İlham Əliyev Qərblə qarşıdurmanı dərinləşdirdi VİDEO

Əli Kərimli ölkə başçısının anti-Qərb bəyanatlarını "etiraf" adlandırdı: "Rejim özünü təcrid edib"

Ölkə başçısı Ilham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dünən keçirilən iclasda Ilham Əliyev bir çox məsələlərlə bağlı problemi sadalayıb. O, hüquq-mühafizə oqranlarının fəaliyyətinə münasibət bildirərkən deyib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bəzən sahibkarların fəaliyyətinə müdaxilə edir, onlara təzyiq göstərir.

Ölkə başçısı bildirib ki, hüquq-mühafizə orqanlarının fəaliyyətindəki bu özbaşınalıq sahibkarların vəziyyətinə və ölkədə investisiya mühitinə mənfi təsir göstərir.

Bahalaşma və qanunsuzluqlar həllini tapacaqmı?

Ilham Əliyev daha sonra son günlər daha çox müzakirə mövzusuna çevrilən AZAL-da biletlərin qiymətlərinin bahalığı məsələsinə də toxunub. Bildirib ki, biletlər həddən artıq bahadır və bu məsələ tez bir zamanda nizama salınmalıdır.

Ölkə başçısı həmçinin ölkədə fəaliyyət göstərən otellərdəki qiymətlərin xidmət səviyyəsinə uyğun gəlməməsini və bunun da turizmin inkişafına mənfi təsirini göstərdiyini də bildirib.

Ilham Əliyev digər qurumlarla yanaşı Azərbaycanın Xarici Işlər Nazirliyinin fəaliyyətini də tənqid edib. Prezident bildirib ki, bundan sonra Azərbaycanın xarici siyasəti ölkələrin bizə qarşı münasibətinə adekvat qurulmalıdır.

Təcrübə göstərir ki, Ilham Əliyev hər dəfə müşavirələrdə, iclaslarda hansısa problemlərə toxunur, sərt çıxışlar edir, tapşırıqlarını verir, lakin ortada heç bir əməli iş gözə dəymir. Ekspertlərin fikrincə, budəfəki müşavirə də digərlərindən fərqlənməyəcək. Onların sözlərinə görə, Ilham Əliyevin ritorikasını sərtləşdirməsi, müəyyən problemləri qabartması sadəcə, qarşıdan gələn parlament seçkilərinə hesablanıb.

7 rayonun geri qaytarılacağı barədə iddiaların əsassız olduğu üzə çıxdı

Ilham Əliyev müşavirədə Qarabağ münaqişəsinə də toxunub.

“Ermənistanda kriminal diktatura rejimi öz xalqını əzir, xunta xalqın hesabına varlanır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur” – deyə ölkə başçısı bildirib. O, əlavə edib ki, Ermənistan sadəcə danışıqlar prosesini boykot edir, maksimum dərəcədə bu məsələni uzatmağa çalışır.

Ilham Əliyevin bu fikirləri son günlər 7 rayonun geri qaytarılacağı gedən müzakirələrin əsassız olduğunu ortaya qoyur.

Qərbə hücumla iqtidarı qorumaq planı

Müşavirədə ən çox diqqətçəkən məqam Ilham Əliyevin Qərbə meydan oxumasıdır. Ölkə başçısı bildirib ki, Azərbaycana qarşı çirkin kampaniya aparılır, önəmli beynəlxalq tədbirlər ərəfəsində bu, daha da alovlanır: “Bəzi riyakar Qərb siyasətçiləri, erməni pulları ilə özlərinə həyat quran konqresmenlər, senatorlar, islamafob siyasətçilər Azərbaycana qarşı müharibə elan ediblər. Bunun təməlində paxıllıq və bəd niyyət dayanıb. Bu gün əfsuslar olsun ki, Avropada faşizm, irqçilik, islamafobiya, ksenofobiya, antisemitizm baş qaldırır. Yəni bu, təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə, müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələr var, onlar birləşib. Eyni zamanda Azərbaycanda ”beşinci kalon"un qalıqlarının himayədarları bizə qarşı hücuma keçiblər".

Ilham Əliyevin sözlərinə görə, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı Azərbaycana qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoyub.

Əliyev qətnamələri niyə kağız adlandırdı?

