Ölkə prezidenti İlham Əliyev keçən gün müşavirə keçirdi. Təbii, bu dəfə də mövzu ölkənin ən böyük problemi, Avropanın Azərbaycana paxıllıq etməsi idi. Nə iqtisadi çətinliklər, nə də dolların qalxması… Gündəm heç ölkə əhalisinin dilənçi günündə qalmaq təhlükəsi ilə üz-üzə olması da deyildi.
Müşavirəyə baxdım və dərin-dərin düşündüm. Bu Avropa niyə bizim paxıllığımızı çəkir axı? Bu sual beynimi didirdi, uzun və dəruni düşüncələrdən sonra cətin sualın cavabını, nəhayət ki, tapdım.
Bildim ki, doğrudan da Avropa bizim paxıllığımızı çəkir. Amma “bizim” deyəndə bu paxıllıq çəkənlər bizim, yəni Azərbaycanın deyil, əzəmətli və həşəmətli iqtidarımızın, zəngin məmurlarızın paxıllığını çəkir.
Niyə, mən deyim, siz də oxuyun, ağlınıza batsa, təsdiqləyin.
Beləliklə…
Başlayaq Almaniyadan…
Bir müddət əvvəl Almaniyanın Baş naziri Merkelin yaşadığı evin şəkillərini yaymışdılar. Orta statistik azərbaycanlının evi bu xanım nazirin yaşadığı evdən qat-qat dəbdəbəlidir. İndi bu Merkel niyə və necə paxıllıq çəkməsin!? Axı bu nazir illərdir ki, ölkənin bütün dərdini çəkir, nə keçib əlinə quru maaşdan başqa?.. Bəlkə Dubayda villası, ölkənin ən yaxşı yerlərində imarətləri, ya da bəlkə milyon dəyərində yaxtaları, nə bilim, ofşor zonalarda milyarları var?!
Nəyi var axı bu Merkelin?! Kasıb, öz halında bir nazirdir. İndi belə olanda bu Merkel necə paxıllıq çəkməsin?! Necə rahat yatsın ki, niyə mənim o milyarlardan yoxdur?! Niyə mənim övladlarmın qızıl mədənləri, saysız- hesabsız şirkətləri, bankları və bank hesabları olmasın?
Merkelin, necə deyərlər “dərdini” anladıq.
İndi gələk İngiltərəyə… Və ya onun Baş naziri Kamerona…
Kameron pis siyasətçi deyil, insafən zərif və gözəl də xanımı var. Son seçimlərdə gördüm, yanında idi. Bu qədər… Heç eşitmisiniz ki, Kameronun xanımı mükafat alıb, ya da hansısa beynəlxalq təşkilatın nümayəndəsi olsun? Yox.
Hələ üstəlik nə idi o Kameronun seçki ərəfəsində çəkdikləri? Bir gün metroyla yolçuluq etdi, bir gün fəhlələrlə nahar etdi, hətta başına kask qoyub inşaatçılarla görüşdü. İnsaf, insaf… Nəyinə lazımdır axı bir siyasətçinin bu məşəqqət… Nədir bu Kameronun ingilislərdən çəkdiyi? Niyə bu inglisi xalqı ondan bu qədər iş tələb edir, səsvermə günü oturmur evində? Yazıq Kameron da baxır İlham Əliyevin aldığı səslərin sayına, bir də baxır özünə… O boyda işlə, aldığı səs bizdə seçkilərdə bir bələdiyyə sərdinin aldığı səs qədər deyil. Ya da ölkə əhalisinin 90 faizi onu dəstəkləyirmi?
İndi siz deyin, bütün bunlardan sonra necə paxıllıq etməyəsən?!
