İlham Əliyev sahibkarlarla bağlı fikirlərində səmimi deyil VİDEO

İş adamlarının "Bandotdel"ə aparılması, "metal basqınları" və Zülfüqarlı qardaşlarının işi başqa ölkədə yox, Azərbaycanda baş verib 
 

Ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclasında sahibkarlara qarşı təzyiqlərə də toxundu. Ölkə başçısı dövlət qurumlarının, o cümlədən hüquq-mühafizə orqanlarının sahibkarların fəaliyyətinə mane olduqlarını dilə gətirdi.
 
İlham Əliyevin bu fikirlərində səmimi olduğuna, sahibkarları müdafiə etdiyinə inanmaq bir qədər çətindir. Axı elə az əvvəl sahibkarların əhəmiyyətli hissəsi DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılmışdı. Onlar Beynəlxalq Bankdan götürdükləri krediti qaytarmamaqda ittiham olunurdular. Lakin sonradan bəlli oldu ki, həmin sahibkarların krediti tam qaytarmaq üçün ən azı 2-3 il vaxt var. Məsələn, konkret olaraq iş adamı Hacı İbrahim Nehrəmli mətbuata açıqlamasında bildirmişdi ki, onun götürdüyü kreditin müddəti 2019-cu ildə bitir. Proseslər göstərdi ki, sahibkarlar sadəcə borclarını vaxtından əvvəl ödəmək üçün "Bandotdel"ə aparılıb. Bəzi mülahizələrə görə, məsələnin kökündə Avropa Oyunlarının xərcləri və manatın növbəti dəfə devalvasiyası barədə qərar dayanır.
 
Bundan əvvəl isə sahibkarlar "vergi hücumu"na məruz qalmışdılar. Bu prosesdə xeyli sayda obyekt fəaliyyətini dayandırmalı oldu. İkiqat vergi yığımı, aylıq "haqq" tələbi xeyli sahibkarın sıradan çıxmasına səbəb oldu.
 
Metal zavodlarına basqınlar, Zülfüqarlı qardaşlarının işi isə hələ də aktuallığını itirməyib. Məlumat üçün deyək ki, Nurəddin və Loğman Zülfüqarlı qardaşları öz ailə bizneslərini 1993-cü ilə qədər Rusiyada qurublar. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə Azərbaycana dönərək əllərində olan vəsaiti sərmayə kimi istehsal sahələrinə qoyublar. 
 
2002-ci ilin aprel ayında iş adamları ilə görüşü zamanı Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev tərəfindən "Bakı Elektroştamp" zavodunun özəlləşdirilməsi məsələsi Dövlət Əmlak Komitəsinə tapşırılıb, Nurəddin və Loğman Zülfüqarlı qardaşları açıq tenderdə iştirak edərək tenderin qalibi olublar. 2003-cü ildə isə açıq tenderə çıxarılmış "Bakı Poladtökmə" zavodunun səhmlərinin 96 faizi alıblar. Çökmüş iqtisadiyyatı olan hər iki zavodun işçilərə, dövlətə və müəssisələrə olan borclarını ödəyib, müəssisələrə iri məbləğdə sərmayə qoyublar. 2005-ci ildən zavodlar gəlirlə işləməyə başlayıb. Lakin 2005-ci ildə Hurəddin Zülfüqarlı  Əmlak Məsələləri Dövlət Komitəsinə çağırılaraq ona hər iki zavodu təhvil verməli olduğu bildirilib. Hurəddin Zülfüqarlı buna etiraz etdiyinə görə, o və qardaşı saxta ittihamlarla "Bandotdel"ə aparılıb. Zülfüqarlı qardaşlarını sorğu-sualsız 4 ay həbsdə saxlayaraq, azadlığın əvəzinə "Bakı Poladtökmə" ASC-nin və GBakıelektroştamp" ASC-nin 80 faizini təhvil verməyi təklif ediblər. 30.03.2006-cı il tarixdə zor gücünə hər iki Zülfüqarlı qardaşlarından alınıb. Bundan sonra Zülfüqarlı qardaşları həbsdən azad edilib, barələrində saxta cinayəti işinə isə xitam verilib.
 
Həbsdən azad edildikdən sonra Nürəddin və Loğman Zülfüqarlı qardaşları yenidən zavodların fəaliyyətinin bərpasına başlayıblar. 2010-cu ildə Zülfüqarlı qardaşları 1.000.000 manat sərmayə qoyub yeni istehsal xəttini quraşdırıblar. 
 
Lakin 2010-cu ilin dekabr ayında həmin xəttin istifadəyə verildiyi gün, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxınlığı ilə tanınan, ölkənin metallurgiya sahəsində hökmran mövqe tutan "Baku Steel Company" şirkətinin direktoru Rasim Məmmədov Zülfüqarlı qardaşlarının ofisinə gələrək onların "Bakı Elektroştamp" və "Bakı Poladtökmə" zavodunda sahib olduğu 20 faiz hissəni təhvil verməyi və ölkəni tərk etməyi tələb edib. O, bunun yüksək vəzifəli dövlət məmurunun göstərişi olduğunu açıqlayıb və razı olmadıqları təqdirdə Zülfüqarlı qardaşlarının təkrar azadlıqdan məhrum olunacağını bildirib. Beləliklə, zavodun balansında olan, Zülfüqarlı qardaşlarına məxsus 18.000.000 AZN dəyərində xammal da zorla alınıb mənimsənilib, Zülfüqarlı qardaşları da çarəsiz olduqlarını görüb, ölkəni tərk ediblər.
 
2011-ci ilin yanvar ayında ölkəni tərk etdikdən sonra Nürəddin və Loğman Zülfüqarlı qardaşları öz hüquqlarının bərpası üçün müxtəlif iddia tələbləri ilə məhkəmələrə müraciət ediblər. Məhkəmə çəkişmələri indi də davam edir. Bundan başqa qardaşlar dəfələrlə ölkə başçısına müraciət ediblər. Əldə etdiyimiz məlumata görə, bu günlərdə Zülfüqarlı qardaşları növbəti dəfə İlham Əliyevə müraciət göndəriblər. Lakin heç bir nəticəsi olmayıb. İnandırıcı deyil ki, sahibkarlara təzyiqdən danışan İlham Əliyev bütün bunlardan xəbərsizdir. Xəbəri varsa və tədbir görmürsə deməli, sahibkarlarla bağlı səsləndirdiyi fikirlərində səmimi deyil.