Hakimiyyət baş nazirin keçmiş müavinini bağışlamaq niyyətində deyil
Xəbər verildiyi kimi Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun ünvanına sərt ittihamlar səsləndirib. Qüdsi Osmanov Abbas Abbasovu ermənilərlə işbirliyində, Azərbaycan müxalifəti ilə gizli əlaqələrdə suçlamışdı. Qüdsi Osmanov həmçinin bildirmişdi ki, Abbas Abbasov özünü Rusiyanın siyasi dairələrinə yaxın şəxs göstərməklə məqsədlərini həyata keçirməyə çalışır.
“Azadlıq” hələ bir müddət əvvəl məlumat vermişdi ki, Azərbaycan hakimiyyəti heç bir halda Abbas Abbasovu bağışlamaq niyyətində deyil. Abbas Abbasov da bunun fərqində olduğu üçün artıq ailə üzvlərini və Azərbaycandakı biznesi kənara çıxarır. Məlumatda deyirlirdi ki, artıq Abbas Abbasovun deputat oğlu Aydın Abbasov Türkiyədə məskunlaşıb. Abbas Abbasovun biznesini də bu ölkəyə daşıdığı barədə məlumatlar var. Lakin bu məlumatdan sonra Aydın Abbasov mətbuata açıqlamasında iddiaların əsassız olduğunu bəyan etdi.
Redaksiyamıza daxil olan məlumata görə, Aydın Abbasov həmin açıqlamanı da Türkiyədən verib. Onun yayılan məlumatı təkzib etməsi həmin biznesinin Azərbaycandan çıxarılmasına əngəl törədilməməsi ilə bağlı olub.
Qüdsi Osmanovun fikirləri də təsdiq edir ki, hakimiyyətlə Abbas Abbasov arasında körpülər yanıb və iqtidar baş nazirin keçmiş müavinini tamamilə sıradan çıxarmaq, hətta həbs etmək niyyəti var.


