Rövnəq Abdullayev milyardlıq layihəni dayandırdı

Neft Emalı zavodunun ömrünü uzatmaq qərara alınıb

Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Neft-Qaz və Neft Kimya Kompleksi layihəsinin tikintisinin bir az gecikdirildiyini söyləyib. Onun sözlərindən bəlli olub ki, Heydər Əliyev adına neft emalı zavodunda yenidənqurma işləri aparmaqla onun ömrünü 2030-cu ilə qədər uzatmaq vacibdir.
“APA-Economics” xəbər verib ki, bu məqsədlə SOCAR Mərkəzi Bankdan 1,2 mlrd. manata yaxın kredit cəlb edib: “Gələn ildən bu işlərə başlayacağıq ki, 2017-2018-ci ilə artıq Heydər Əliyev adına Neft Emalı Zavodunun həm tutumunu artıraq, həm də  ”Avro-5" standartlarına uyğun məhsul istehsal edək. Bununla yanaşı, altıya yaxın qurğunun tikilməsi ilə  “Azerneftyağ” zavodunun işini dayandırmağa və o ərazinin boşaldılmasına nail olacağıq. Bununla da, Bakı bulvarının ərazisi genişləndiriləcək".
Xatırladaq ki, R.Abdullayev bir müddət öncəki açıqlamasında heç bir layihənin dayandırılmayacağını söyləmişdi. Amma indi bəlli olur ki,  maliyyə gücü milyardlarla ölçülən kompleksin tikintisi kimi bir layihə təxirə salınır.

Iqtisadçı-ekspert Ilham Şaban Neft Emalı və Neft Kimya Kompleksinə məsul şəxs olan vitse-prezident Tofiq Qəhrəmanovun keçən ilin noyabrında açıqlama verərək neft emalı hissəsinin qurumdan çıxarıldığını söylədiyini yada salır. Bunun çoxdan olmasının vacibliyini qeyd edən ekspert, R.Abdullayevin bir neçə məsul şəxslə Yaponiya səfərinin əsas məqsədinin də qurumun 30 faiz hissəsinin maliyyələşdirilməsi olduğunu söyləyir:
“Bir neçə qurum bu layihəyə maraq göstərirdi. Qeyd edim ki,  ARDNŞ-ın emal müəssisəsinin fəaliyyətinin 2030-cu ilədək uzadılması məsələsi ötən il ortaya atılıb və orada 7 qurğu tikilməsi üçün sözügedən vəsait ayrılıb. Qurumun emal gücü 5,5 milyondan 7 milyon tonadək artırılacaq. Çünki ”Azərneftyağ" zavodu artıq öz ömrünü başa vurub".

Nigar