AXCP hakimiyyəti Rusiyaya sığınmaq siyasətindən imtinaya çağırdı

AXCP Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq istəyinə qarşı bəyanatla çıxış edib. Bəyanatda deyilir:

Bugünlərdə məlum oldu ki, Azərbaycan Ermənistan, Kamboca və Nepal ilə birlikdə Şanxay Əməkdaşlıq Təşkilatında "dialoq partnyoru" statusunda iştirak edəcək. Nə qədər acı olsa da, Azərbaycan ictimaiyyəti bunu Rusiya prezidenti Vladimir Putinin bəyanatından bildi. Ölkə rəhbərliyi bu barədə xalqa heç bir məlumat verməyib və hətta Putinin bəyanatından sonra da məsələyə aydınlıq gətirməyib. ‘

Azərbaycanı Rusiyanın Qərbə qarşı iqtisadi-siyasi birlik kimi gördüyü Şanxay Əməkdaşlıq Təşkilatına qoşmaq uzun illər boyu izlənmiş xarici siyasət kursundan imtina demək olar. Bu xəbər Azərbaycan hakimiyyətinin Qərbə qarşı artıq neçə vaxtdır davam edən davakar ritorikasının xarici siyasətdə kardinal dəyişiklikdən qaynaqlandığını deməyə əsas verir. Belə çıxır ki, İlham Əliyev hökuməti əsası hələ 1918-ci ildə, varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulan, müstəqilliyimizin bərpasından sonra davam etdirilən və hətta bu hakimiyyətin banisi olan Heydər Əliyevin də sadiq qaldığı Qərbə inteqrasiya siyasətini xalqdan gizli şəkildə Rusiyanın xeyrinə dəyişməkdədir.

Belə bir addım xalqın maraqlarını satmaqdan başqa bir şey deyil. Çünki Azərbaycanın qarşısında demokratiya və insan haqlarının bərqərar olduğu, firəvanlığın, müstəqil və ədalətli məhkəmələrin, yüksək elmin, təhsilin, səhiyyənin təmin edildiyi Qərbə dərindən inteqrasiya seçimi də var. Azərbaycan hakimiyyəti Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalamaq imkanındaykən, bundan yayınır və əvəzində avtoritar ölkələrin birləşdiyi Şanxay Əməkdaşlıq Təşkilatında özünə yer edir.

Hazırda Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verir, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bəyan edir. Elə bugünlərdə AB parlamenti ərazi bütövlüyümüzü dəstəkləyən növbəti qətnamə qəbul edib, birliyin böyük dövləti Almaniyanın parlament və hökuməti Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Qarabağı işğal etməsini açıq şəkildə pisləyib. Azərbaycan hökumətinin Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaqla sığındığı Rusiya isə daim Ermənistanı silahlandırıb və silahlandırmaqda davam edir. AB ölkəmizə, onun milli maraqlarının qorunmasına, gələcək inkişafına bunca imkanlar yaratdığı halda onunla inteqrasiyadan yayınıb işğalçı ilə birlikdə işğalçının himayədarının təşəbbüsü ilə qurulan anti-Qərb struktura inteqrasiya etməkdə məqsəd nə ola bilər? Niyə xalqla heç bir məsləhətləşmə olmadan belə strateji qərar verilir?

Bu addım Azərbaycan hakimiyyətinin xalqdan ayrı düşdüyünün, onun maraq və mənafelərini ifadə edə bilmədiyinin daha bir görsənişidir. Hakimiyyət bununla növbəti dəfə xalqa münasibətdə saymazyana, onunla hesablaşmadan davrandığını nümayiş etdirir, xalqı saya almadan onun taleyini müəyyənləşdirmək istəyir.

AXCP bu xalqa zidd siyasətə kəskin etirazını bildirir. Partiya hakimiyyətdən tələb edir ki, Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq niyyətindən imtina etsin, Avropa Birliyinə, Qərb strukturlarına inteqrasiya üçün real tədbirlərə başlasın. AXCP bəyan edir ki, avtoritar rejimlər blokunda yer almaq Azərbaycana heç bir işıqlı perspektiv vəd etmir və indiki hakimiyyəti də tarixin arxivinə qovuşmaq zərurətindən sığortalamır. Əksinə, demokratik dünya ilə inteqrasiya bütövlükdə ölkəmiz və xalqımızın maraqlarına cavab verməklə, indiki hakimiyyətin gələcək siyasi taleyinə də müsbət təminatlar yaratmış olar.