Əkizlər 27 il sonra “youtube” vasitəsilə bir-birini tapdı

Anais Bordye Fransada böyüyüb. Günlərin birində o, tanışının tövsiyə elədiyi filmə "youtube"da baxarkən özünü itirib. Çünki filmdə rol alan aktrisa sanki Anaisin özü idi. Halbuki, o, heç vaxt filmə çəkilməyib.
Belə olan halda, Anais filmə çəkilmiş qız haqda məlumat toplamaq qərarına gəlir. İnternet vasitəsilə apardığı araşdırmalar nəticəsində öyrənir ki, ona bir almanın yarısı kimi bənzəyən gənc aktrisa Amerikada yaşayan Samanta Futermandır.
Təxminən bir ay fikirləşəndən sonra Anais "facebook" vasitəsilə Samantaya məktub yazmaq qərarına gəlir. Məktubu alanda Anais kimi Samanta da şoka düşür.
Məlum olur ki, onların hər ikisi 19 iyul 1987-ci ildə Seulda anadan olublar. Elə anadan olan kimi də onları ayırıblar. Samanta amerikalı, Anais isə fransız valideynlər tərəfindən övladlığa götürülüb.
Qızlar görüşərək, DNT testindən keçiblər. Testin nəticəsi də onların bacı olduğunu təsdiqləyib. Qızlar bioloji analarını nə qədər axtarsalar da, tapa bilməyiblər. Bununla belə, bir-birini tapdıqlarına görə çox xoşbəxtdilər.

azadliq.info