətirir: “Artıq Iranla əldə olunan razılığın təsiri göründü. Neftin qiymətində bir qədər eniş müşahidə olunur. Bu tendensiya bir qədər davam edəcək və bir daha neftin qiyməti əvvəlki yüksək səviyyədə olmayacaq. Bu, iqtisadiyyatını neft üzərində quran ölkələrə ağır zərbə olacaq. Azərbaycan da bu sırada gedir. Bu bir tərəfdən pisdir, amma digər tərəfdən yeni vəziyyət ölkələri islahatlara məcbur edəcək. Hakimiyyət pulsuzluqdan islahatlara gedəcək. Tarix boyu belə olub. Rəhbərin pulu olanda o, islahatlar barədə düşünmür, islahatlar yalnız pul bitən zamana təsadüf edir”.
Iranla razılaşmanın regiona nələr vəd etdiyinə gəlincə, H.Hacızadənin fikrincə, region üçün nüvə təhlükəsi sona çatdı. Iranın nüvə silahı əldə edəcəyi təqdirdə, Səudiyyə, Misir, Türkiyə və bir sıra başqa region ölkələrinin də buna cəhd göstərəcəyini deyən H.Hacızadə vurğuladı ki, Iran-Azərbaycan münasibətlərinə gəlincə, onların tam normallaşması bir qədər vaxt tələb edir: “Iranla Azərbaycanın münasibətlərinin yoluna düşməsi bir qədər vaxt tələb edir. Iranın öz ideyalarını yaymaq fikri hələ qalmaqdadır. Bu ideyaların yayılması hədəflənən ölkələrdən biri də Azərbaycandır”.
Iranın demokratikləşməsinin, Qərbin müttəfiqinə çevrilməsinin Azərbaycanın da maraqlarına uyğun olduğunu deyən H.Hacızadə bildirdi ki, amma Iranın Azərbaycana qarşı münasibətinin tam dəyişməsi bir qədər zaman tələb edir.

Xəyal