
Sammit iştirakçıları Afinanın avrozonadan xaric edilməməsinə dair qərar qəbul ediblər. Lakin bunun müqabilində Yunanıstan xarici kreditorlar qarşısında götürdüyü borc öhdəliklərini dəqiqliqlə yerinə yetirməlidir.
Avrozona liderləri Yunanıstana üçüncü yardım paketinin ayrılması məsələsi barədə yekdilliklə razılığa gəliblər.
Avropa Birliyi prezidenti Donald Tusk bildirib ki, Yunanıstana yardım proqramı üçün “hər şey hazırdır”.
Donald Tusk deyib ki, bu proqram ciddi islahatlar və maliyyə yardımını nəzərdə tutur. Avropa Komissyasının başçısı Jan-Klod Yunker isə bildirib ki, Yunanıstanın avrozonadan müvəqqəti çıxarılması təklifi qəbul edilməyib.
Almaniya kansleri Angela Merkel deyib ki, avrozona liderləri Yunanıstana üç il ərzində 86 milyard dollar borc verməyə razılaşıblar. Eyni zamanda sammitdə Yunanıstanın borc öhdəliklərinin yumşaldılması qərara alınıb, lakin bu ölkənin borclarının bir hissəsinin silinməsinə dair Afinanın müraciəti rədd edilib.
Toplantı iştirakçılarına yaxın mənbə Yunanıstana üçüncü paket yardımın ayrılması qərarını şərh edərkən deyib: "Bu yardım proqramı Afinanın öz öhdəliklərini yerinə yetirməsi ilə bilavasitə əlaqəli olacaq. Yunanıstan ancaq pensiya və vergi sahəsində islahatların tətbiqini də nəzərdə tutan altı qanun layihəsini tətbiq etməyə başladıqdan sonra AB liderləri bir daha sammit keçirəcək və üç il davam edəcək 90 milyard dollar məbləğindəki yardım proqramının davamına rəy verəcək".