Mən bilmirəm ki, Türkiyə cəmiyyəti buna necə göz yumur, niyə ictimai qınağa çevirmir. Bu qədər biabırçı bir olaya, bu qədər böyük yalana necə susmaq olar? Əsl fırıldaqdır! Türkiyənin “Siyasət” jurnalı Türkmənistan prezidentini ilin adamı seçib və ona demokratiya şərəfi ödülü verib. Türkiyə mətbuatı da bundan ağızdolusu yazır. Siyasi dolandırıcılıq və media riyakarlığıdır. Axı orta əsr təfəkkürlü Qurbanqulu Berdıməhəmmədova necə demokratiya ödülü vermək olar? Ödülün adına baxın: “Yılın Devlet Adamı ve Demokrasi Onur Ödülü”. Tanrı sizə ağıl, insaf və bir qədər də yumor hissi versin. Ağılsız və vicdansız adamlar bunu edə bilərdi, amma azacıq yumor hissi olan adam bu addımı atmağa utanardı.
Türkmənistan hara, demokratiya hara… Türkiyənin adını belə ayıb işlərə qatırsınız, bəs yazıq türkmənlərin nə günahı var? Budurmu qardaşlıq – türkmənləri əzən əcaib bir dövlət başçısına demokratiya ödülü vermək?! Bəlkə “sağ ol” deyirsiniz, təşəkkür edirsiniz bu Türkmənbaşıya?
Amma Heydər Əliyevə də Atatürk ödülü vermədinizmi – Atatürkü sevənləri bu ölkədə tapdayan, Azərbaycan xalqına kölə kimi baxan bir dövlət başçısına?!
“Dünya təhsil nazirlərinin ağsaqqalı…”
Dostlardan biri yazır ki, Azərbaycan nazirlərinin uzun müddət vəzifə tutması onu maraqlı bir araşdırma aparmağa sövq edib. Bəs başqa ölkələrdə vəziyyət necədir? Müəyyən edib ki, Misir Mərdanovun 1998-ci ildən (13 il) Azərbaycanın təhsil naziri olduğu müddətdə Türkiyədə 8, Ermənistanda 7, Ukraynada 6, Gürcüstanda 5, Rusiya və Almaniyada isə 3 təhsil naziri dəyişib. Bir sözlə, dünyanın təhsil nazirləri arasında onun kimi 13 il nazir postunda olan şəxs tapa bilməyib. Halbuki, 2002-ci ildə hakimiyyətə gəlmiş AKP hökuməti dövründə – yəni, eyni hakimiyyət zamanında Türkiyənin 6 təhsil naziri olub…
Bəlli olub ki, bizim təhsil naziri öz həmkarları arasında həm də ən yaşlısıdır. Misir müəllim Gürcüstan və Ermənistanın təhsil nazirlərindən 29, Latviyanın təhsil nazirindən 23, Litvanın təhsil nazirindən 21, Türkmənistanın təhsil nazirindən 18, Ukraynanın təhsil nazirindən 17, Qırğızıstanın təhsil nazirindən 15, Türkiyənin təhsil nazirindən 10 yaş və s. böyükdür. Deməli, onu dünya təhsil nazirlərinin ağsaqqalı da hesab etmək olar.
Vircinli Ziya Məmmədov…
Bakı Beynəlxalq Avtovağzalının sahibi Vircin adalarından çıxıb. “Azadlıq” radiosunun müxbirləri Vüsalə Əlibəyli və Nüşabə Fətullayeva jurnalist araşdırması ilə sübut ediblər ki, bu avtovağzal kompleksinin sahibi onu tikən “Bakı XXI Əsr” MMC-nin təsisçisi olan Böyük Britaniyanın Vircin adalarındakı “Trans European Leasing Group” LTD-dir. Sən demə, Bakının avtovağzalı da yoxmuş, paytaxtımız Vircin Avtovağzalının ümidinə qalıb. Sabah Vircin şirkəti avtovağzalı bağlasa, biz nə edəcəyik?
Dəyərli oxucular, bu avtovağzalın açılışında Ziya Məmmədov dövlət başçısı Ilham Əliyevə məlumat vermişdi ki, avtovağzal kompleks Nəqliyyat Nazirliyinin, yəni dövlətin sifarişi ilə “Bakı XXI Əsr” MMCÿ tərəfindən inşa edilib. ÿAmma indi həmin nazirliyin rəsmiləri də etiraf edir ki, vağzal dövlətə deyil, təsisçisi Vircin şirkəti olan “Bakı XXI Əsr” MMC-yə məxsusdur. Bəs dövlətin puluna tikilən bu avtovağzal niyə Vircin şirkətinə məxsusdur. Onu nə vaxt satdılar? Niyə satdılar?
Maraqlıdır ki, əlini hansı şirkətin, hansı mülkün üstünə qoyursan, Panamada, Vircində ya başqa bir Ofşor zonada qeydiyyatdan keçən şirkətə məxsus olduğu ortaya çıxır. Həm də adını ilk dəfə eşitdiyimiz bir şirkətə…