«Zavodu tikib, sonra qazı fikirləşiblər»
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın “Qazprom” şirkəti tərəfindən “AzMeCo”ya satılacaq qazın nəqlini təmin edəcək. Bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib. “Bizim qaza ehtiyacımız yoxdur. Biz müqavilə öhdəliklərimizin hamısını yerinə yetiririk. Metanol zavodu tikilir. Bu zavod bizimlə uzunmüddətli qaz müqaviləsi imzalamayıb. Ona görə də, bizim o zavod üçün resursumuz yoxdur. Günah onların (”AzMeCo") özündədir ki, zavodu tikib, sonra qazı fikirləşiblər", – deyə R. Abdullayev qeyd edib.
SOCAR prezidenti qeyd edib ki, o, “AzMeCo”nun “Qazprom”dan qaz almasına etiraz etməyib. Bununla yanaşı, Rövnəq Abdullayev bildirib ki, metanol istehsalçısının “Qazprom”dan qaz alması “normal haldır”.
Qeyd edək ki, “AzMeCo”nun sahibi Nizami Piriyev kredit qalmaqalına görə DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılmışdı. Onun Beynəlxalq Bankdan külli miqdarda kredit götürdüyü bildirilirdi. Sonradan Nizami Piriyev sərbəst buraxıldı. Onun kredit borcunu ödədiyinə görə sərbəst buraxıldığı deyilirdi.
Onu da bildirək ki, “Metanol” zavodu inşa olunarkən Azərbaycan hakimiyyəti bunu xüsusi təntənə ilə təqdim edirdi. Zavodun açılışında Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer də iştirak edib.