Türkiyədən Azərbaycana ittiham

Bu gün türk mətbuatında Azərbaycanın Türkiyəyə xəyanət etməsi bağlı silsilə məqalələr yer alıb. 
 
“Milliyet”, “Türkiye” kimi onlarla sayt və portalda dərc edilmiş məqalələr bəzi sosial şəbəkə üzvləri tərəfindən hətta “Qardaş qardaşı kürəyindən vurdu” adı altında yayılıb. Məqalələrdə “Azərkosmos” ASC-nın “Türksat”la əməkdaşlıqdan imtina etməsindən bəhs edilir. 
 
İlkin olaraq “Türkiye” qəzetində dərc olunmuş və müəllifi Osman Çobanoğlu olan “Qardaş “Türksat”ı istəməmiş” başlıqlı məqalədə iddia edilir ki, Azərbaycana “Türksat”ın yayıldığı bölgələrdə ortaq peyk inzibatçılığı təklif edilib, amma Azərbaycan daha yüksək qiymətlə rəqib operatorla əməkdaşlığa üstünlük verib. Məqalə müəllifi iddia edib ki, “Türksat” öz hesabatında bunu "rəqib peyk operatorları ilə yaxın əməkdaşlıq etməklə bölgədə “Türksat”a qarşı təhdid ünsürləri yaratmaq" kimi dəyərləndirib. 
 
“Azərkosmos” ASC-dən isə ANS PRESS-in sorğusuna cavab olaraq “Türkiye” qəzetində yayılmış xəbərin həqiqətə uyğun olmadığı vurğulanıb.