Paradoks, siyasi kataklizm, yoxsa allahın cəzası?

Çox qəribəliklər təzahür edir Azərbaycanda.

Bir zaman Əbülfəz Elçibəylə çiyin-çiyinə mübarizə aparanlardan kimlərsə onun iqtidardan getməsində az-çox rol oynayıb, indi aqibətləri ürəkaçan deyil. Və kimlər də ki, Heydər Əliyevin hakimiyyətin zirvəsinə çatması üçün canfəşanlıq edib, aqibətləri çox düşündürücüdür.

Dünyasını dəyişənləri bir yana qoyaq, bu gün sağ-salamat olanların bir neçəsinin aqibətinə nəzər salaq.

Etibar Məmmədov bir vaxtlar Azadlıq hərəkatının liderlərindən idi. Azadlıq meydanında yüz minlərlə insan Etibar bəyin çıxışını səbirsizliklə gözləyirdi. Iyun qiyamında Etibar Məmmədov Elçibəy iqtidarına qarşı çıxdı və bunun üstündə dayanmaq fikrim yoxdur. Qiyamdan sonra nə qazandı o? 1998-ci ilə qədər siyasi meydanda bir az at oynatdı. Sonra? Sonrası bəllidir. Bu gün Etibar bəyin siyasətdə çəkisinin nə qədər olduğunu hər kəs gözəl bilir.

Rəhim Qazıyev də bir zaman Etibar Məmmədov kimi xalq qəhrəmanı idi. Iyun qiyamı zamanı Rəhim Qazıyev parlament tribunasından Elçibəy iqtidarının qatı düşməni kimi danışırdı. Sonucda ömürlük həbsə atdılar. Sonra əvf etdilər.

Və indi nə iş gördüyü ilə maraqlanan yoxdur. Hərdən iyun qiyamının ildönümlərində yada salırlar.

Isgəndər Həmidov xalq hərəkatı dövründə Etibar Məmmədov və Rəhim Qazıyev qədər siyasi reytinqi olmasa da, yüksək nüfuz sahibi idi. Elçibəy iqtidarında ən mühüm postlardan birinə -Daxili Işlər Nazirliyinə rəhbərlik edirdi. Onun nazir olduğu dövrlərdə yaşına və oturduğu kresloya yaraşmayan çılğın hərəkətləri, gerçəkləşdirdiyi bəzi əməliyyatlar Elçibəy iqtidarının təməlinə ciddi zərbə vurdu.

Surət Hüseynovun Gəncədə qiyam başlatdığı bir zamanda Isgəndər Həmidovun Bakıda mitinq təyin etməsi isə olduqca ilginc idi. Doğrudur, Gəncə qiyamı Isgəndər bəyin mitinqinə mane oldu, ancaq onu Heydər Əliyevin həbsə atmasına kimsə mane olmadı.

Həbsdən buraxıldıqdan sonar Isgəndər bəy siyasətlə məşğul oldu, partiya sədri seçildi. Və bir gün perspektivi olmayan fəaliyyətlə məşğul olduğunu dilə gətirərək, siyasi səhnədən çəkildi.
Köşənin həcmini nəzərə alıb siyahını uzatmıram, həm də növbədə Heydər Əliyevi bəh-bəhlə iqtidar edənlərdən bəzilərinin aqibətləri durur.
Ziya Bünyadov akademik idi, Sovet Ittifaqı Qəhrəmanı idi və o, Heydər Əliyevin taxta çıxmasında əlahiddə rol oynamışdı.
Heydər Əliyevin hakimiyyəti dönəmində qətlə yetirdilər, gülləni ağzından vurdular. Allah rəhmət etsin.
Rəfael Allahverdiyev Heydər Əliyevin ən sadiq adamı idi. Onun ikinci dəfə hakimiyyətə qayıdışı üçün çox zəhmət çəkdi. Oğul Əliyev taxta sahib olduqdan sonra vedrə bağlayıb Azərbaycandan qovdular.
Son nəfəsinədək Bakıya buraxmadılar. Yalnız canbəsər olduqdan sonra qürbətdən Bakıya dönməsinə icazə verdilər. Vətənə qayıdan gün, ya da onun səhərisi Rəfael müəllim haqqa qovuşdu. Ona da rəhmət.
Əli Insanov da Ziya Bünyadov kimi akademik idi. Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişində mühüm rolu olub. Ata Əliyev onu Səhiyyə naziri təyin etdi. Oğul Əliyev 10 il həbsə göndərdi. Allah qapısını açsın.
Əli Ömərov Gəncə qiyamı zamanı xüsusi canfəşanlıq etdi. Baş Prokuror postu ilə mükafatlandırıldı. Sonra bir gün qara eynəkdə televiziyaya çıxıb döyülüb təhqir olunduğunu izhar etdi və hətta təzyiqə məruz qalmış nahiyələrini nümayiş də etdirmək istədi. Onun da adı yalnız iyunda yada düşür.
Rəsul Quliyev də Heydər Əliyevə ən sadiq adamlardan biri idi. Parlamentin sədrliyindən gedəndə Heydər Əliyevlə əməlli-başlı görüşüb-öpüşərək ayrıldı.
15 ildir ki, ABŞ-da mühacir həyatı yaşayır.
Sirus Təbrizli ilə yekunlaşdıraq yazını. Onu Heydər Əliyevin 1 nömrəli ideoloqu da adlandırmaq olar. Sirus bəyin Heydər Əliyevin yolunda çəkdiyi zəhmətin dəyəri bu gün beş qara qəpik də deyil. Səbəbini qoy özü araşdırsın, mənim oxuculara bir sualım olacaq.
Dəyərli oxucu, nədən belə oldu onların aqibətləri? Buna nə ad qoyaq: PARADOKS, SIYASI KATAKLIZM, yoxsa ALLAHIN CƏZASI?