Ilham Əliyev bildirib ki, Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qətnamə də anti-Azərbaycan mövqeyini əks etdirir: “Bu qətnamələrin heç bir əhəmiyyəti yoxdur. Bununla bərabər, ikitərəfli formatda bizim Avropa ölkələri ilə problemlərimiz yoxdur. Bir çox halda Avropanın aparıcı ölkələrinin liderləri ilə görüşlər əsnasında əlbəttə ki, bütün bu iradları deyirəm. Deyirlər ki, fikir verməyin. Biz fikir vermirik, əgər fikir versəydik, onların dediklərini edərdik. Burada heç kim onların dedikləri bir şeyi etməyəcək. O qətnamələr bizim üçün kağız parçasıdır, ona görə də heç kim onları heç vaxt icra etməyəcək. Bunu Azərbaycan xalqı da, eyni zamanda o çirkin yazıları tərtib edənlər bilsinlər. Azərbaycanla diktə dili ilə danışmaq olmaz. Azərbaycanla dost, tərəfdaş olmaq olar, biz buna hazırıq. Biz gələcəkdə bu istiqamətdə gedəcəyik”.

Ölkə başçısı Almaniya Bundestaqında Azərbaycanla bağlı çıxarılan qətnamənin üzərində xüsusi dayanıb: “Sual olunur: Almaniya Bundestaqının bizimlə nə işi var? Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyanın hakimidirmi, hamı onlara tabe olmalıdır? Görünür, onlar çox pis öyrəniblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir, onlardan asılı heç nəyimiz yoxdur. Əksinə, bizim qazımız, neftimiz, kontraktlarımız onlara lazımdır. Bizim bu regionda mövcudluğumuz onlara lazımdır”.

Ekspertlər fikrincə, Ilham Əliyevin anti-Qərb ritorikası ilk növbədə komanda daxilində narahatlığı aradan qaldırmağa hesablanıb. Hakimiyyətin beynəlxalq təcridi prosesi, Qərbdən gələn demokratiya çağırışlarının sərtləşməsi hakimiyyət komandasında ciddi təşviş yaradıb. Ilham Əliyev fərqindədir ki, bu təşviş mərkəzdənqaçma meylllərini sürətləndirə bilər. Ona görə də komandanı arxayın salmaq üçün Qərbə qarşı sərt mövqe sərgiləmək yolunu tutub.

Ölkə başçısının çıxarılan qətnamələr barədə aşağılayıcı tonda danışması isə isterikanın təzahürü sayıla bilər. Çünki Avropa Oyunları ilə özünün və iqtidarının imicini düzəltməyə çalışan Ilham Əliyevin gözləntiləri özünü doğrultmadı. Əksinə Əliyevin özü də, komandası da ard-arda zərbələr aldı. Bu qətnamələr isə həmin zərbələri daha sarsıdıcı etdi.

“Bu, əslində etiraf çıxışı idi”

AXCP sədri Əli Kərimli ölkə başçısının iclasda Qərbə qarşı çıxış etməsini özünün facebook səhifəsində dəyərləndirib. Qısa dəyərləndirmədə deyilir:

İlham Əliyevin Nazirlər Kabinetinin iclasında bugünkü çıxışı əslində etiraf çıxışıdır. Öz aləmində Avropa Şurasına, Avropa Birliyinə, Almaniyaya, bütövlükdə Qərbə qarşı “savaş” elan edən dövlət başçısı rəhbəri olduğu rejimin təcrid olunduğunu, hər tərəfdən təzyiqə məruz qaldığını, meydanda tək qaldığını faktiki olaraq etiraf etdi. “Müdrük xarici siyasət”, “balanslı xarici siyasət”, “uğurlu xarici siyasət” dövrləri artıq arxada qaldı. İndi iflas etmiş xarici siyasət dövrü başlayıb. Rejim özü özünü təcrid edib. 
 
Sizin də xatirinizdədir yəqin ki, bir vaxtlar demokratik düşərgədən nələrinsə müqabilində rejim tərəfə keçənlər mövqelərini, düşərgələrini dəyişmələrini “uğurlu xarici siyasət”lə əsaslandırardılar. Əcaba, belələri bundan sonra nəyi bəhanə edəcəklər? Axı rejimin xarici siyasətinin iflasa uğradığını İlham Əliyev özü də etiraf etdi.

İnformasiya şöbəsi