Maskalı və maskasız soyğunlar

Bir soğan soyuluyor,
yaşarıyor gözler.
Bir devlet soyuluyor,
aldırmıyor öküzler..
(Şair Eşref)

Kaliforniyada iki “yaradıcı” oğru prezident Barak Obamanın maskasında 15 soyğun hadisəsi törədib. River Robinson və Frenki Ernandes adlı həmin şəxslər bunu qısa zaman müddətində həyata keçiriblər. Cinayətkarlar mağazalara da əl uzadıb, amma əsas hədəfləri yanacaqdoldurma məntəqələri olub. Onlar 40 gün müddətində 11 belə obyekti qarət ediblər. “Oğurluqla əyrilik 40 gün gedər” məsəli yerinə düşür burada, deyəsən. Yəni kimin maskasını taxırsan, tax, belə şeylər örtülü qalmaz, hökmən çıxar bir yerdə açığa. Ən “usta” oğrular belə hardasa bir boşluq buraxır və həmin boşluq sonda onu ələ verir. Indi nəinki dirigözlü adamları, heç özünü ölülüyə vuranları da aldatmaq olmur. Tarixdə belə bir qəribə oğurluq hadisəsi də olub. Cake Fen adlı bir macar həyat yoldaşını qorxutmaq üçün özünü asmış oyunu qurub. Evə gələn qadın ərini “asılmış” görüncə ürəyi gedib. Sonra qapını açıq görən qonşu qadın evə girib və iki “ölü” ilə qarşılaşınca evi soyub aradan çıxmaq istəyib. Topladığı qənimətlə tələsik evi tərk etmək istəyən qadına Cake gözlənilmədən bir badalaq atıb. Cəsədin dirildiyini düşünən qadın qorxudan yıxılıb ölüb. Məhkəmə isə haqlı olaraq Cake Fenə bəraət verib…
Xülasə, maskalı və ya maskasız, oğurluq haramdır. Onu önləməli olan hüquqlar gücsüz qalanda da, fəlakət baş verir.  Hüquqlar gücsüz qalmasa, kiçik oğurluqlardan böyük oğurluqlar, böyük oğurluqlardan böyük cinayətlər törəyərdimi heç? Insanlar belə asanlıqla alışardımı soyğunun adi bir həyat normasına çevrilməsinə? Korrupsiya, rüşvət cibgirlik kanalları ilə üzüaşağı uzanan qorxunc bir piramida ortaya çıxardımı bu özbaşınalıqların sonunda? Xırda, fərdi oğurluqlar yumaq kimi sarına-sarına böyüyüb hökumətin bütün istiqamətlərini qanadlarına ala bilərdimi? Mənasız infrastruktur işləri, abadlaşdırma, modernləşdirmə maskası altında bu qədər qarət və talan baş verə bilərdimi? Xalqın gözünün dikənəcəyi olan pullar silinib şou proqramlarına, oyunlara, əyləncələrə sərf olunardımı? Sadə insanları ac-yalavac həyatla baş-başa buraxan bir qrup, haram milyardlar ilə sərhəd tanımadan zövq-səfa sürməyə cəsarət edərdimi?  
Bəli, hər bir soyğunun maskasını çıxarmaq hüququn, qanunun işidir. Bunu tələb etmək də vətəndaşın. Axı bu ölkənin vətəndaşı neft gəlirləri axmağa başladığı gündən bu yana ölkənin xəzinəsinə yığılan 115 milyard dolların hesabını niyə sormur, qəribə deyilmi? Axı bu milyardlarda onun haqqı, əməyi, alın təri, göz yaşı var. Axı o milyardlar bu ölkə əhalisinin azad, firavan, zəngin yaşaması üçün xərclənməli idi. Bəs hanı, hara getdi o pullar? Nələr dəyişdi həyatınızda, ağzınız nə qədər dada gəldi, gözünüz nə qədər sevindi, ayaqlarınız nə qədər dincəldi? Indi buna cavab verəcək halınız belə yox, bilirəm. Milyardlar uçub gedib, amma siz hələ də kredit borclarının içində boğulursunuz, övladlarınızın təhsil haqqını ödəmək probleminiz qalır, maaşınız 200 manatdan yuxarı qalxmayıb, təqaüd yaşına çatanda acından ölmək qorxusu yaşayırsınız. Nə oldu indi, buna yaşamaqmı deyirlər? Sözsüz, ölkədə bir soyğun var. Bu soyğunu aparanların maskasını çıxarmaq hüququn işidir, bir də vətəndaşın. Siz vaxtında üzərinizə düşəni etsəydiniz, iş bura qədər gəlib çıxmazdı. Keşkə etsəydiniz…