Dönüklüyün və rəzilliyin son həddi

İlham Hüseyn
 

Rauf Arifoğlu indi də hakimiyyətdən “molodes” almaq üçün ağır şəraitdə yaşayan cəbhəçilərdən istifadə edir
 
“Yeni Müsavat” ın “tapıntı”ları davam edir. Ümumiyyətlə, Rauf Arifoğlu hər gün bəşəriyyətə sübut edir ki, xəyanət də bir istedaddır. Bu adam gecə-gündüz AXCP-yə qarşı kompramat axtarır. Axtardığını tapa bilmədiyi üçün dəliyə dönüb. Çünki özünü təslim etdiyi ağaları hesabat tələb edirlər. Əvvəlcə, AXCP əleyhinə olan yazıları müxtəlif başlıqlarla tirajladı. Sonra qovulmuş cəbhəçiləri günaşırı “Yeni Müsavat”a qonaq dəvət edib, pərvanə kimi başlarına fırlandı. Amma bu üsullların heç biri keçmədi və bu “müsahib”lər cəmiyyət üçün mötəbər mənbəyə çevrilmədi.
 
İndi isə Rauf Arifoğlu şeytanın çaşqınlığına səbəb olmuş daha bir addım atıb. Belə ki, ağır şəraitdə yaşayan, xəstə bir cəbhəçinin izinə düşüb və bu adamın bütün problemlərinin səbəbi kimi Əli Kərimlini təqdim etməyə başlayıb. Ən biabırçı vəziyyət isə budur ki, “Yeni Müsavat” həmin cəbhəçinin ağır şəraitdə olan mənzilinin fotolarını da yayımlayıb və bunu da AXCP-nin biganəliyi kimi göstərməyə çalışıb.
 
Deyəsən, Rauf Arifoğlu ötən günlərin xiffətini çəkir. Bir vaxtlar hökuməti kəskin tənqid edən adam, indi içinə sıxılıb qalıb. Ona görə də İlham Əliyevə ünvanlamalı olduğu tənqidləri, Əli Kərimliyə yönəldib. Birazdan Avropa oyunlarna xərclənən 8 milyardın, Binəqədidəki faciəli yanğının, kütləvi intiharların, manatın devalvasiyasının, bankların yüksək faizlə kredit verməsinin, məmur harınlığının günahını da Əli Kərimlinin üstünə atacaqlar. Qətiyyən təəccüblənməyin, Rauf Arifoğlu çoxdandır ki, bütün havalara oynayır. Utanmırsansa, oynamağa nə var ki.
 
Qayıdaq, Rauf Arifoğlunun yeni “kompramat”ına. Əslində, bu ölkədə uçuq daxmada yaşayan 100 minlərlə ailə var. Bəli, Rauf Arifoğlunun səcdə etdiyi hakimiyyət milyonlarla insanı normal mənzil arzusundan məhrum edib. Ağır şəraitdə yaşayan bir insanın vəziyyətindən sui-istifadə etməyin nə qədər böyük mənəviyyatsızlıq olduğunu bir kənara qoyaq.
 
Necə olur ki, cəbhəçinin uçuq evdə yaşamasını Əli Kərimlinin günahı kimi təqdim edən adam, şəhid ailəsinin tövldə yaşamasına görə İlham Əliyevə etiraz edə bilmir? Axrıncı dəfə “Yeni Müsavat” əsl günahkarların adını nə vaxt çəkib?
 
13500 şəhid ailəsinin sığorta pulun da Əli Kərimli mənimsəyib? Bəlkə, Dubaydakı, Londondakı villaların , offşordakı milyardların sahibi də Əli Kərimlidir? Bəlkə, aparıcı banklar, qızıl mədənləri Əli Kərimlinin övladlarına məxsusdur?
 
İnsan mənliyini nə qədər itirməlidir ki, adamların ağır sosial vəziyyətinə görə Əli Kərimlini ittiham etsin. Rauf Arifoğlu elə bilir ki, hamı onun kimi bahalı villada yaşayır, milyonluq ofisdə əyləşir, bahalı avtomobil idarə edir və müxtəlif ranqlı məmurlarla anlaşmaya gedib, pul qazanır. Ümumiyyətlə, bu adam tez-tez özünü unudur. Elə bilir ki, hamı yoluna, əqidəsinə, dostlarına, xalqına, Allahına xəyanət edib. Bəli, Əli Kərimli də şərin himayəsinə sığınsaydı, müxalifətçilik adı alıtında hakimiyyətin iyrənc addımlarına haqq qazandırsaydı, indi Rauf Arifoğludan 100 dəfə varlı adam idi. Üstəlik, ən yüksək vəzifə ilə mükafatlandırılardı. Amma Əli Kərimli də, cəbhəçilər də hər gün “Allah bizi Rauf Arifoğlu olmaqdan qoru” duası edirlər. Həqiqətən də kasıb yaşamaq, aylarla maaş almamaq, təqiblərə, təzyiqlərə məruz qalmaq, siyasi məhbusların fotosunu cırmaqdan, bu hakimiyyətin qazanını yalamaqdan şərəflidir.
 
Siyasi məhbusların fotosunu qəzetindən yığışdıran, vicdanlı insanları şərləyərək həbs edənlərə əl çalan adam, 10-larla siyasi məhbusu olan bir partiyanın liderini nədə ittiham edir? Satılmayanlara, əyilməyənlərə bu qədər nifrət nədəndir?
 
Sən yoluna xəyanət etmisənsə, şərin qarşısında əyilmisənsə, buna Əli Kərimli nə etsin? Sən Əli Kərimlini görəndə kompleks keçrirsənsə, onun kimi ola bilmirsənsə, bunun günahı cəbhəçilərdədimi? Sən şeytanın əvəzinə mələyi daşlayırsanasa, bunun günahını özündə axtar.
 
Axı hansısa cəbhəçinin istefa verməsi, hakimiyyətin anti-xalq siyasətinə və “Yeni Müsavat”ın xəyanətinə haqq qazandırmır.
 
Görünür, Rauf Arifoğlunun Prezident Aparatı qarşısında götürdüyü öhdəlik, hakimiyyətin dünya birliyi qarşısında götürdüyü öhdəlikdən daha ağırdı. Çünki,
 
hakimiyyət demokratik öhdəliklərdən imtina edə bilsə də, Rauf Arifoğlu şər öhədliyindən imtina edə bilmir.
 
Ən dəhşətlidi isə budur ki, bu adam inanclı olduğunu nümayiş etdirir. Allahın qarşısında səcdə edəndən sonra, bəndənin haqqını yemək necə mümkün olur? Axı oruc tutmaq təkcə ac qalmaq deyil. Mədəni ac saxlayıb, qəlbi və ruhu böhtanla doydurmaq da orucu pozur. Bu qədər lənət qazanmağa dəyərmi?
 
Əli Kərimli humanitar yardım göstərən təşkilatın sədri deyil. Sərt avtoritar rejim şəraitində zərrə qədər geri addım atmayan, qərargahı partladılan, rəhbər üzvləri həbsdə olan partiyanın sədridir.
 
Əli Kərimli üzvlərinə ev almaq iqtidarında deyil. Amma evyıxanlarla mübarizə aparmaq iqtidarındadır. Evi haramla qurulanlar təbii ki, AXCP-ni sevməzlər.