
Prosesdən sonra xanım Piri BBC Azərbaycancaya təəssüratlarını paylaşıb.
– Niyə məhkəməni izləmək qərarına gəlmisiniz?
– Mənim üçün önəmli idi ki, burada olum. Avropa Oyunları bitsə də, siyasi məhbuslar üçün heç bir müsbət yenilik olmadı. Buna rəğmən bizim onları unutmuruq.
– Proses və ümumi iş barədə nə düşünürsünüz?
– Leyla Yunus və Arif Yunus və digər siyasi məhbuslar cinayətkar deyil və biz, onların dərhal azad olunmasına çağırış etmişik. Ümumiyyətlə, belə məhkəmə olmamalıdır və onlar qəfəs arxasında olmamalıdır. 11 ay məhkəməyə qədər saxlanılma ağlagəlməzdir, xüsusilə heç bir sübut olmadığı halda.
– Məhkəmədə nə müşahidə etdiniz?
– Çox-çox balaca məhkəmə zalı idi, içəridə 15 nəfərə qədər təhlükəsizlik nümayəndələri var idi və ictimaiyyət üçün cəmi 30 yer var idi. Kifayət qədər yer olmadığından səfirliklər və xarici diplomatlar içəri daxil ola bilmədi.
Azərbaycan qanunlarını bilməsəm də, məhkəmədə vəkillərin verdikləri vəsatətlər rədd edildi.
Bu, kriminal cinayət işi deyil, bütün hallar iqtisadi maddələrlə bağlıdır. Amma əlbəttə ki, bu hakimlər və prokuror tərəfindən rədd edildi.
– Məhkəmədə hər hansı qanun pozuntusu müşahidə etdinizmi?
– Hakimlər vəkillərin vəsatətləri barədə qərar verməyə gedərkən Leyla Yunus açıq şəkildə dedi ki, o, 30 dəqiqə danışmaq hüququndan istifadə etmək istəyir. Amma hakimlər onun bu hüququnu tamamilə rədd etdilər. Leyla Yunus 15-20 dəfə dedi ki, mən öz hüququmdan istifadə etmək istəyirəm, danışmaq və bəyanat vermək istəyirəm. Hakimlərin cavabı bu oldu ki, Leyla Yunus məhkəməylə əməkdaşlıq etmir. Azərbaycan qanunlarını bilməsəm də, təqsirliyə söz verilməməsi çox qəribədir.
Həm də ona görə sevinirəm ki, məhkəmənin sonunda Leyla Yunusla şəxsən söhbət edə bildim, ona deyə bildim ki, onun prosesini şəxsən izləməkdə davam edirəm, biz buradayıq. Ona güclü olmasını dedim, çünki vaxt gələcək ki, bütün bunlar bitəcək.
– Leyla Yunus sizə nə dedi?
– Leyla Yunus mənə dedi ki, burada olmağımdan, iştirakımdan məmnundur. Amma o, təkcə öz sağlamlığı deyil, həyat yoldaşının da sağlamlığından çox narahatdır. Məhkəmə zamanı da müşahidə etmək olardı ki, onlar bir- biri ilə Arifin başının arxasında dəqiq adını bilməsəm də “şişə oxşayan” nəsə var və görünür ki, Yunuslar bundan çox-çox narahatdır. Jurnalistlərə də, mənə də deyirdi ki, Arif tibbi yoxlamadan keçməlidir, özünü yaxşı hiss etmir.
– Proseslə bağlı gözləntiləriniz nədir?
-Ümumən hökümətlə bu insanların həbsi barədə razılaşmırıq və düşünürük ki, hökümət onların həbsinə görə öz səbəbləri var. Düşünürəm ki, hökümət artıq başa düşüb ki, belə hallar Azərbaycanın beynəlxalq nüfuzuna lap çox ziyandır. Ümid edirəm ki, yaxın gələcəkdə onlar reallığı anlayacaq ki, belə davam etmək olmaz. Çünki mən burada təkcə özümün deyil, Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin nümayəndəsiyəm. Elə bu faktın özü də göstərir ki, biz bu işlərlə bağlı necə narahatıq.
– Növbəti məhkəmə prosesində iştirak edəcəksinizmi?
-Növbəti məhkəmə ayın 27-də keçiriləcək və mən burada olmasam da, beynəlxalq təşkilatlar, Aİ nümayəndəliyi və səfirliklər iştirak edəcək.
Kati Piri Azərbaycana Yunusların 13 iyun məhkəməsini izləməyə gəlib, lakin məhkəmə təxirə salınıb.
Leyla və Arif Yunus 2014-cü ilin iyul ayında həbs olunub. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Yunuslara qarşı "dövlətə xəyanət" ittihamı isə ayrıca icraata götürülüb.