Necə olur İngiltərə boyda ölkənin başçısı olasan, sənə qarşı yazı yazan bir jurnalisti həbs etdirə bilməyəsən? O boyda nazir bir müxalifətçinin cibinə narkotik atıb şərləyə bilmir. Heç Allahın zavallı bir yazarını belə cəzalandıra bilməyən, müxalifətin əlində ilişib qalan bir baş nazir indi necə sakit yaşasın…
Necə olur, Azərbaycanda 100-ə yaxın siyasi məhbus olur, amma İngiltərədə bir nəfərin siyasi dünyagörüşünə görə burnu qanamır.
Yazıq Kameron, belə olan halda necə özünü hökmdar hiss etsin?
Fransaya gəlincə… Ollandın dərdi daha böyükdür.
Bilirsiniz ki, Fransız xalqı əyləncəni sevir. Amma dövran elə gətirib ki, indi Azərbaycan xalqı fransızları əylənməkdə ötüb. Fransada Olimpiya məşəli dolaşıb-dolaşıb axırda Ollandın əlinə gəlib çıxdı? Nə az, nə çox,düz 8 milyardlıq Olimpiya adı altında 17 günlük əyləncə təşkil etdilər? Olland da buna baxıb nə gecə yata bildi, nə gündüz.. Necə olur, dünyanın ən əyləncə sevən xalqı olasan, adı sənin, dadı Azərbaycanın olsun…
Ya da keçən gün gördünüz paradı? Kimin Olimpiya paradı var? Heç kimin…
Az qala hər gün verilən ziyafətlər, qonaqlıqlar, dünyanın ən məşhur müğənnilərinə milyonlar verib bir mahnı oxutdurmalar…
Necə olsun, başcı olasan, əlində iqtidar olsun, amma baş kəsib qan tökməyəsən, ov ovlayıb quş quşlamayasan? Hələ üstəlik quru maaşa işləyəsən?
Deyiləsi dərd deyil. Hələ onu demirəm ki, bu yazıq dövlət başçılarını tərifləyən manıslar, yazarlar, dünya şöhrətli müğənnilər yoxdur. Hec Allahın bir nəfər jurnalisti də yoxdur ki, qalxıb bir gün yazı yazsın və onlardan birini tərifləyib dünyada analoqsuz siyasətçi adlandırsın.
Eh, hardadır yaltaq sürüsü, “mənim ömrümdən kəsib sənin ömrünə çalasın” deyənlər? Heç ömründə yazıq Merkelin əlini bir yaşlı kişi öpüb deyib Allah sənin canını sağ eləsin, sən olmasaydın, mənim övladlarım da olmayacaqdı. Heç bir dəfə görmüsünüzmü, Avropada bir dindar kameranı tutub özünü çəksin və ölkə başçılarının sayəsində Allaha inandığını dilə gətirsin, desin ki, ölkə başçısı olmasaydı, ateist ölüb cəhənnəmə gedəcəkdim?!
Hec adını çəkdiyim siyasətçilərin otağında “otvyorka” ilə pul dolu çomadan ağzı açan, bir deputat kürsüsü üçün milyonlar sayan, millətə vəkil olmaq istəyən vətəndaşları var?!
Eh, heç onların “özündüzəlt” müxalifəti də yoxdur…
Heç Allahın bir hakimi belə yoxdur ki, “yuxarıdan” göstəriş alıb istədikləri adamı istədikləri maddə ilə cəzalandırsın.
Ya da bəlkə bu ölkələrdə hər seçkidə haqqını, səsini, sərvətini, gələcəyini oğurlaya bildikləri kölə, biganə xaqlar var!?
Yoxdur. Vallah belə başçı olmaqdan nə çıxar, bir başçı ki, seçki saxtalaşdırmadı, müxalifətçi, jurnalist tutmadı, ölkəni talamadı, istədyini etmədi, ölkə əhalisini dilənçi durumuna salmadı, daha elə başçı olmağın nə ləzzəti!?
Necə deyərlər, apar qaytar!
Ona görə də siz bu Avropanı qınamyın, insanlıq halıdır, bizim iqtidar sözcülərinin dediklərini də qəribçiliyə salmayıb. Valah düz deyirlər.
Avropa doğrudan da paxıllıq edir.