Hakimiyyət Avropadan imtina edir

Qərbdən üz çevirən hakimiyyət Rusiyanın ciddi təsirinin olduğu təşkilata üz tutur
 

Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan hakimiyyətinin Ermənistanla birlikdə Şanxay Əməkdaşlıq Təşkilatında "dialoq partnyoru" statusunda iştirakına etiraz bəyanat yayıb. Bəyanatda deyilir: 
"Bu günlərdə dövlət və beynəlxalq münasibətlər nəzəriyyəsi və təcrübəsində analoqu olmayan bir hadisə baş verdi. Azərbaycanın bundan öncə dəfələrlə ən yüksək səviyyədə rəsmən bəyan olunmuş Avrointeqrasiya kursundan imtina edərək Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyə can atmasının anonsu verildi. Dövlətimizin xarici siyasət kursunda belə kəskin dəyişikliyin nə dərəcədə real olduğunu hələlik dəqiq bilməsək də, bu dəyişikliyin anonsunun başqa bir ölkənin dövlət başçısı -Rusiya prezidenti Vladimir Putin tərəfindən edilməsi Milli Şura olaraq bizi Azərbaycanın bu günü və gələcəyi, xüsusilə də dövlət müstəqilliyimiz və suverenliyimizlə ilə bağlı dərin narahatlıq və təşviş keçirməyə vadar edir. Biz hələ də ümid edirik ki, Azərbaycanın xarici siyasət kursu cənab Putin tərəfindən Moskvada deyil Bakıda müəyyən edilir, lakin Azərbaycan Xarici İşlər Nazirliyinin davam edən susqunluğu bizi bu zəif ümiddən də məhrum edir. Özünə və vətəndaşına hörmət edən heç bir dövlətin xarici siyasət doktrinasının kökündən, tamamilə əsk istiqamətdə dəyişməsi xəbərini bu ölkənin vətəndaşı başqa ölkənin rəhbərindən almamalıdır. Digər tərəfdən, qarşısında Avropa Birliyi ilə Assosiasiya və Azad Ticarət Sazişlərinin imzalanması kimi geniş və parlaq üfiqlər, Avropa Birliyi ilə dərinləşən inteqrasiya siyasətinin nəticəsi kimi tərəqqiyə, rifaha, daha yaxşı idarəetməyə və inkişafa qovuşmaq kimi perspektivlər açılan bir ölkənin bu perspektivləri Kamboca, Nepal, Tacikistan, Özbəkistan kimi ölkələrlə predmeti və hədəfləri bəlli olmayan əməkdaşlığa qurban verməsi artıq təkcə strateji seçim yox, milli təhlükəsizlik məsələsidir. Azərbaycan hakimiyyəti ən yüksək səviyyədə Azərbaycan xalqına izahat verməlidir ki, hansı hüquqi, siyasi əsaslarla və mənəvi haqla demokratik, çağdaş, inkişaf etmiş dünyanın bir parçası olmaq şansından imtina edərək torpaqlarımızın 20 faizini işğal edən, bir milyon insanımıza qaçqınlıq və məcburi köçkünlük həyatı yaşadan Ermənistanla "dialoq tərəfdaşı" olmaq qərarına gəlib. Məgər Ermənistan torpaqlarımızı azad edib, işğal faktı aradan qalxıb? Məgər köçkünlərimin öz evlərinə qayıdıb? Hansı zərurət hökuməti son günlər xüsusi intensivliklə, bir-birinin ardınca Azərbaycanın ərazi bütövlüyü, Qarabağ və ətraf bölgələrin Ermənistan tərəfindən işğalı, qaçqınlarımızın və məcburi köçkünlərimizin öz dədə-baba torpaqlarına qayıtmaq hüquqlarının təmin olunması ilə bağlı rəsmi sənədlər qəbul edən, ortaya açıq və qətiyyətli mövqe qoyan Avropa Birliyindən, ATƏT-dən, Avropa Şurasından, Almaniyadan, ABŞ-dan üz çevirərək eyni vaxtda Ermənistana 200 milyon dollar dəyərində kredit və "İskəndər" raket kompleksləri verən Rusiyanın ağuşuna atılmağa vadar edir? Xalqa izah etsinlər ki, Nepal, Kamboca, Tacikistanla əməkdaşlıqdan nə qazanacağıq ki, buna görə elmin və texnologiyanın, inkişafın və tərəqqinin vətəni olan Avropadan və ABŞ-dan imtina edirik. Azərbaycanın siyasi rəhbərliyin işğalçıya və onun himayədarına olan bu sevgisi və təbəə itaətkarlığı heç şübhəsiz ki, yalnız və yalnız rejimin hakimiyyət maraqları ilə bağlıdır. Rejim hətta işğalçı Ermənistanla bir yerdə olmağı, dialoq çərçivəsində işğalçı dövlətlə əməkdaşlıq etməyi, suveren hüquqlarını, müstəqilliyini Rusiyaya güzəştə getməyi belə öz vətəndaşının hüquq və azadlıqlarına hörmət etməkdən, ölkədə qanunun aliliyini təmin etməkdən daha məqbul seçim sayır. Demokratik Qüvvələrin Milli Şurası olaraq biz Azərbaycan hakimiyyətindən dövlətçilik maraqlarımız baxımından bu təhlükəli, avantürist və antimilli siyasətə son qoymağı tələb edirik. Azərbaycan dövlətinin və xalqının milli maraqları və Azərbaycanın inkişaf perspektivləri ilə belə təhlükəli oyunlar ilk növbədə rejimin özü üçün olduqca təhlükəli nəticələr vəd edir. Hər kəs bilməlidir ki, Azərbaycan xalqı qanı bahasına, minlərlə şəhid verərək qazandığı müstəqilliyinin hakimiyyət maraqları naminə qurban verilməsi ilə heç vaxt barışmayacaq".