Elman Rüstəmovdan yalançı optimism

Manat neftin 40 dollarlıq qiymətinə duruş gətirə biləcəkmi?

Məhəmməd Talıblı: «Neftin qiymətinin aşağı olması manatın növbəti devalvasiyası üçün ciddi əsasdır»

Azərbaycan Mərkəzi Bankı (AMB) müvafiq tələblərə cavab verəcək kommersiya banklarına ucuz maliyyə vəsaitləri verəcək. Bunu AMB-nin Idarə Heyətinin sədri Elman Rüstəmov ANS TV-yə müsahibəsində bildirib: “Bunu mərhələ-mərhələ edəcəyik və resurslara qoşulmaq şərti bütövlükdə bankın tam requlyativ tələblərə cavab verməsi, onun bizim daxili reytinq sistemində yer alması olacaq”.
“Bununla AMB bankların ”cəlb olunan vəsaitlər baha olduğu üçün kreditlər də bahadır" bəhanəsini aradan qaldırmış olacaq. Eyni zamanda, ucuz vəsaitdən istifadə edərək kredit faizlərini aşağı salan banklar bazarda rəqabəti yüksəldəcək. Bu isə digər maliyyə təşkilatlarının da tələblərə uyğunlaşmasına stimul yaradacaq",- deyə baş bankir qeyd edib.
Amma maraqlıdır ki, bu maliyyə vəsaiti banklara problemli kreditlər məsələsini həll etməyə kömək edəcəkmi? Hazırda 20 milyardlıq kredit portfelinin yarısından çoxu problemli kreditlərə aid edilir. Ona görə bu sahəyə ayrılan vəsaitin ciddi uğur əldə edəcəyi az inandırıcıdır.
Daha bir maraqlı məqam isə E.Rüstəmovun neftin qiyməti ilə bağlı verdiyi proqnozdur. E.Rüstəmov vurğulayıb ki, neftin qiymətində ciddi dəyişikliklər baş verərsə, yəni 40 dollar olsa belə, Azərbaycan üçün təhlükəli deyil. “Hazırda neftin bugünkü qiyməti 59 dollardır. Biz risk zonasından əhəmiyyətli dərəcədə uzağıq. Belə olan halda manatla bağlı heç bir problem görmürəm”, deyə E.Rüstəmov vurğulayıb.
Hələ neftin qiyməti 60 dollar civarında olan zaman manat ciddi təzyiqlə üzləşmişdi. Məhz bunun nəticəsi olaraq Mərkəzi Bank fevralın 21-də devalvasiyaya getməyə məcbur oldu. Qəbul olunan bu qərarın fəsadları hələ də aradan qaldırılmayıb. Bundan başqa o da nəzərə alınmalıdır ki, məhz neftin qiymətinin sürətlə aşağı düşməsi Mərkəzi Bankın valyuta resurslarının tükənməsinə səbəb oldu. Mərkəzi Bank 15 milyardlıq rezervinin yarısından çoxunu xərclədi. Mərkəzi Bankın aylıq xərcləmələri bəzi hallarda hətta 1 milyardı keçirdi.
Bəs E.Rüstəmovun söylədiklərində nikbinliyə qapılmağa əsas varmı?


Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Mərkəzi Bank son bir həftədə banklarla bağlı bir neçə addım atıb. Bunlar uçot dərəcələrinin aşağı salınması, komisyon xərclərin azaldılması və 200 milyonluq yardım paketidir. M.Talıblının sözlərinə görə, bu addımların alqoritmik məzmunu onu deməyə əsas verir ki, MB önləyici tədbirlərə start verib: “Bütün bu addımlar ona hesablanıb ki, millətin başağrısına çevrilmiş bahalı kredit resusrları ucuzlaşdırılsın.
Amma nəzərə alaq ki, illik kredit portfeli milyard manatla ölçülən banklar üçün bu, resursların ucuzlaşmasına gətirib çıxaran addım olmayacaq. Çünki, bu qısa zaman kəsiyi üçün “seçilmiş” bir neçə biznes qurumu üçün vəsaitdir. Necə ki, ipoteka kreditləri üçün adi və sosial ipoteka adları altında hamı sosial ipoteka ala bilmir. Xüsusi patronajlıqla və “ev tapşırığı” ilə alanlar yenə də dövlət qulluğunda işləyənlər və buna yaxın sosial qruplardır".
M.Talıblının fikrincə, ona görə 200 milyon manatlıq yardım paketi də kredit resurslarını ucuzlaşdırmayacaq. Əgər bank sektorunda ənənəvi kanallardan gələn impulslar hesabına resurs ucuzluğuna nail olunmayıbsa, demək, daha alternativ və fərqli metodlar haqqında düşünmək lazımdır: “Nəzəri olaraq qəbul etsək ki, bu dəstək kampaniyası davamlı aparılacaq və sonucda dövlətin rezervlərindən milyardlarla vəsait xərcləməklə təklif formalaşdırırıq ki, rəqabət yaransın. Təklif çoxluğu və rəqabət bank sektorunda ucuzlu kredit resursu formalaşdıracaq. Elə bütün bunlardansa, xarici kapitallı bankların bu sektora daxil olmasındakı maneələri aradan qaldırmaqla rəqabəti stimullaşdırmaq ən doğru yoldur. Ucuz resursun mənbələrindən biri və əsası elə budur”.
Manatın hətta neftin 40 dollarlıq qiymətinə belə duruş gətirə biləcəyi barədə E.Rüstəmovun söylədiklərinə gəlincə, M.Talıblı vurğuladı ki, aşağı qiymət səviyyəsində olacaq neftin qiyməti devalvasiya üçün ciddi əsasdır: “Qiymət 40 dollar olan günün səhərisi devalvasiya olası deyil. Ortalama olaraq bu qiymət zolağında valiasiyalar devalvasiya qərarı üçün ciddi faktordur. Belə şəraitdə devalvasiya qərarı olmadan MB-nin rezervləri bu təzyiqlərə uzun müddət dözə bilməz. Uzağı 6-8 aydan sonra həmin rezervlər ”əriyəcək".

Xəyal